Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağın zəngin turizm potensialı var

Azərbaycanda son illər turizmin inkişafı istiqamətində böyük işlər görülsə də, ölkəmizin bu sahədə ən böyük potensiala malik Qarabağ və ətraf rayonları indiyədək işğal altında olduğundan proseslərdən kənarda qalmışdı. İlin dörd fəslində füsunkar təbiəti ilə qonaqları heyran edən, saf havası, müalicəvi suları, tarixi abidələri ilə dillərdə dastan olan bu diyar artıq yağı tapdağından azad edildi. Bu gün gündəmdəki əsas mövzulardan biri də işğaldan azad olunmuş ərazilərimizdə turizmin inkişaf etdirilməsidir.

 

Mən də bu sahədə çalışan şirkətlərdən birinin rəhbəri kimi deyə bilərəm ki, Qarabağın işğaldan azad olunması Azərbaycan turizminin inkişafına güclü təkan verəcək. Mən Prezidentimiz İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə – Ağdama, Zəngilana, Füzuliyə, Cəbrayıla, Qubadlıya, Şuşaya və Hadruta səfərlərini televiziya vasitəsilə diqqətlə izlədim. Bu səfərlər zamanı çıxışlarında cənab Prezident dəfələrlə vurğulamışdır ki, biz erməni vandallarının darmadağın etdiyi şəhər və kəndlərimizi əsl cənnətə çevirəcəyik. Azərbaycan xalqı buna inanır və öz rəhbərinin qurucu və yaradıcı lider olduğunu yaxşı bilir. Biz turizm işçiləri də əminik ki, bu yerlərə yaxın gələcəkdə böyük turist axını olacaq.
Dövlət başçımız 2020-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş videokonfransda demişdir: “Qarabağ bölgəsinin çox zəngin turizm potensialı vardır. Ona görə indidən turizm marşrutları işlənib hazırlanmalıdır ki, artıq həyat bu bölgəyə qayıdandan sonra vaxt itirmədən turizm sektoru da inkişaf etsin. İndidən beynəlxalq turizm sərgilərində – pandemiyadan sonra bu sərgilər bərpa ediləcək – Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstərilməlidir ki, biz bu bölgəni doğrudan da dünya üçün çox cəlbedici bölgə kimi təqdim edək. Nəzərə alsaq ki, Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək”.
Hazırda Prezidentin tapşırığı ilə Dövlət Turizm Agentliyi işğaldan azad edilmiş ərazilərin turizm inkişaf strategiyası və siyasətini hazırlayır. Söz yox ki, turizm məhsullarının hazırlanması həmin ərazilərdə turizm infrastrukturunun qurulması ilə paralel aparılacaq. Əlbəttə, turistlərin təhlükəsizliyinin təmin olunması başlıca vəzifədir. Əhalinin geri qayıdışı, yaşayışın və infrastrukturun bərpası ilə paralel olaraq orada turizm məhsulları da yaradılacaq. Nəqliyyat infrastrukturunun, mülki infrastrukturun yaradılması və investisiyalar üçün şəraitin qurulmasına artıq start verilmişdir.
Gələcəkdə Füzuli-Xocavənd-Şuşa-Laçın, Füzuli-Cəbrayıl-Zəngilan, Zəngilan-Qubadlı-Kəlbəcər-Laçın, Bərdə-Ağdam istiqamətlərində turizm marşrutlarının təşkili nəzərdə tutulur. Regionların ayrı-ayrılıqda turizm potensialında Şuşa yüksək qiymətləndirilir. Burada mədəni tədbirlərin təşkili, festivallar, turizm məhsulları təqdim edilə bilər. Laçın-Kəlbəcər istiqamətində təbiət, qış turizmi və sağlamlıq turizmi, Qubadlı-Zəngilanda mədəniyyət və təbiət, Füzuli- Ağdam-Cəbrayılda isə mədəniyyət və işğalın nəticələrini göstərmək üçün bəzi tikililər saxlanılmaqla turistlər üçün nümayiş etdirmək lazımdır. Çünki turizmin iqtisadi tərəfi ilə yanaşı, siyasi-təbliğati tərəfi də var.
Bu bölgəyə turist axını üçün əlverişli coğrafi şərait yaratmaq mümkündür. Xudafərin vasitəsilə İran, Naxçıvan üzərindən isə Türkiyə turistlərinin gəlməsi mümkün olacaq. İşğaldan azad edilmiş ərazilərə bu iki istiqamətdən turist axını gözlənilir. Azərbaycan turizminin prioritet bazarı var ki, bu istiqamətdə də işlər aparılması zəruridir.
Məlumdur ki, hələ sovet dövründə də ümumittifaq əhəmiyyətli marşrutlar içərisində Qarabağ marşrutu çox populyar idi. Şuşada balneoloji mərkəzlər mövcud olub, orada kanat yollarının çəkilməsi üçün 42 il öncə verilmiş anonslar da var . Əfsuslar olsun ki, biz o günü görmədik. Bu bölgədə dini, ekoloji, aqroturizm, eləcə də turizmin digər növləri üçün əlverişli imkanlar var.
Şuşada, həmçinin turizmin cüclü inkişaf potensialı var. Bu şəhərdə Pənahəli xanın sarayı, Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi, Şuşa mağara düşərgəsi, Şuşa qalası kimi tarixi abidələr və muzeylər ziyan görsə də, sürətlə bərpa aparılır. Şuşa tarixi, sağlamlıq və mədəni turizm üçün böyük imkanlara malikdir. Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, Şəmilin bulağı, Cıdır düzü və s. turizm üçün geniş perspektivlər vəd edir. Turşsu şəfalı və müalicəvi suyu isə sağlamlıq turizminin inkişafına gətirib çıxaracağı şübhəsizdir. Şuşa həm də Qarabağ xalçaçılıq sənətinin mərkəzlərindən biri kimi inkişaf imkanlarına malikdir.
Mənə belə gəlir ki, dövlət, özəl sektor və alimlərin birgə səyi sayəsində Dağlıq Qarabağın sıfırdan turizm potensialı imkanları işlənib hazırlanmalıdır. Onlar Qarabağın həm təbii, həm də antropogen turizm resurslarını nəzərdən keçirməlidirlər. Qarabağda turizmin inkişafı üçün yeni marşrutlar yaradılmalıdır. Dağlıq ərazi olduğundan, dağ və alpinizm turizmi xüsusi qeyd edilməlidir. Bundan başqa, gəzintilər, aktiv və ekstremal turizmi inkişaf etdirmək mümkündür.
Təkcə Zəngilanda çoxlu sayda termal su mənbələri mövcuddur. Burada tarixi və dini abidələr, çinar meşəsi var. Belə hesab edirəm ki, təbiətinin zənginliyinə görə Qarabağın gələcəyi daha çox ekoturizmlə bağlı olacaq. Bundan məharətlə istifadə etsək, Qarabağı dünyada mühüm ekoloji turizm məkanlarından birinə çevirəcəyik.
Xudafərin körpüsü, Azıx mağarası gələcəkdə turist marşrutu ola bilər. Mədəni-tarixi abidələrimiz dağıldılsa da, onların bərpasından sonra həmin istiqamətlərə turların təşkili mümkün olacaq.
Gələcəkdə İranla bu sahədə əməkdaşlıq inkişaf etdirilməlidir. Türk birliyinin müasir İpək yolu layihəsi mövcuddur. Azərbaycana daxil olmaq üçün Qars-İğdır-Naxçıvan marşrutu, İran ərazisindən dəmir yolu xəttinin çəkilməsi mümkün ola bilər. Burada marşrutlar təyyarə ilə nəzərdə tutulsa da, dəmir yolunun çəkilməsi tur paketin maya dəyərini də aşağı salacaq.
Hazırlanacaq baş fəaliyyət planının içərisində turizm də çox böyük yer alacaq. Bu da Azərbaycanda daha çeşidli turizm xidmətlərinin təklif olunmasına gətirib çıxaracaq.
Güman edirəm ki, bu il əsas diqqət daxili turizm və Qarabağın turizm potensialının inkişaf etdirilməsinə yönəldiləcək. Mərhələli şəkildə beynəlxalq səyahətlər yenidən başlayacaq. Ona görə də Azərbaycanın beynəlxalq aləmdə turizm potensialının təbliği istiqamətində işlər sürətləndiriləcək.
Bu da aydındır ki, işğaldan azad edilmiş ərazilərdə infrastruktur bərpa olunduqdan sonra, ilk növbədə, Azərbaycan vətəndaşlarının həmin ərazilərə səfərləri gözlənilir. Çünki illərlə həsrətində qaldığımız yerləri gəzmək, görmək istəyəcəyik. İkinci böyük auditoriya potensialı xaricdə yaşayan Azərbaycan diasporu nümayəndələridir. On milyondan çox azərbaycanlı, elə bizim hamımız üçün mədəni mərkəzə çevrilmiş Şuşanı görməkdə maraqlı olacaq. Qarabağ ərazisi on illərdir qapalı qalıb. Təbiətinə, mədəniyyətinə, tarixinə görə bu yerləri gəzmək hər kəs üçün maraq doğuracaq.
Rəhbərlik etdiyim “Atlant” turizm şirkəti də Qarabağda turizmin inkişafında əhəmiyyətli rol oynamağa hazırdır.
 

Tahir QƏDƏŞOV,
“Atlant” Ailəvi İstirahət və Əyləncə Mərkəzinin rəhbəri

2 Aprel 2021 02:50 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə