Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağoğlan və Ağqız kilsələri

Albaniyanın kilsə və monastırları ermənilərə yox, Azərbaycanın yerli xristian icmalarına – Uti, Dədə, Arduc, Abas, Alagöz, Dizax, Dəvəli, Qoşqar, Car, Cuğa, Çanaxçı, Sadaxlı və başqalarına məxsusdur.

Həmin kilsə və monastırlarda Alban əlifbası ilə salnamələr yazılır, dua kitabçaları hazırlanırdı. Albaniyanın qədim kilsələrinin biri Ağoğlan, digəri Ağqız icmalarına aid idi.
Ağoğlan və Ağqız İsa məsih və bakirə Məryəm kultunun çox qədim türk variantıdır. Arxaik türk inancına görə ağoğlanlar bakirə qızların göbəyindən çıxırdılar.
Azərbaycan ərazisində islamiyyətdən sonra o əfsanə unudulmuşdur. Yakutlar, tuvalar, uyğurlar isə indiyədək öz yaddaşlarında o inancın izlərini yaşadırlar.
Ermənilərin Axtamar, Ağçinik, Amaras adlandırdıqları kilsələrin qədim adı Ağtamar, Ağoğlan, Ağqız olmuşdur. Həmin kilsələr xristianlıqdan əvvəl oğlan və qız məbədləri idi. O məbədlərdə ilahələrin qızıl, bürünc, mərmər bütləri saxlanırdı.
Xristianlığın ilk illərində Suriyadan, Fələstindən gələn keşişlər məbədləri dağıdır, bütləri sındırır, ağac pirləri kəsdirirdilər. Bu da insanların qəzəbinə səbəb olurdu. Ona görə də keşişlər kilsələri qədim məbədlərin bünövrəsi üzərində tikdirməyə başladılar. Bütləri sındırmayıb zirzəmilərə yığdılar.
Suriyalı keşişlər uzun müddət kilsələrə çevirdikləri məbədlərin adlarını da dəyişdirə bilmədilər. Albaniyanın, İveriyanın, Van gölü vadisinin yerli türk icmaları uzun illər öz kilsələrini xristianlıqdan öncəki məbədlərini adları ilə adlandırdılar. Çox sonralar Xatun monastırına Mariya, Ağoğlan kilsəsinə Amaras adı verildi. Kür çayı boyundakı Almaz dağının ətəyindən tapılan bir qəbir daşına yazılıb: - Mən Mariya, Saltux övladı, xristianlıqdan əvvəlki adım Xatun idi (Меликсетбеков 1938.s.73).
Elə bir erməni tapa bilməzsiniz ki, Xatun adının bizə aid olmadığı barədə mübahisəyə girişsin. Vladimir Yolçuyevin general babaları Qafqazı işğal edənə qədər katolikos Nikolayın (1676-1700) erməniləşdirdiyi Mariya qız məbədi Xatun adlanırdı (Мелuксетбеков 1938.1.66). Bundan əlavə , Sunik mahalında Məvazi-Xatun adlı vilayət var idi (Шопен 1866.1.65). Məvazi-Xatun Məryəm xatunun yurdu, müqəddəs məkanı deməkdir. Albaniyanın tarixi mahalları olan Sunik, Qapan kilsə salnamələrində Məryəm ana xatun, Adəm ata Atamxan adlandırılır.
Bakirə Məryəmi Xatun adlandıran türklərin bir nəsli də Abxaziyada yaşayırdı. Erməni və gürcü tarixçiləri inkar etsələr də, biz bu fikrin təsdiqini fransız qafqazşünası Mari Brossenin 1828-ci ildə Parisin Asiya Cəmiyyətindəki məruzəsində açıq-aydın görürük (Буаридзе 1983.1.224).
Qəbir daşları üzərindəki bu yazılar göstərir ki, yalnız Albaniyanın yox, Abxaziyanın, Acarıstanın, Van gölü vadisinin ilk xristian icmalarının çoxu türk olmuşdur.
Qriqorinin Albaniyada sökdürdüyü məbədlərin biri Ağoğlan, biri Ağqız icmasına məxsus idi. Həmin icmalar indi Dağlıq Qarabağ adlanan Ağbağ mahalında yaşayırdılar. Ağbağ nəslindən Həsən Cəlalın atası Xaçın hakimi Vaxtanq çıxmışdır. Ermənilər Ağbağ nəslindən olan elm və din xadimlərinin soyadlarını Axbaxetsi, H`Axbaxetsi kimi yazmaqla uzun zaman tədqiqatçıların diqqətini yayındırırdılar (Киракос Гандзакеци 1946.s.135,273,280).
İudeya mənşəli ermənilərin – baqratunilərin iddialarına görə, kilsələrin Amaras adı Ağoğlandan qədimdir. Guya Laçının Ağoğlan kəndinin əhalisi sonralar Amaras kilsəsini Ağoğlan adlandırmışdır. İstər Amaras olsun, istər Ağoğlan – hər ikisi türk etnotoponimidir.
1954-cü ildə Zelik Yampolskinin Azərbaycan Tarix İnstitutunun əsərlərində məqaləsi çap olundu. Məqalədə göstərilirdi ki, Ağoğlan kilsə adları Amarasdan əvvəlki dövrə aiddir (Ямпольский 1954.s.100-108). Elmlər Akademiyasının beşinci, altıncı, yeddinci mərtəbələrində aləm bir-birinə dəydi, donos donos dalınca yazıldı.
Adı bizdən olanlar yevrey əsilli alimi türkçülükdə ittiham edirdilər. Ancaq gec idi. İosif Vissarionoviç Cuqaşvili (Stalin) bir il idi ki, ölmüşdü. Stalinizmin bizi Sibirə, yevreyləri Birobicana aparan qatarları sınıb yolda qalmışdı.
Ağoğlan İsa məsihin, Ağqız bakirə Məryəmin arxaik türk variantlardır. Bizim mifik təxəyyülumüzdə o inanc xristianlıqdan çox qabaq, Musa peyğəmbər Misirdən Fələstinə köçüb gələndə var idi. Biz islamiyyətdən sonra o inancı unutduq. Yakutlar, tuvalar isə unutmadılar, yüz illərlə ürəklərində yaşatdılar.
Yakutların və uyğurların inancına görə, Ağoğlan insanların ilk atası, Agqız isə insanların ilk anasıdır. Ağoğlan anadan olanda Ağ Ana – ağacdan doğulan qadın onu əmizdirir, əlinə od, su, dəmir verir (Bahaeddin Ögel 1971.s.55, 101-103).
Körpə oğlan uşağının əlinə od, su, dəmir vermək ona alplıq, ərənlik verilməsinə işarədir. Babalarımız dəmiri ocaqda qızdırıb, döyüb suya salmaqla qılınc, xəncər düzəldir və silahlanıb düşmənləri məğlub edirdilər.
Ağacdan doğulma inancının izləri epizodik olsa da, Dədəmiz Qorqudun kitabında qorunub qalmışdır. Basat ondan əsil-nəcabətini soruşan Təpəgözə deyir: – “Anam adın sorar olsan, qaba ağac” (KDQ 1988.s.102). Qaba ağac gövdəsi hamilə qadın bədəni kimi qabarmış ağac deməkdir. Gövdəsi qabarmış ağaclardan alp ərənlər, ağoğlanlar çıxırdılar.
Vaxtilə Qarabağda Ağoğlu, Ağoğlan, Ağqız, Dağıstanda və Şirvanda Qızlar, Qızoğlu kəndlərinin varlığı göstərir ki, İsa məsihə Ağoğlan, bakirə Məryəmə Ağqız deyən əcdadlarımız Azərbaycanın qədim sakinləridir.
Molla Pənah Vaqifin Ağqız nəslindən Piri adlı dostu var idi. Şair ona xitabən yazır:
Quşçu Namazəli fərağındadır,
Ağqız oğlu Piri sorağındadır.
Ağqız oğlanları eradan əvvəl 782-ci ildə Urartu çarları ilə vuruşa-vuruşa Göyçə gölü vadisində Ağova şəhərini saldılar. E.ə. II minilliyə aid Xurrit yazılarında onların ölkəsi Akia, e.ə. I minilliyə aid Urartu kitabələrində Axiani adlandırılır ( Мещанинов 1929.s.56; Пиотровский 1939.s.11).
Biz Musa Xorenlinin, Yeqişenin kitablarının 150-200 il bundan əvvəlki nəşrlərini əldə edib (Хоренский 1808. izahlar, Хоренский 1893.s.292; Шопен 1852.s.296) Ağoğlan və Ağqız etnoslarının gerçək tarixini öyrənmək əvəzinə, internet saytlarında yerləşdirilən saxta məlumatlara inanırıq. Bir şeirdə deyildiyi kimi:
Yəhərlənmiş day gəzirik
Yalmanına yatmaq üçün.
Dayazlığa baş vururuq
Dərinliyə çatmaq üçün.
Ağoğlu nəslinin bir oymağı bayatlara, bir oymağı qaşqaylara qoşularaq Səfəvilər dövründə Şiraz mahalını tutmuşdu. Şirazdakı Ağoğlu nəslindən Hacı Məhəmmədsadıq Ağoğlu, Hacı Molla Abbas Ağoğlu, Axund Molla Rza Ağoğlu, Axund Fətəli Ağoğlu adlı elm və din xadimləri çıxmışdır (Şahin İbrahimov 1988.s.27,28,103).
Erməni naşirləri Ağova etnonimini rus dilində çap olunan kitablarda Axovit kimi yazmaqla (Хоренский 1893.s.292) tədqiqatçıların bir qisminin diqqətini yayındıra bildilər. Onlardan fərqli olaraq L.M.Meliksetbekov yazır ki, Axovit ağovalı deməkdir. Həm İrəvan çuxurundakı, həm Van gölü vadisindəki kəndlərin adı Axova olmuşdur (Меликсетбеков 1911.s.41 ).
İ.İ. Şopen yazır ki, Axova mahalının biri də Alagöz dağının ətəyində idi. Bundan başqa, ermənilərin Kotayk adlandırdıqları Kitay mahalında Axberd adlı qala var idi (Шопен 1852.s.288, 296).
Axberd Ağoğlu etnosunun qalası deməkdir. Baqrationlar İudeyada yaşayarkən hasarlanmış şəhərciklərə berit deyirdilər. Ərəblər həmin Berit şəhərini indi Beyrut adlandırırlar.
Eradan əvvəl 782-ci ilə aid bir Urartu mixi yazısında deyilir ki, Akiani gölün o tərəfindəki 19 ölkədən biridir (Мещанинов 1929.s.56). Bu yazı onu göstərir ki, Ağova etnosunun bir hissəsi Urartuya tabe olmayıb, Van gölü vadisindən Göyçə gölünün şərqinə, Kəpəz və Murov dağlarının arasına çəkilmişdir.
Türkiyədəki Ağova ölkəsinin başçılarından biri eradan əvvəl IX əsrdə At totem adı daşıyırdı. Assuriya hökmdarı III Salmanasarın e.ə. 858-ci ildə yazdırdığı bir kitabədə deyilir: – Axini ölkəsinə qoşun yeridib dinqir Atbininin əsgərlərini məğlub etdim (Пиотровекий 1939.s.11). Mətndəki dinqir Atbini totemi at olan etnosun patriarxı deməkdir.
Ağqız kultu xristianlıqdan öncəki hayların panteonunda Axçik də adlanır. Axçikin timsalında bakirə qızlara tapınan etnoslardan biri özünü Axçinik adlandırırdı (Хоренский 1893.s.292). Ərzincan yaxınlığında yaşayan axçiniklər türklər kimi iltisaqi dilli, Şumer mənşəli olduqlarından (İlhami Cəfərsoy 2020.s.3-64) anaya eq, bakirə qızlara aqcik, yəni anacıq deyirdilər.
İ.İ.Şopen kilsə salnamələrinin ilkin nüsxələrinə istinadən yazır ki, Van gölü ilə Sevan gölü arasındakı Axçik qalaları Gök də adlanır (Шопен 1852.s.58,296). Ona görə gök adlanır ki, axçiklər göydən gələn müqəddəs şüalardan hamilə olub, ağoğlanları doğurdular.
Xristianlıqdan öncəki Axçik yaşayış məskənlərinin çoxu Axçinik mahalında yerləşirdi (Хоренский 1893.s.292). Axçinik bakirə axçiklərin göbəyindən çıxanların ölkəsi deməkdir.
İstanbul arxiyepiskopu Malaxiya Ormanyan I Dünya müharibəsi ərəfəsində nəşr etdirdiyi "Erməni kilsələri" kitabında yazır ki, patriarx I Komitas (628) Axçik nəslindən çıxmışdır (Оpманян 1913.s.198). Xüsusilə maraqlıdır ki, ilk Aramey mətnlərində Axçik nəsli Eqlon adlandırılır (Эpнст Pенан 2750.s.197). Eqlon eqlilər, yəni ağoğlanlar deməkdir (İlhami Cəfərsoy 2020.s.329).
Biz yalnız kilsələri öz əvvəlki görkəminə qaytarmaqla kifayətlənməməliyik. Monastırlarda yaratdığımız dini və dünyəvi ədəbiyyatı elmi tədqiqatın obyektinə çevirməliyik.
Ermənilərin H`Ovanes Yerzinqatsi adlandırdıqları Ərzincanlı Uvanın Məryəm anaya həsr etdiyi bir şeirdən nümunə verirəm:
Sensin, ari qız Mariam,
Yazıxlarıma derman.
Tanqridir senden doğan,
Tanqrim anası Mariam.
Nizami Gəncəvi öz poemalarını farsca yazanda Ərzincanlı Uvan şeirlərini türk dilində yazırdı. Biz Nizamini müsəlman Azərbaycan şairi kimi tanıyırıq, Ərzincanlı Uvanı da xristian türk şairi kimi tanımalıyıq.
Akademik M.X.Abeğyan yazır ki, Arakel Baqiştesi, Ərzincanlı Uvan erməni şairləridir, ancaq nədənsə onlar öz şeirlərini türk dilində yazırdılar (Абегян 1975.s.606). Uvan ilə Baxış şeirlərini Ərzincanın müsəlman türkləri üçün yazmırdılar, xristian türkləri üçün yazırdılar. Bunu Manuk Xaçaturoviç yaxşı bilir.
28 il gecikmiş olsa da, bizim Mədəniyyət Nazirliyimizin “Xristian irsimizi tanıyaq” təşəbbüsü alqışa layiqdir. Bu istiqamətlə yeni tədqiqat əsərləri yazılmalı, kilsələr, monastırlar əvvəlki görkəminə qaytarılmalıdır. Sübuta yetirilən tarixi bilgilər Təhsil Nazirliyi tərəfindən dərsliklərə salınmalıdır.
 

İlhami CƏFƏRSOY,
filologiya elmləri doktoru

2 Aprel 2021 02:44 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə