Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni iqtisadi strategiya ilə Azərbaycan müasir inkişaf mərhələsinə daxil olur

Əgər son 17 illik tariximizə nəzər salsaq görərik ki, qarşıya hədəflər qoyulurdu, hədəflər düzgün müəyyən edilirdi, biz bu hədəflərə çatırdıq və ondan sonra qarşımıza yeni hədəfləri qoyurduq. Beləliklə, həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişafı təmin etdik, beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevirdik və əsas məsələmizi – ərazi bütövlüyümüzün bərpasını təmin etdik.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il 44 günlük Vətən müharibəsində müzəffər silahlı qüvvələrimiz tərəfindən parlaq qələbə əldə edildi. Bu möhtəşəm uğuru son 25 il ərzində qalibiyyətin beynəlxalq hüquqi normativ bazasının formalaşdırılması, informasiya blokadasının yarılması, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, milli iqtisadiyyatın gücləndirilməsi, ordu quruculuğunda həyata keçirilən islahatlar, qəhrəman zabit və əsgərlərimizin şücaəti, ən əsası isə Ali Baş Komandanın qətiyyəti və yenilməz siyasi iradəsi bu tarixi qələbəni şərtləndirdi.

Dövlətimizin başçısı bununla bağlı Şuşada bayram tonqalı ətrafında etdiyi müraciətdə deyib: “Biz Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri beynəlxalq müstəvidə dünya ictimaiyyətinə çatdırmalı idik və çatdıra bildik. Beynəlxalq təşkilatlarda fəal işləyirdik və bizə sərf edən, həqiqəti əks etdirən, beynəlxalq hüququ əks etdirən, ona əsaslanan vacib qərar-qətnamələri qəbul etdirə bildik. Bu, qələbəmizin hüquqi əsası idi, haqq-ədalətin bərpasının hüquqi əsası idi. Biz iqtisadi güc toplamalı idik və topladıq. Son illər ərzində Azərbaycan qədər sürətlə inkişaf edən ölkə bəlkə də dünyada yoxdur. Biz hərbi güc toplamalı idik və bu istiqamət birinci dərəcəli vəzifə idi. Təsadüfi deyil ki, mənim prezidentlik dövrümdə hərbi xərclər hər zaman birinci yerdə idi və bunu mən deyirdim, bəyan edirdim ki, biz hərbi xərclərimizi bundan sonra da artırmalıyıq. Biz müharibəyə hazırlaşmalıyıq, hazırlaşırıq. Açıq deyirdim bütün dünyaya və deyirdim ki, əgər düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz düşməni qovacağıq. Belə də oldu...”.

Azərbaycan Prezidenti müraciətində daha sonra torpaqlarımızın işğaldan azad edilməsi üçün ötən illər ərzində güc toplanıldığını, ciddi hazırlıq işləri aparıldığını, ölkəmizin inkişafınıın təmin olunduğunu, xalqımızın birliyinin reallaşdırıldığını vurğulayıb: “Vətəndaş müharibəsindən çıxmış ölkə üçün, xalq üçün bu, o qədər də asan məsələ deyildi. Vətəndaş müharibəsindən sonra bu günə qədər ölkədə gedən proseslər xalqımızı vahid ideya uğrunda, vahid amal uğrunda, torpaqlarımızın azad edilməsi amalı uğrunda birləşdirdi. Biz bu milli birliyi, milli həmrəyliyi təmin edə bildik. Bu, olmasa idi, bu qələbə də olmayacaqdı”.

Ötən illər ərzində dövlətimizin başçısının daim xalqla bir yerdə olması, xalqın maraqlarını ifadə etməsi, verilən tapşırıqların icrası ilə yerində maraqlanması, dövlət xidmətlərinin keyfiyyətinin və əlçatanlığının daim artırılması, ölkə rəhbərinin tapşırığı ilə mərkəzi hakimiyyət qurumları nümayəndələri rəhbərlərinin regionlarda mütəmadi keçirdikləri görüşlər, ordu quruculuğu və düzgün kommunikasiya siyasəti xalqın dövlət institutlarına etimadını yüksəltdi. Bir sözlə, bu illər ərzində qarşıya qoyulan məqsəd və hədəflərə doğru yeni, inamlı addımlar atıldı. Nəticədə respublikamızın beynəlxalq imici daha da yüksəldi, qlobal miqyaslı uğurlar qazanıldı, həyatın bütün sahələrində dinamik inkişaf davam etdirildi.

Prezident İlham Əliyevin neft və qazdan asılılığın azaldılması məqsədilə sənaye parkları və məhəllələrinin, aqroparkların, iri fermer təsərrüfatlarının yaradılması, müasir texnologiyaların, elektron kənd təsərrüfatı sisteminin tətbiqi, özünüməşğulluq proqramının icrası, xarici ölkələrdə ticarət evlərinin açılması, sahibkarların bu prosesə yaxından cəlbi və s. tapşırıqları ilə bağlı müsbət göstəricilər əldə olundu. Möhkəm iqtisadi bazanın yaradılmasının nəticəsi idi ki,təkcə pandemiyanın hökm sürdüyü və müharibə aparıldığı 2020-ci ildə respublikada 72,4 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edildi, sənayenin qeyrineft-qaz sektorunda məhsul istehsalı 12,5 faiz artdı. Respublikanın enerji sistemində reabilitasiya proqramı uğurla həyata keçirildi. Xarici tərəfdaşlar cəlb edilməklə bərpaolunan enerji növləri üzrə elektrik stansiyalarının tikintisinə dair müqavilələr reallaşdırıldı.

Bu dövrdə strateji layihələrin icrası, sosial-iqtisadi və digər islahatların həyata keçirilməsi sahəsində aparılan məqsədyönlü işlər davam etdirildi. Ötən ilin son günlərində Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP-ın istismara verilməsi ilə tarixdə ilk dəfə Azərbaycan qazının Avropaya ixracına başlanıldı. Bir çox ölkəni birləşdirən Cənub Qaz Dəhlizi, dövlətimizin başçısının qeyd etdiyi kimi, Avrasiya ölkələri arasında yeni əməkdaşlıq formatının təməlini qoydu.

Əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də nüfuzlu beynəlxalq qurumların reytinqlərində Azərbaycan iqtisadi göstəricilərinə görə yuxarı sıralarda yer aldı.

Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşdı. Dünya Bankı tərəfindən Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edildi. Respublikamız Heritic Fondunun 2020-ci ilin nəticələrinə əsasən, İqtisadi Azadlıq İndeksinə görə 38-ci pilləyə yüksəldi.

Azərbaycan dövləti tərəfindən bütün dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizə və onun neqativ təsirlərinin aradan qaldırılması məqsədilə səmərəli, eyni zamanda, koordinasiyalı şəkildə tədbirlər görüldü. Ölkə Prezidentinin müvafiq sərəncamı ilə operativ qərargah yaradıldı, dövlət başçısının tapşırığına əsasən, respublikanın bütün imkan və resursları vətəndaşların sağlamlığının qorunmasına səfərbər edildi. Respublikada maska və dərman qıtlığının aradan qaldırılması, laboratoriyaların sayının artırılması, testlərin təchizatının təşkil olunması, qısa müddət ərzində modul tipli xəstəxanaların yaradılması, mövcud xəstəxanaların bir çoxunun koronavirusla mübarizəyə uyğunlaşdırılması uğurla reallaşdırıldı.

Bütün bunlarla bərabər, xəstəliklə mübarizənin gücləndirilməsi məqsədilə il ərzində xarici ölkələrdən tibbi personalın dəvət edilməsi, koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı səhiyyə xərclərinə 644 milyon manat vəsait ayrıldı. Pandemiyanın milli iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə, sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə əlaqədar tədbirlərin maliyyələşdirilməsi üçün 2020-ci ilin dövlət büdcəsi və digər mənbələr hesabına iqtisadiyyata ümumilikdə, təxminən, 2,5 milyard manat həcmində dəstək göstərildi, eyni zamanda, beynəlxalq aləmdə məsuliyyətli və etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın koronavirus ilə beynəlxalq mübarizəyə dəstək olaraq 30-dan artıq ölkəyə yardım etdi.

Müharibə şəraitinə baxmayaraq, ötən il bütün sosial ödənişlər vaxtında və tam şəkildə həyata keçirildi. Aparılan islahatlar nəticəsində Azərbaycanda orta pensiyanın məbləği, təxminən, 300 manata, yaşa görə pensiyanın orta məbləği isə 330 manata çatdırıldı. Pensiyaların orta aylıq məbləği 13 faizdən çox artırıldı. Ünvanlı dövlət sosial yardım mexanizminin də əhatə dairəsi genişləndirildi. Keçən il 77 min ailənin 322 min üzvünə 216 milyon manat ünvanlı yardım ödənildi. Bir ailəyə düşən sosial yardımın orta aylıq məbləği 240 manat təşkil etdi. Şəhid ailələri, həmçinin müharibə əlilləri və onların ailə üzvləri ölkə Prezidentinin və Birinci vitse-prezidentin daim xüsusi diqqət və qayğısı ilə əhatə olundular. Şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə dövlət başçısı tərəfindən Prezident təqaüdlərinin aylıq məbləğinin artırılması ilə bağlı müvafiq fərmanlar imzalandı.

Azərbaycan bu gün 2021-2030-cu illəri əhatə edən keyfiyyətcə yeni bir strateji mərhələyə daxil olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi strategiya və dərin islahatlar ölkəmizin iqtisadi qüdrətinin daha da artacağına, müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinin formalaşacağına zəmin yaradıb.

Hazırda postpandemiya dövrünə ciddi hazırlıq işləri görülməkdədir. Ölkə Prezidenti tərəfindən “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə Sərəncam imzalanması, hökumətə 2021-2025-ci illərdə “Sosial-iqtisadi inkişaf strategiyası”nın hazırlanması ilə bağlı müvafiq tapşırıqlar verilməsi və hazırda bu istiqamətdə komissiya və alt işçi qruplarının yaradılması bunun bariz ifadəsidir.

Yeri gəlmişkən, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də vurğulanır ki, milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın tərkib hissəsi olduğundan, xarici mühitdən təsirlənə bilir. Bu səbəbdən, uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığı gücləndirilməli, makroiqtisadi sabitlik daha da möhkəmləndirilməlidir. Ölkədə makroiqtisadi sabitliyin və dayanıqlığın gücləndirilməsi məqsədilə yeni reallıqlara uyğun büdcə qaydasına əsaslanan fiskal çərçivə formalaşdırılmalıdır.

Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyasından, yeni beynəlxalq və regional nəqliyyatlogistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcəkdir.

Yeri gəlmişkən, sonda respublikamızın bu il və sonrakı dövrdə inkişaf proqnozunu xatırlatmaq istərdik. Belə ki, Dünya Bankının yeni proqnozuna əsasən, son dörd ildə ilk dəfə olaraq 2021-ci ildə Azərbaycanın xaricdən cəlb etdiyi birbaşa investisiyaların həcmi, ölkənin xaricə birbaşa investisiya qoyuluşunu üstələyəcək.

Bu barədə Dünya Bankının region üzrə dərc olunmuş yeni hesabatında məlumat verilib. Hesabatda bildirilib 2021-ci ildə Azərbaycanın xalis birbaşa investisiya balansı profisitli olacaq (yəni xaricdən cəlb etdiyi birbaşa investisiyalar göndərdiyi birbaşa investisiyaları üstələyəcək) və ÜDM-in 1,3 faizini təşkil edəcək. Gələn il bu göstəricinin ÜDM-in 1,2 faizinə, 2023-cü ildə isə 1,1 faizinə bərabər olacağı proqnozlaşdırılır.

V.BAYRAMOV, “Xalq qəzeti”

2 Aprel 2021 02:22 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə