Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ədəbiyyat Muzeyinin əməkdaşları Rusiyada keçirilən beynəlxalq tədbirdə çıxış ediblər

Rusiyanın “Ermitaj" muzeyində “Muzey və mədəni turizm problemləri” mövzusunda XIX beynəlxalq tədbir keçirilib. İtaliya, Rusiya, Qazaxıstan və digər ölkələrin nümayəndələrinin qatıldığı  tədbirdə AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşları -  Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin müdiri, kulturologiya üzrə fəlsəfə doktoru Nailə Əliyeva və Ekspozisiyanın qorunması, izahı və audio müşayiətin təmini şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərova  iştirak ediblər.

Nailə Əliyevanın “Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fəaliyyətində müasir texnologiyaların tətbiqi” və Sevinc Heydərovanın “Nizami muzeyi: dünən və bugün” adlı məruzələri maraqla qarşılanıb. Təqdim olunan məruzələrdə Nizami muzeyinin yaranma tarixi, 1941-ci ildə Böyük vətən müharibəsinin ağır günlərində Nizami Gəncəvinin 800 illiyinin "Ermitaj"da qeyd olunması, bu il isə dahi şairin 880 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncam barədə ətraflı məlumat verilib. Ədəbiyyat Muzeyində yeni ekspozisiyanın qurulması və son illərdə aparılan islahatlardan, eləcə də Nizami Muzeyinin 80 illik yubileyi ilə bağlı keçirilən tədbirlərdən, “Söz məbədi” adlı ikihissəli sənədli filmdən, “80 ilin güzgüsü” adlı yubiley nəşrindən  bəhs edilib. Mövcud pandemiya şəraitində muzeyin onlayn fəaliyyətinin kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə işıqlandırılması xüsusi qeyd olunub.


Qabil YUSİFOĞLU, “Xalq qəzeti”

3 Aprel 2021 23:56 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə