Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

TDƏŞ-in Zirvə görüşündə Azərbaycan həqiqətləri

Şuranın hazırki sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransındakı çıxışını bütövlükdə 2-ci Qarabağ müharibəsində qazandığımız tarixi zəfərə həsr edib. Prezident İlham Əliyev qeyd edib ki, dost və qardaş ölkə rəhbərləri bu məsələnin mahiyyətini dərindən bilməlidirlər. Bir sıra önəmli məsələlərə toxunan ölkə başçısı, müharibə zamanı Azərbaycana mənəvi və siyasi dəstəyini əsirgəməyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana xüsusi təşəkkürünü bildirib...
Bu barədə danışan veteran jurnalist və naşir Hacı Mehman Fərzullayev dedi:

 

Prezident İlham Əliyev bütün müstəvilərdə Azərbaycanın milli və mənəvi dəyərlərini layiqli şəkildə müdafiə edir. Azərbaycan xalqı üçün yeni olmayan bu məqam keçirilən zirvə görüşündən də yan ötmədi. Diqqət çəkən məsələlərdən biri də budur ki, müzəffər Ali Baş Komandan çıxışında azad olunan torpaqların işğal tarixindən və baş verən hadisələrdən də geniş və ətraflı bəhs etdi. Otuz ilə yaxındır işğal altında saxladıqları torpaqları nəinki geri qaytarmaq istəməyən, hətta yeni ərazi iddiaları irəli sürən Ermənistan rəhbərliyi elə zənn edirdi ki, Azərbaycan xalqı bu təhqirlərə dözəcək və onların bütün şərtləri qəbul olunacaq. Videokonfrans zamanı Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” ifadəsini və Ermənistan müdafiə nazirinin müharibədən əvvəl yeni torpaq iddialarını xatırladan Prezident İlham Əliyev bir daha təkrar etdi ki, biz şanlı Zəfər qazanmışıq və bütün bu cəfəngiyyatlar qondarma kriminal-xunta rejimi kimi birdəfəlik iflasa uğradı.
Zirvə görüşü zamanı istər Prezident İlham Əliyevin, istərsə də, dost ölkə rəhbərlərinin çıxışlarından aydın şəkildə anlamaq olur ki, Azərbaycanın həm döyüş meydanında, həm də siyasi arenada qazandığı bu tarixi zəfər, təkcə ölkəmizin deyil, ümumilikdə türk dünyasının inkişaf yoluna işıq tutacaq. İşğaldan azad edilən torpaqlarda iqtisadiyyat bərpa ediləcək bölgədə turizm imkanları yaradılacaq və beləliklə, bu ərazilər bütövlükdə regionun və türk dünyasının çiçəklənməsinə böyük töhfələr verəcək.
Məlum olduğu kimi, ermənilər Qarabağda türk-müsəlman irsini məhv etməyə çalışırdı. Bu təkcə xalqımıza qarşı deyil, ümumilikdə türk-müsəlman dünyasına qarşı törədilmiş cinayət idi. Torpaqlarını işğaldan azad etməklə Azərbaycan, umumilikdə, türk-müsəlman aləminə xidmət göstərmişdir.
Qeyd olunan məsələlərdən biri də Zəngəzur dəhlizi ilə Naxçıvan və bilavasitə Türkiyə ilə əlaqənin yenidən bərpa edilməsi idi. Düşünürəm ki, bu məsələ əldə olunan zəfərin ən önəmli nəticələrindən biridir. Çünki bu dəhliz türk dünyasını yenidən birləşdirir. Azərbaycan bu yolla Orta Asiya ilə birləşir. Bu dəhliz digər qonşu ölkələr üçün də yeni imkanlar yaradacaq. Yeni ticarət əlaqələrinin yaranması üçün mühüm əhəmiyyət kəsb edəcək Zəngəzur dəhlizi, o cümlədən, kommunikasiya və infrastruktur layihələri bu bölgəyə bir canlanma gətirəcək.
Söhbəti qələmə aldı:
 

İmran ƏLİYEV,
“Xalq qəzeti”

2 Aprel 2021 01:32 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə