Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Akademik Rasim Əliquliyev AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru seçilib

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi Yığıncağının onlayn iclasında AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru vəzifəsinə seçkilər keçirilib.
AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsindən verilən məlumatda bildirilir ki, açıq səsvermədən öncə çıxış edən FRTEB-in Elmi şurasının sədr müavini, akademik Cavad Abdinov qeyd edib ki, AMEA prezidentinin təqdimatına və AMEA Rəyasət Heyətinin 8 yanvar 2021-ci il tarixli qərarına müvafiq olaraq, adıçəkilən vəzifəyə akademik Rasim Əliquliyevin namizədliyi irəli sürülür.
Akademik Cavad Abdinov qeyd edib ki, akademik Rasim Əliquliyev nüfuzlu beynəlxalq bazalarda (Web of Science, Scopus və s.) 180-dən çox olmaqla 650 elmi əsərin (400-dən çoxu xaricdə) müəllifi, 20-dən çox beynəlxalq və respublika səviyyəli elmi jurnalın redaksiya heyətinin üzvüdür. Rasim Əliquliyev 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilib. Alim 2013-2019-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi olub. Akademik Rasim Əliquliyev AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin rəhbəri, 2002-ci ildən İnformasiya Texnologiyaları İnstitutunun direktorudur.
Alimin milli informasiya təhlükəsizliyi sisteminin konsepsiyasının hazırlanması və reallaşdırılması üçün bir sıra yanaşmalar təklif etdiyini qeyd edən akademik Cavad Abdinov vurğulayıb ki, akademik Rasim Əliquliyev, həmçinin strateji əhəmiyyətli mürəkkəb texniki sistemlərin layihələndirilməsi və tətbiqi işlərinə töhfələr verib: “Akademik R.Əliquliyev Azərbaycan Respublikasının “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası”nın və Avropa Birliyinin nəzdində fəaliyyət göstərən GEANT Baş Assambleyasının üzvüdür. Alim Azərbaycan Respublikasının “Tərəqqi” medalı və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub”.
Onlayn iclasda akademik Rasim Əliquliyevin elmi və elmi-təşkilati fəaliyyəti bölmənin həqiqi və müxbir üzvləri tərəfindən geniş müzakirə olunub və yüksək qiymətləndirilib.
Daha sonra açıq səsvermə ilə akademik Rasim Əliquliyev AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru vəzifəsinə seçilib və təsdiq edilməsi üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul olunub.
 

“Xalq qəzeti”

6 Aprel 2021 02:24 - ELM
ELM
11 Aprel 2021 | 01:58
Alim-pedaqoqun uğur düsturu

Köhnə versiyamızdan xəbərləri izlə