Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ və Ukrayna prezidentləri arasında telefon danışığı

ABŞ və Ukrayna prezidentləri Cozef Bayden və Vladimir Zelenski arasında telefon danışığı olub. ABŞ lideri söhbət zamanı Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edib. Bu barədə Ağ evin mətbuat xidmətinə istinadən TASS məlumat yayıb.

 

Bundan əlavə, Prezident Bayden Ukrayna ilə korrupsiyaya qarşı mübarizə və islahatların həyata keçirilməsi sahələrində strateji tərəfdaşlığa sadiqliyini təsdiq edib. Ağ evin bununla bağlı məlumatında deyilir: “

Bayden Prezident Zelenskinin Ukrayna xalqının təhlükəsizliyini və çiçəklənməsini təmin edəcək korrupsiya ilə mübarizə və islahatlar proqramına dəstəyini və bizim strateji tərəfdaşlığımızın fəallaşdırılmasına sadiqliyini ifadə edib. İki ölkə liderləri razılaşıblar ki, həyata keçirilən islahatlar Ukraynanın avroatlantik məkana inteqrasiya cəhdləri üçün çox vacibdir”.

Tərəflər, eyni zamanda, ABŞ və Ukraynanın pandemiya ilə mübarizə və regionda demokratiyanın möhkəmləndirilməsi sahəsində sıx əməkdaşlıq etməsinin vacibliyi ətrafında fikir mübadiləsi aparıblar. Bayden Zelenskiyə “Ukraynadakı vəziyyətdən qayğılandığını” və Kiyevə səfər etmək arzusunda olduğunu bəyan edib. Bu, Baydenin prezidentliyə başladığı vaxtdan bəri Zelenski ilə ilk söhbətidir. Ukrayna Prezidenti isə özünün “Twitter”ində yazıb ki, amerikalı həmkarı Cozef Baydenlə söhbəti zamanı Donbasda sülh yaratmağa can atdığını bildirib: “Cozef Baydenlə söhbətimdən çox məmnunam... Mən Ukraynada islahatlar aparmaqda, iqtisadiyyatda şəffaflıq yaratmaqda və sülhə nail olmaqda israrlıyam. ABŞ-la tərəfdaşlıq ukraynalılar üçün həlledici əhəmiyyət daşıyır”.

Zelenski əlavə edib ki, Ukrayna ABŞ-ın müxtəlif səviyyələrdəki dəstəyini çox yüksək qiymətləndirir: “Ölkəmizdə demokratiyanın qorunub saxlanılması məsələsində biz çiyinçiyinə dayanırıq”.

Zelenski sonra xalqa videomüraciətində deyib ki, Baydenlə ABŞ-ın “Krım platforması”nda iştirakı və Donbasdakı vəziyyət barədə də ətraflı müzakirə aparıb. Ukrayna lideri bildirib: “Prezident Bayden məni əmin etdi ki, Ukrayna Rusiya qarşısında tək qalmayacaq”.

 

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

4 Aprel 2021 02:32 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
14 Aprel 2021 | 09:32
Rudolf Anşober istefa verib
13 Aprel 2021 | 03:04
E.Blinken xəbərdarlıq edib

Köhnə versiyamızdan xəbərləri izlə