Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni yaranmış imkanlar türk dünyasının birləşməsinə xidmət edəcək

Azərbaycanın II Qarabağ müharibəsində parlaq qələbəsi dost və qardaş ölkələr tərəfindən böyük qürur hissi ilə qarşılandı və alqışlandı. 30 ilə yaxın davam etmiş erməni işğalına birdəfəlik son qoyulması Azərbaycan xalqı qədər qardaş ölkələri də sevindirdi. Bu da təbiidir. Çünki Azərbaycan xalqının işğalçılar üzərində qələbəsi tarixi ədalətin, eləcə də beynəlxalq hüququn bərpası demək idi. 44 günlük Vətən müharibəsindən sonra bu barədə həm də xarici ölkələrin mətbuatında geniş yazılar verilir, Azərbaycan Ordusunun istifadə etdiyi hərbi taktika dünyanın aparıcı dövlətlərinin hərbi akademiyalarında öyrənilir. Beynəlxalq tədbirlərdə bu şanlı qələbədən danışılır.
Bu fikirləri bizimlə söhbətində Milli Məclisin deputatı Əziz Ələkbərli bildirdi:

 

– Dünən videoformatda öz işinə başlamış Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal Zirvə görüşündə də müzəffər ordumuzun tarixi qələbəsi haqqında geniş söhbət açıldı. Qazaxıstanın birinci Prezidenti – Elbası, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər liderlər çıxış edərək Türk Şurasının hazırkı sədri, Azərbaycan Prezidenti İlham Əliyevi şanlı qələbə münasibətilə təbrik etdilər.
Prezident İlham Əliyev də öz çıxışında bu uzun sürən münaqişə və onun qələbə ilə başa çatması haqqında danışdı. Əvvəlcə qeyd etdi ki, bu ilin sonuna qədər Türk Şurasına sədrlik Azərbaycan tərəfindən həyata keçiriləcək. İlin sonunda isə sədrlik qardaş Türkiyəyə təhvil veriləcək.
II Qarabağ müharibəsi haqqında tədbir iştirakçılarına məlumat verən dövlət başçısı bildirdi ki, 30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin təxminən 20 faizini işğal altında saxlayıb. Bir milyondan çox azərbaycanlı öz doğma torpağından didərgin salınıb. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb. Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycan xalqına qarşı dəhşətli soyqırımı aktları törədib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən Xocalı soyqırımı nəticəsində 600-dən çox günahsız, dinc insan yalnız azərbaycanlı olduğuna görə vəhşicəsinə öldürülüb. Onların arasında 106 qadın, 63 uşaq olub.
Təcavüzün nəticələrinin sülh yolu ilə, dinc vasitələrlə aradan qaldırılması üzrə uzun müddət danışıqlar aparılıb. Bu müddətdə beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyib. Ancaq bu dəstəyin praktiki həyatda əhəmiyyəti olmayıb, münaqişə öz həllini tapmayıb. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etsə də, onlar icra edilməyib, kağız üzərində qalıb. Digər beynəlxalq təşkilatlar, o cümlədən, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası Azərbaycanın haqlı mövqeyini müdafiə ediblər. 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupu 28 il ərzində fəaliyyət göstərsə də, nəticəsi olmayıb. Halbuki, Minsk qrupuna həmsədrlik edən ölkələr dünyanın aparıcı ölkələridir, nüvə dövlətləridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Əlbəttə ki, Ermənistana qarşı işğalla bağlı ciddi təzyiq göstərilsəydi və Azərbaycanın tələbi nəzərə alınıb sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan sülh yolu ilə öz həllini tapa bilərdi.
Prezident İlham Əliyev bildirdi ki, son vaxtlar Ermənistan faktiki olaraq danışıqlardan imtina etmişdi. Erməni rəhbərliyi Azərbaycana bir qarış belə torpağın qaytarılmayacağını bəyan etmişdi. Ermənistan rəhbəri iki il əvvəl bildirmişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Bizim mədəni paytaxtımız olan Şuşada qanunsuz xunta rejimi başçısının andiçmə mərasimi keçirilmişdi. Digər təxribatlar törədilmişdi.
Dövlət başçısının sözlərinə görə, nəhayət, sentyabrın sonlarında bizim hərbi mövqelərimiz və yaşayış məntəqələrimiz artilleriya atəşinə məruz qalıb, nəticədə bir neçə hərbçi və mülki şəxs həlak olub. Azərbaycan Ordusu buna adekvat cavab verərək, əks-hücum əməliyyatı keçirib, düşməni layiqincə cəzalandırıb və 44 gün davam edən II Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələnib. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, müharibə dövründə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edilib. Noyabrın 8-də Şuşa işğalçılardan azad edilib və Ermənistan rəhbəri kapitulyasiya aktına imza atmağa məcbur olub.
Prezident sonra Azərbaycan və Rusiya prezidentləri, eləcə də Ermənistanın baş naziri arasında bəyanat imzalandığını, nəticədə üç rayonumuzun siyasi yollarla Azərbaycana qaytarıldığını söylədi və ölkəmizə mənəvi dəstək olmuş qardaş Türkiyəyə, digər ölkə və təşkilatlara təşəkkürünü bildirdi.
Azad edilmiş torpaqlarda hər şeyin dağıdıldığını deyən Ali Baş Komandan 60-dan çox məscidin viran qoyulduğunu, məscidlərdə inək və donuz saxlanıldığını və bunun bütün müsəlman aləminə qarşı təhqir olduğunu bildirdi: “Biz öz tarixi missiyamızı icra etdik, erməni faşizmini məhv etdik. Hazırda bərpa işlərinə start verilib… Yeni imkanlar yarandı... Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq, görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən, Ermənistan üçün. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə start vermişdir”.
 

Söhbəti yazdı:
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

2 Aprel 2021 01:14 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə