Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kəlbəcərin böyük iqtisadi potensialı bölgənin gələcək inkişafına etibarlı zəmin yaradır

İkinci Qarabağ müharibəsinin ən uğurlu nəticələrindən biri də Kəlbəcər rayonunun işğaldan azal edilməsi oldu. 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər 2020-ci il noyabrın 10-da üç ölkənin dövlət başçıları tərəfindən imzalanmış bəyanata əsasən 25 noyabrda Azərbaycana təhvil verildi. Bu münasibətlə Prezident, Ali Baş Komandan İlham Əliyev müraciətində Azərbaycan xalqını ürəkdən təbrik etməklə yanaşı, bildirmişdi ki, Kəlbəcər rayonunun işğal altına düşməsi böyük faciə idi. Ancaq indi Kəlbəcər azaddır və uzun illərin həsrətinə son qoyuldu. Heç şübhə yoxdur ki, işğaldan azad edilmiş digər rayonlarımız kimi, Kəlbəcər də tezliklə Azərbaycanın inkişaf etmiş güşələrindən birinə çevriləcək, erməni vandalizminin izləri ancaq tarixin arxivlərində qalacaq.

 

Ötən əsrin 70-ci illərində Azərbaycanda başlanmış inkişaf Kəlbəcər rayonunun sosial-iqtisadi həyatında da öz əksini tapmağa başlamışdı. Belə ki, ümummilli lider Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi olduqdan sonra Kəlbəcərdə mühüm iqtisadi islahatlar həyata keçirilmişdi. Ulu öndərin qəbul etdiyi qərarlardan sonra əvvəllər perspektivsiz hesab edilən Kəlbəcər rayonu sürətlə inkişaf etməyə başlamışdı. Əlbəttə, böyük siyasi xadim Heydər Əliyev Kəlbəcər rayonunun strateji əhəmiyyətini gözəl bilirdi. Ermənistanla sərhəd olduğundan bir qala qapısı hesab olunur. Ərazisinin xeyli hissəsi sonralar Ermənistan adlanan dövlətin Göyçə mahalının Basarkeçər rayonu ilə həmsərhəddir. Buna görə də, təsadüfi deyil ki, ermənilər hələ keçmiş SSRİ vaxtında Kəlbəcərə göz dikmiş və rayonu Ermənistana birləşdirmək planı hazırlamışdılar. Ümummilli lider Heydər Əliyev ötən əsrin 70-80-ci illərində həmin bədnam planın qarşısını almış və Kəlbəcərin qədim Azərbaycan torpağı olduğunu həyata keçirdiyi sosial-iqtisadi layihələrlə isbatlamışdı.
Ancaq ermənilər öz məkrli planlarını 1993-cü ildə həyata keçirməyə müvəffəq olmuşdular. Ermənistan hərbi birləşmələrinin martın 27-də başlanan genişmiqyaslı hücumu aprelin 2-də Kəlbəcər rayonunun işğalı ilə başa çatmışdı. Kəlbəcərin işğalı nəticəsində 511 nəfər həlak olmuş, 321 nəfər itkin düşmüş və girov götürülmüş, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəymişdi. Azərbaycanın işğal edilmiş rayonları arasında ərazicə ən böyüyü olan Kəlbəcərin işğalı nəticəsində rayon mərkəzi, 150-ə yaxın kəndi, həmçinin onlarla tarixi-mədəniyyət abidəsi, bir muzey, “İstisu” sanatoriyası və s. Ermənistan tərəfindən xarabazara çevrilmişdi.
Təsadüfi deyil ki, Kəlbəcər rayonunun işğalı o vaxt üçün Birinci Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti kimi qiymətləndirilmişdi. Belə ki, o zaman Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi faktiki olaraq başa çatmışdı.
Kəlbəcərin azad olunması münasibətilə xalqa müraciətində Prezident İlham Əliyev Kəlbəcər rayonunun işğal altına düşməsinin böyük faciə olduğunu xatırlatmış və 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının işğal altına düşməsindən sonra Kəlbəcərin də işğal altına düşməsinin Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdığını diqqətə çatdırmışdı. Düşmənin məqsədinin məhz bundan ibarət olduğunu vurğulayan dövlət başçısı əlavə etmişdi ki, Kəlbəcərin işğal altına düşməsindən sonra, demək olar, Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradılmışdı. Prezident İlham Əliyev xüsusilə bildirmişdi ki, Kəlbəcərin işğalı və oraya silahlar, texnikalar, canlı qüvvərin yeridilməsi Ermənistanın sonrakı işğalçılıq siyasətinə də böyük üstünlüklər təmin etmişdi.
Kəlbəcərin işğal olunmuş ərazisində bir çox tarixi abidələr düşmən əlində qalmış, 900 kvadratmetr sahəsi olan Kəlbəcər tarix-diyarşünaslıq muzeyində və böyük kitabxanada saxlanılan bütün maddi-mənəvi dəyərlər ermənilər tərəfindən talan edilmişdi. Qafqaz Albaniyası dövründəki çoxsaylı abidələr işğalçılar tərəfindən ya mənimsənilmiş, ya da dağıdılmışdı. Kəlbəcərdə alban dövrünə aid xeyli tarixi abidə var. Bunlardan ən məşhuru Xudavəng məbəd kompleksidir. Bu abidə kompleksi Kəlbəcər rayonunun şərqində – rayonunun 29 kilometrliyində yerləşir. Abidə kompleksi VI–VII əsrlərdə alban knyazı tərəfindən tikilmiş, XV əsrdə isə alban knyazlığının dini məbədi olmuşdu. Ancaq 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Kəlbəcəri işğal etməsindən sonra Xudavəng monastır kompleksi dünyaya erməni abidəsi kimi təqdim olunmağa başlanmışdı. Lakin buradakı kitabələrdə qeyd olunan türk adları abidəni ucaldanların etnik mənsubiyyətinin dəqiq göstəricilərindən biri sayılır. Ən əsası, hazırda Xudavəng monastrının dini varisləri geri qayıtmışdır. Belə ki, Alban-udin xristian icması artıq Xudavəng monastırında öz dini ayinlərini keçirirlər. Xatırladaq ki, Kəlbəcər rayonunun Vəng kəndi ərazisində də digər bir alban məbədi yerləşir. Qeyd etmək yerinə düşər ki, erməni vandalları Kəlbəcərin faydalı qazıntılarını da vəhşicəsinə istismar etmişdilər. 2020-ci ilin noyabrında Kəlbəcəri tərk edərkən erməni vandalları özləri ilə götürə bilmədiklərini dağıtmaqla və obyektlərə od vurmaqla da dünya mətbuatının diqqət mərkəzinə düşmüşdülər.
Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul etmişdi. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunmuşdu. Lakin İkinci Qarabağ müharibəsinin başlanmasına qədər həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməmişdi. Sonradan BMT Təhlükəsizlik Şurasının Ağdam rayonunun azad edilməsi ilə bağlı 854-cü, Füzuli rayonunun azad edilməsi ilə bağlı 874-cü və digər işğal edilmiş rayonların azad edilməsi ilə bağlı 884-cü qətnamələri qəbul etmişdi.
Lakin həmin qətnamələr də kağız parçası olaraq masada qalmışdı. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altında qalmışdı. 1994-cü ildə tərəflərin atəşkəs razılaşmasından sonra ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə aparılan sülh danışıqları nəticəsiz yekunlaşmış, yalnız Azərbaycan xalqının böyük dəstəyi ilə Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuz erməni işğalına soy qoymuş və qətnamələri yerinə yetirmişdi.
Ümummilli lider Heydər Əliyev Kəlbəcər sakinləri ilə çoxsaylı görüşlərinin birində əmin olduğunu bildirmişdi ki, xalqımız, o cümlədən, kəlbəcərlilər keçmişi təhlil edərkən ötən günləri dərin müzakirə edərək daha sıx birləşəcək, Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad olunması üçün öz səylərini göstərəcəklər. Həmin görüşdə ulu öndər böyük əraziyə malik olan Kəlbəcərin Azərbaycanın gözəl və qiymətli guşələrindən biri olduğunu vurğulamış və respublikamızın ucqar dağ rayonu olmaqla bərabər, Kəlbəcərin ölkəmiz üçün həm də strateji əhəmiyyəti olan bir rayon olduğunu diqqətə çatdırmışdı: “Allah Kəlbəcərə hər cür nemətlər – gözəl təbiət, zəngin sərvətlər veribdir. Kəlbəcər məğrur dağları, gözəl meşələri, otlaqları, çəmənləri, obaları, bulaqları olan, vətənimizin təbiət gözəlliyini özündə əks etdirən bir parçasıdır. Kəlbəcərin həm yeraltı sərvətləri, həm də yerüstü sərvətləri Azərbaycanın milli sərvətlərinin bir hissəsidir”. Azərbaycanın bir neçə böyük çayının mənbəyi füsunkar təbiətə, zəngin mədəni irsə malik Kəlbəcər rayonundadır. Onların arasında ən böyüyü uzunluğu 200 kilometrə çatan Tərtər çayıdır. Mənfur düşmən Azərbaycanı bu imkanlardan məhrum etmişdi. Çünki Tərtər çayı 1970-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Sərsəng su anbarına axıdılır. Sərsəng su anbarı o vaxt Qarabağın Aran zonasında yerləşən 6-7 rayonda suvarma işlərinin təmin edilməsi məqsədilə tikilmişdi. Ağdam, Goranboy, Yevlax, Bərdə, Tərtər və digər rayonlar oradan su götürürdü. Qarabağda yuva salmış xunta rejimi yayda suyu kəsir, qışda buraxırdı və bunun nəticəsində bütün torpaqları su basırdı. Məhz belə əməllərlə ermənilər Azərbaycana qarşı ekoloji terror həyata keçirirdilər. 44 günlük İkinci Qarabağ müharibəsi ermənilərin mənfur əməllərinə son qoydu, Azərbaycan Ordusunun əks-hücumları qarşısında əzilən və darmadağın edilən Ermənistan Laçın, Ağdam kimi Kəlbəcəri də əsl sahibinə – Azərbaycana qaytarmağa məcbur oldu.
Bu gün Azərbaycan hökuməti azad olunmuş ərazilərdə sürətli bərpa işləri həyata keçirir. Artıq Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolu yenidən qurulmuşdur. Şuşa şəhərinə Füzulidən keçməklə yeni yol çəkilir. Ağdam və Kəlbəcər– Laçın istiqamətində də yolların bərpasına başlanılmışdır. Xüsusilə qeyd etmək lazımdır ki, Kəlbəcər rayonu yeraltı və yerüstü təbii sərvətlərlə zəngin olan ərazilərdən biridir. Ötən əsrin 50-ci illərindən başlayaraq burada aparılmış geoloji kəşfiyyat işləri nəticəsində çoxsaylı faydalı qazıntı yataqları aşkarlanmış, ehtiyatları hesablanaraq dövlət və sahə balanslarına qəbul edilmişdi. Doğrudur, işğaldan azad olunacaq ərazilərdəki, o cümlədən, Kəlbəcər rayonundakı mövcud yataqların ehtiyatları yenidən öyrəniləcək və qiymətləndirmə həyata keçiriləcək. Bununla belə, şübhə yoxdur ki, Kəlbəcər rayonunun malik olduğu potensialın ölkə iqtisadiyyatına verəcəyi fayda çox böyük olacaq. Heç kimə sirr deyil ki, geniş dağ düzənliyi üzərində yerləşən Kəlbəcər rayonunun ərazisində otuz mindən artıq bulaq var. Bununla yanaşı, zəngin meşələr diyarı olan Kəlbəcərdə yüzlərlə mineral bulaq mövcuddur. Min bir dərdin dərmanı olan İstisuyun şöhrəti bütün dünyaya yayılmışdır. Buna görə də, təsadüfi deyil ki, tanınmış geoloq V.Avix Kəlbəcər haqqında demişdir: “Kim Tərtərçay dərəsi boyunca seyr etməmişdirsə, İsveçrənin gözəlliyinə yalnız o, məftun ola bilər”.
Xatırladaq ki, rayonun İstisu (Kəlbəcər) qəsəbəsində keçmiş SSRİ-də ümumittifaq əhəmiyyətli 1 və 2 nömrəli İstisu sanatoriyaları fəaliyyət göstərirdi. Hər il orada 50 min nəfər müalicə olunur və istirahət edirdi. Müalicəvi əhəmiyyətinə görə Çexiyanın Karlovı–Vari suyundan üstün olan İstisuya şəfa tapmaq üçün müxtəlif ölkələrdən turistlər gəlirdi. Araşdırmalara görə, İstisu mənbələrindən hər il 3 milyard 963 milyon litr su çıxır. Sudolduran sexlər isə bunun cəmi 22 milyon litrindən istifadə edirdi. Bununla yanaşı, rayon ərazisində 4 mindən artıq bitki növü bitir ki, bunlardan da 200-ü dərman bitkisidir.
Bütün bunlar belə deməyə əsas verir ki, Kəlbəcərin bərpasından sonra bu rayonun ölkə iqtisadiyyatına verəcəyi töhfə çox böyük olacaq və qədim Azərbaycan yurdu yenidən turistlərin sevdiyi ərazilərdən birinə çevriləcək.
“Xalq qəzeti”

2 Aprel 2021 00:49 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə