Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Yaxın Şərqdəki qüvvələrini azaltmağı planlaşdırır

ABŞ Prezidenti Co Bayden Fars körfəzindəki hərbçilərin və silahların bir hissəsinin çıxarılmasına başlamaq barədə Pentaqona göstəriş verib. Vaşinqtonun Yaxın Şərqdəki qüvvələrinin azaldılması planlaşdırılır. Bu barədə “The Wall Street Journal” qəzetinə istinadən TASS xəbər verib.

 

Qəzetin mənbəsi bildirib ki, Birləşmiş Ştatlar artıq regiondakı azı üç “Petriot” zenit-raket kompleksi batareyasının yerini dəyişib. Son illərdə bu batareyalardan biri ABŞ qüvvələrini qorumaq üçün Səudiyyə Ərəbistanındakı aviabazada yerləşdirilib.

Bundan əlavə, əvvəlcə ABŞ-ın raket əleyhinə müdafiə komplekslərinin də çıxarılması nəzərdə tutulsa da, sonradan onların hələlik saxlanılması qərara alınıb. Amma Yaxın Şərqdən bir sıra kəşfiyyat sistemlərinin çıxarılması planlaşdırılır.

Eyni zamanda, regiona göndərilən “USS Dwight D. Eisenhower” atom aviadaşıyıcısının orada qalma müddəti azaldılır. Bu isə o deməkdir ki, regiondan fasilələrlə təxminən min hərbçi çıxarıla bilər. Qeyd edilir ki, 2020-ci ilin sonunadək regionda təxminən 50 min ABŞ hərbçisi olub.

Mənbə bəyan edib ki, hazırda Pentaqon Səudiyyə Ərəbistanı ərazisinin qorunması vəzifəsini Vaşinqtonun boynundan Ər-Riyadın boynuna keçirməyə hazırlaşır. Əlavə olaraq Səudiyyə hərbçilərinin hazırlanması və onlara yeni silahların verilməsi imkanları da nəzərdən keçirilir. Bayden adminstrasiyası Səudiyyə Ərəbistanı krallığı ilə münasibətləri “yenidən qurmaq” niyyətində olduğunu dəfələrlə bəyan edib.

ABŞ-ın Yaxın Şərqdə mövcudluğunu azaltmaq planları barədə 2020-ci ilin axırlarında sabiq prezident Donald Tramp da bildirmişdi. Xüsusilə İraqdan 2 min ABŞ əsgərinin çıxarılması haqqında danışılırdı. Yaxın Şərqdə hərbi kontingentin ixtisarı məsələsi Baydenin də seçkiqabağı vədlərindən biri idi.

Ancaq bu ilin yanvarında Pentaqon bəyan etmişdi ki, “Nimitz” aviadaşıyıcısını Fars körfəzindən çıxarmayacaq.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

3 Aprel 2021 03:22 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
14 Aprel 2021 | 09:32
Rudolf Anşober istefa verib
13 Aprel 2021 | 03:04
E.Blinken xəbərdarlıq edib

Köhnə versiyamızdan xəbərləri izlə