Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək...

2009-cu ilin oktyabrında dövlət başçılarının Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə Görüşündə ölkələrimiz arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada, Türk Şurasının yaradılmasına dair qərarın, məhz Naxçıvanda keçirilmiş Zirvə Görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir
 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) martın 31-də videokonfrans vasitəsilə keçirilən qeyri-rəsmi Zirvə görüşü bir daha göstərdi ki, türkdilli dövlətlər arasında əməkdaşlığın getdikcə möhkəmləndirilməsi qarşıda duran ən mühüm vəzifədir. Xatırladaq ki, Türk Şurasının fəaliyyəti dövründə bu istiqamətdə bir sıra önəmli tədbirlər reallaşdırılıb. Azərbaycanın sədrliyi ilə keçirilən görüşlərdə də ölkəmiz türkdilli dövlətlər arasında əməkdaşlığın daha da möhkəmlənməsinə ardıcıl səylər göstərib, ticari-iqtisadi, mədəni-humanitar əlaqələrin güclənməsini, daha sıx münasibətlərin qurulmasını, mədəni dəyərlərin qorunmasını diqqət mərkəzində saxlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev bu məqamla bağlı zirvə görüşündəki çıxışında deyib: “Bugünkü zirvə görüşü 2019-cu ilin oktyabrında Bakıda keçirilmiş zirvə görüşündən sonra ikinci zirvə görüşüdür. Bir il əvvəl, keçən ilin aprel ayında Bakıda Azərbaycanın təşəbbüsü ilə COVID-19-a həsr edilmiş zirvə görüşü keçirilmişdir və bu, özlüyündə bir göstəricidir. Göstərir ki, zirvə görüşləri müntəzəm olaraq keçirilir və əlbəttə ki, üzv ölkələr arasındakı birliyə bunun çox böyük müsbət təsiri vardır”.
Zirvə görüşündə çıxış edən Qazaxıstanın birinci Prezidenti- Elbası, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türk Şurasının Baş katibi Bağdad Amreyev Türk Şurasının regional əməkdaşlıq üçün səmərəli mexanizmə çevrildiyini vurğulayıblar. Natiqlər türk dövlətlərinin istənilən çağırışlara hazır olmasının, mövcud potensialı genişləndirməsinin vacibliyindən danışıblar. Bütün bunlarla bərabər Azərbaycanı qazandığı qələbə münasibətilə təbrik ediblər.
Zirvə görüşündə Vətən müharibəsində Azərbaycanın haqq savaşı ilə bağlı ətraflı danışılıb. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxın müddətdə işğal altında saxladığı Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı rayonlar düşmən tərəfindən talan edilib, xalqımıza məxsus tarix və mədəniyyət abidələri vandalizmə məruz qalıb, yerlə-yeksan olunub, bir qisminə isə toxunulmayaraq, saxtalaşdırılıb, erməniləşdirilib. Düşmənin ən çox dağıtdığı mədəni irs nümunələri sırasında isə İslam dini abidələri – məscidlər, türbələr və digər inanc yerləri daha çox diqqət çəkib. Xalqımız Ermənistan tərəfindən xüsusi əhəmiyyətə malik unikal abidələrə bu cür barbarcasına münasibəti isə dünya irsinə qarşı yönələn təhdid kimi dəyərləndirib.
Rəsmi məlumata əsasən, işğal edilmiş ərazilərimizdə tarixi-dini abidələrin ümumi sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si isə ziyarətgahdır. Qəbiristanlıqların sayı isə 900-dən artıqdır.
Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşündəki çıxışında bu barədə ətraflı bəhs edib. Dövlətimizin başçısı deyib: “Azad edilmiş torpaqlarda hər şey dağıdılıb. İndi jurnalistlər oraya gəlir, diplomatlar səfərlər edirlər. Görürlər ki, şəhərlər dağıdılıb, evlər dağıdılıb, kəndlər dağıdılıb, tarixi abidələrimiz dağıdılıb. Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar. Füzuli şəhəri işğaldan azad olunandan sonra bu şəhərdə bir salamat bina qalmamışdı ki, o binanın damında Azərbaycan bayrağı qaldırılsın. Ermənilər bütün şəhərlərimizi məhv ediblər, bütün tarixi abidələrimizi məhv ediblər, qəbiristanlıqları şumlayıblar, qəbirləri dağıdıblar, 60-dan çox məscidi dağıdıblar və yarımçıq sökülmüş məscidlərdə inək və donuz saxlayıblar. Bu videokadrlar internetdə vardır. Yəni, bu, bütün müsəlman aləminə qarşı təhqirdir, cinayətdir və bütün dünya artıq bunu görür və görməlidir. Biz öz tarixi missiyamızı icra etdik, erməni faşizmini məhv etdik. Hazırda bərpa işlərinə start verilib. Müharibədən sonra bir çox azərbaycanlı mülki şəxs və hərbçi minaya düşərək həlak olub və yaralanıb. Ermənistan bu günə qədər bizə mina xəritələrini vermir. Bu, növbəti hərbi cinayətdir. Ona görə minalardan təmizləmə işi daha çox vaxt aparacaq. Bu işlər başa çatmadan, əlbəttə ki, biz köçkün, qaçqın soydaşlarımızı o torpaqlara qaytara bilmərik”.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin zirvə görüşündəki çıxışında bir məqam da diqqət çəkdi. Bu, Vətən müharibəsində qardaş Türkiyənin Azərbaycana göstərdiyi güclü mənəvi və siyasi dəstəyə, xüsusilə qardaş ölkə rəhbərinin Azərbaycanın tək olmadığına dair bəyanatlarına görə dövlətimizin başçısı tərəfindən Prezident Rəcəb Tayyib Ərdoğana xüsusi təşəkkür etməsi ilə bağlıdır: “Biz müharibənin ilk günündən qardaş Türkiyədən böyük dəstək aldıq. Mənim əziz qardaşım, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-də müharibə başlanan gün açıq şəkildə Azərbaycana dəstək ifadə etdi. Bu siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti var idi. Əziz qardaşım bildirmişdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Əlbəttə ki, bu, çox ciddi mesaj idi, ciddi siqnal idi. Bu, bizə imkan verdi ki, əks-hücum əməliyyatını uğurla keçirək, imkan verdi ki, hər hansı bir kənar qüvvə məsələyə müdaxilə etməsin...”
Dövlətimizin başçısı çıxışında, eyni zamanda, Türk Şurasının sentyabrın 28-də – müharibədən bir gün sonra Azərbaycana dəstək xarakterli açıqlama verdiyini, ondan sonra müharibə dövründə
bir neçə dəfə buna oxşar açıqlamalar diqqətə çatdırdığını,
habelə digər beynəlxalq təşkilatların – Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının Azərbaycana siyasi dəstək göstərdiklərini də xatırladıb.
Hazırda Qarabağda quruculuq tədbirləri həyata keçirilir, infrastruktur layihələri reallaşdırılır. Ziyanın hesablanması aparılır, şəhərlərin baş planları tərtib olunur. İlk növbədə, Ağdam şəhərinin və bu rayonun bütövlükdə baş planı hazırlanır. Bütün bunlardan sonra isə sosial obyektlərin, inzibati binaların inşası, nəhayət, məskunlaşmaya başlanılması nəzərdə tutulur.
İnfrastruktur layihələrinin reallaşdırılmasından danışarkən, bir məqama xüsusi toxunmaq istərdik. Bu, 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanan üçtərəfli Bəyanatın 9-cu maddəsi ilə bağlıdır. Bu maddədə bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunmasının zəruriliyi vurğulanır. Başqa sözlə desək, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının reallaşdırılması nəzərdə tutulur. Fevralın 14-də Prezident İlham Əliyevin Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoyması da sözügedən Bəyanatın 9-cu maddəsinin icrasına başlanılmasının bariz ifadəsidir.
Yeri gəlmişkən, Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri arasında 2021-ci il yanvarın 11-də reallaşan üçtərəfli görüş zamanı da nəqliyyat-kommunikasiya sistemlərinin bərpası əsas müzakirə mövzusu olub. Görüşün gedişində imzalanan yeni Bəyanata əsasən, 10 noyabr Bəyanatının 9-cu bəndinin müddəalarını icra etmək üçün Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupu yaradılıb. Həmin qrupun iclasında isə Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanatın həyata keçirilməsi, dəmir yolu və avtomobil yolunun salınmasının prioritet məsələ kimi icra olunması, eləcə də üç ölkə rəhbəri arasında razılaşdırılan digər istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı əsas fəaliyyət istiqamətlərinin siyahısı hazırlanıb.
Xatırladaq ki, əməkdaşlıq və nəqliyyat baxımından Zəngəzur dəhlizinin yaradılması Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan sənədlər arasında ən mühüm məsələlərdən biri sayılır və bu, Ermənistan da daxil olmaqla bütün regional ölkələrin maraqlarına xidmət edir. Azərbaycan bölgədə davamlı sülhün bərqərar olunması üçün əsas vasitəni əməkdaşlıqda görür və buna görə də Zəngəzur dəhlizin yaradılmasını və nəqliyyat əlaqələrinin bərpasını qətiyyətlə dəstəkləyir.
Prezident İlham Əliyev zirvə görüşündəki çıxışında bu barədə deyib: “Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən, Ermənistan üçün. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə start vermişdir. Əminəm ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər”.
Dövlətimizin başçısının bu fikirləri söyləməsi ondan xəbər verir ki, Zəngəzur dəhlizinin yaradılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsinin yeni bir “damarı” açılacaq və bu, nəticədə bölgə ölkələri arasında xüsusilə iqtisadi-ticari əlaqələrə müsbət təsir göstərəcək. Türkiyə bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolu reallaşdıracaq. Şübhəsiz ki, bu da, öz növbəsində, ikitərəfli iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaradacaq. Digər tərəfdən, Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və bu ölkənin türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə imkan verəcək.
Zəngəzur dəhlizi, həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və Orta dəhliz kimi beynəlxalq nəqliyyat dəhlizləri daxilində bölgənin əhəmiyyətini daha da artıracaq. Dəhlizin iqtisadi faydaları ilə yanaşı, onun reallaşması nəticəsində iqtisadi əlaqələrin genişlənməsi də bölgədə davamlı sülhün və təhlükəsizliyin qorunub saxlanmasına əhəmiyyətli dərəcədə təsir göstərəcək. Dayanıqlı iqtisadi inkişaf və sülh isə, təbii ki, gələcəkdə Ermənistan tərəfindən zərərli millətçi fikirlərin yayılmasının və yeni münaqişələrin yaranmasının qarşısını alacaq.
Ermənistan isə Zəngəzur dəhlizinin vurğulanan üstünlüklərindən yararlanarsa, başqa sözlə, regional əməkdaşlığa önəm verərsə, sosial-iqtisadi sahələrdə müsbət göstəricilərlə qarşılaşa bilər. İlk növbədə, iqtisadi blokadadan çıxmaq və iqtisadi inkişafını gerçəkləşdirmək imkanları əldə edər.
Əks halda, təcavüzkar siyasətindən əl çəkməsə, bu ölkədə işsizlik səviyyəsi daha da artacaq, mühacirət və yoxsulluqla müşayiət olunan oxşar iqtisadi vəziyyət getdikcə ağırlaşacaq, düşmən respublikada xaos və özbaşınalıq daha da dərinləşəcək.
Beləliklə, Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti gələcəkdə Azərbaycandan keçməklə Cənubi Avropa ilə Asiyanı birləşdirən bir layihəyə çevriləcək. Bu da, öz növbəsində, Qarabağın gələcəkdə iqtisadi potensialına böyük töhfə verəcək, bu bölgədə tikinti-quruculuq layihələrinin reallaşdırılmasını sürətləndirəcək.
Ekspertlər bildirirlər ki,
Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyünün təmin olunması Azərbaycanın dünyanın, eləcə də regionun ən cəlbedici ölkəsinə çevrilməsini gücləndirir. Dövlətimizin başçısı tərəfindən Füzuli rayonunda uzunluğu 100 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlinin qoyulması isə daha bir regional nəqliyyat layihəsinin işə düşəcəyindən xəbər verir.
Azərbaycanın uzun illər təhlükəsiz tranzit ölkə kimi qazandığı nüfuz və maliyyə resursları da Horadiz-Zəngilan-Ağbənd dəmiryolu xəttinin uğurla reallaşdırılacağına imkanı verəcək. Digər tərəfdən, bu infrastruktur bütün türk dünyasını birləşdirməklə yaxın gələcəkdə regionun türkdilli dövlətləri arasında dərin iqtisadi-siyasi birliyin qurulmasına və möhkəmlənməsinə də əsaslı təsir göstərəcək.
Azərbaycan regionda güclü potensiala sahib olan və tranzit əlaqələri təmin edən ölkədir. Bütün iqtisadi maraqlar Azərbaycanın ərazisində kəsişdiyinə görə, burada bütövlükdə regionun təhlükəsizliyi məsələsi önəm daşıyır. Ermənistanın düşmən münasibəti bütün region üçün təhdid deməkdir və bu yolu seçərsə, növbəti dəfə öz dezinteqrasiyasının mənfi nəticələrini görəcək.
 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

2 Aprel 2021 00:52 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə