Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənilər İslam mədəniyyəti abidələrimizi yerlə-yeksan ediblər

Erməni vandallarının daha çox dağıntılara məruz qoyduğu tarixi tikililərdən biri də İslam mədəniyyəti abidələridir. Bunlar məscidlər, qəbirüstü məzar daşları, türbələr və s. abidələrdir. İşğalçılar bu illər ərzində yer adlarımızı, toponimlərimizi dəyişdirib, uydurma adlar qoyub, tariximizə iddia edə bilmədikləri məqamlarda isə barbarlığa əl ataraq maddi-mədəni, dini abidələrimizi vəhşicəsinə dağıdıblar.

 

Erməni millətçiləri xalqımızın tarixi yaddaşını yox etmək, qədim Azərbaycan torpaqlarında türk-müsəlman mədəniyyətinin izlərini silmək üçün hər cür namərdliyə əl ataraq çirkin əməllərini illər boyu davam etdiriblər. 30 il müddətində işğal altında saxladıqları Qarabağda dünyada misli görünməmiş talançılıqla məşğul olub, tarixi, dini abidələrimizi yer üzündən siliblər.
Şanlı Azərbaycan Ordusunun 44 günlük zəfər yürüşü erməni haqsızlığına, talançılığına, vəhşiliyinə son qoydu. Düz 27 ildən sonra Ağdam Cümə məscidində azan sədası yüksəldi. Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva həmin məscidi ziyarət etdilər. Dövlət başçısı Məkkədən gətirdiyi müqəddəs “Qurani-Kərimi” məscidə hədiyyə etdi.
Ağdam məscidinin əsaslı təmiri və bərpası işlərinə start verilib, artıq mütəxəssislər oraya ezam edilib.
Cənab Prezident dedi: “Gəlsinlər Şuşaya, Ağdama, Füzuliyə, Cəbrayıla, bizim azad edilmiş torpaqlarımıza, görsünlər ki, Ermənistan rəhbərliyi nə günə salıb müsəlman məscidlərini. Hər bir müsəlman üçün müqəddəs olan məbədlərimizi nə günə salıb. Dağıdıb, təhqir edib, donuz saxlayıb, inək saxlayıb, məscidlərimizin üzərində təhqiramiz ifadələr yazdırıb. Belə bir ölkə müsəlman ölkələri ilə dost ola bilərmi? Əlbəttə ki, yox. Mən bunu dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan edirdim, müsəlman ölkələrinin liderlərinə müraciət edərək həm ikitərəfli formatda, həm çoxtərəfli görüşlər əsnasında, beynəlxalq tədbirlərdə deyirdim ki, Ermənistan müsəlman ölkələri üçün dost ola bilməz, məscidləri bu günə qoyan ölkə müsəlman ölkələri ilə dost ola bilməz. Bu, riyakarlıqdır və Ermənistanı dost ölkə kimi qəbul etmək də riyakarlıqdır, Allahsızlıqdır. Bunu dağıdanla müsəlman ölkələrinin liderləri necə dost ola bilərlər? Cavab versinlər buna. Mənə yox, öz xalqlarına cavab versinlər. Məscidləri dağıdan, oraya inək salan müsəlman ölkələri ilə dost ola bilər? Qoy, onların xalqları buna cavab versinlər”.
Müzəffər sərkərdə bir daha həm erməni barbarlarına, həm də onların havadarları olan ölkələrə mesaj ötürdü ki, tezliklə bütün tarixi, mədəni, dini abidələrimiz bərpa olunaraq əvvəlki görkəminə qaytarılacaq. Xalqımızın min illərin o tayından adlayıb gələn tarixi kökləri qorunacaq və məkrli ermənilərin tarix səhifələrindən silməyə çalışdığı həqiqətlər olduğu kimi yenidən bərpa edilərək, Azərbaycan xalqının zəngin xəzinəsi kimi gələcəyə ötürüləcək.
Cənab Prezident Şuşada olarkən Saatlı məscidini ziyarət etdi. Dövlət başçısı çıxışında bildirdi ki, “Məkkədən gətirilmiş “Qurani-Şərif”i Saatlı məscidinə hədiyyə etdim. Sonra Aşağı Gövhərağa, Yuxarı Gövhərağa məscidlərində olacağıq. Oraya da müqəddəs Məkkədən gətirdiyim “Qurani-Şərif”i bağışlayacağam. Düşmən bizim azad edilmiş torpaqlardakı dini abidələrimizi işğal dövründə məhv edib, 67 məscidi dağıdıb, yaxud da ki, belə yararsız vəziyyətə salıb. Şuşa işğaldan azad olunandan sonra bizim vətəndaşlar əl gəzdirib, məscidi təmizləyib və müəyyən təmir işlərini görüblər. Ancaq, əlbəttə ki, məscidin əsaslı təmiri bundan sonra aparılacaq, bütün müvafiq göstərişlər verilib, Heydər Əliyev Fondu bu missiyanı öz üzərinə götürüb. Mehriban xanım bu barədə açıqlama verib və biz bütün tarixi-dini abidələrimizi bərpa edəcəyik”.
Azərbaycanda bütün dinlərin məbədləri qorunur . Bunu müstəqillik tariximiz də müstəqillikdən əvvəlki tarix də göstərib. Bütün dinlərin abidələri bizdə qorunur – kilsələr, sinaqoqlar, o cümlədən erməni kilsəsi Bakının mərkəzində dövlət tərəfindən qorunur, təmir edilib. Prezident çıxışında qeyd etdi: “Onlar nə ediblər? Mən Zəngilanda olarkən dağıdılmış, divarları qalmış məscidin önündəki çıxışımda Azərbaycan xalqına müraciət edərək dedim onlar nə ediblər, beynəlxalq təşkilatlara müraciət edərək dedim ki, gəlin baxın, hesabatı burada hazırlayın, öz kabinetlərinizdə yox”.
Ermənistanın və onun havadarları yalan danışmaqdan utanmırlar.Yuxarı Gövhərağa məscidini, guya, bir xarici şirkətlə birlikdə təmir etdiriblər. əslində, bu təmir riyakarlıqdır. Azərbaycanın icazəsi olmadan, qanunsuz olaraq torpaqlarımıza gəlib, orada aylarla oturub, Ermənistanın kriminal xunta rejimi ilə əlbir olub bu məscidi guya təmir ediblər. Onsuz da biz bütün məscidlərimizi yenidən təmir etdirəcəyik, yenidən bərpa edəcəyik və bütün dünya görməlidir ki, mənfur düşmən bizim müqəddəs məbədlərimizi nə günə salıb.
 

Behcət ƏFƏNDİYEV, ilahiyyatçı

2 Aprel 2021 02:32 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə