Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qalib xalqın şanlı ordusu

“Ordun varsa, yurdun var” demişik zaman-zaman. Bu zərbməsəl dilimizin əzbəri olsa da, son yüzilliklərdə böyük müdafiə gücünə malik olan ordu yaratmaq arzumuza tam çata bilməmişik. Nəhayət, XX əsrin sonlarında müstəqillik əldə edən Azərbaycan öz ordusunu da yaratdı və bu ordu ölkəmizin ərazi bütövlüyünü qorumaq yolunda addım-addım irəliləyərək formalaşdı. Birinci Qarabağ savaşında ölkəmizin elan olunmamış müharibəyə cəlb olunduğu, təkləndiyimiz, köməksiz, arxasız qaldığımız çətin günlərdə ordumuzun gücünə arxalansaq da daxili çəkişmələrin, xəyanətlərin nəticəsində işğalçı Ermənistanın torpaqlarımızı işğal etməsi ilə üz-üzə qaldıq. Xəyanətlər, geriçəkilmələr nəticəsində Beyləqan rayonu ərazisinə qədər gəlib çıxan işğalçılar ölkəmizin böyük bir ərazisini zəbt etsə də, məmləkətimizin çətin günlərində onun xilaskarı kimi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin dəyanətinə söykənib Azərbaycan əsgərinin vətənsevərliklə döyünən ürəyinin təpərinə, ordumuzun gücünə inamımızı, qələbəyə ümidimizi itirmədik...

 

İllər ötdü, dəstə-dəstə, bölük-bölük yaranıb ağır döyüşlərdə bərkiyən ordumuz ümummilli lider Heydər Əliyevin komandanlığı altında ardıcıl keçirilən təlimlərdə formalaşıb möhkəmləndi. Azərbaycan Ordusunun irimiqyaslı təlimlərdə nümayiş etdirdiyi döyüş hazırlığı hər dəfə xalqımızın qəlbində qələbəyə bir daha ümid işığı yandırırdı. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında ölkəmizin hərbi məktəbləri yenidən quruldu, bu hərbi təhsil ocaqlarında müasir təlim-tədris şəraiti yaradıldı. 1994-cü il mayın 14-də Brüsseldə ölkəmizin “NATO-nun sülh naminə tərəfdaşlıq proqraqmı”na qoşulması haqda sənəd imzalandı və bu da ordumuzun müasirləşməsinə yol açdı.

İnkişafının, daha da irəliləməsinin bünövrəsini ulu öndərin qoyduğu ordu quruculuğu işi respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildi və Azərbaycanın hərbi gücü yüksəldi. Azərbaycan Ordusu inkişaf tempi ilə dünyanın qabaqcıl ordularının sırasında 50-ci yerdə qərarlaşdı, arsenalına, döyüş təcrübəsinə və müdafiə potensialına görə Qafqaz regionunda ən güclü ordu statusu qazandı. Ordumuz NATO hərbi blokuna daxil olan ölkələrin silahlı qüvvələri ilə geniş hərbi əməkdaşlığın, eləcə də NATO standartlarına uyğunlaşma prosesinin hesabına ötən illər ərzində daha böyük uğurlar qazandı. Silahlı qüvvələrimizin ən çox arzulanan uğuru isə hamımızın illərlə səbirsizliklə gözlədiyimiz torpaqlarımızın azadlığı uğrunda mübarizədə qələbəsi oldu. Azərbaycan Ordusu müzəffər Ali Baş Komandanı başda olmaqla bütün dünyaya yüksək mənəvi, psixoloji və döyüş hazırlığı, doğma Vətəninə, xalqına isə hədsiz sevgi və sədaqətini nümayiş etdirərək böyük qələbəyə imza atdı. Qələbə ilə bitən Vətən müharibəsinin gedişatında Azərbaycan əsgəri Vətənə sevgi ilə silahlanan döyüşçünün gücünü heç bir müasir silahın belə əvəz etmədiyini bütün dünyaya nümayiş etdirdi. İndi silahlı qüvvələrimizin böyük şücaət, döyüşçü cəsarəti nümayiş etdirdiyi 44 günlük Vətən müharibəsinin hər günü, hər saatı, qəhrəmanlıq nümunələri ilə dolu hər anı bütün dünya ordularına nümunədir. İnkişaf etmiş ölkələrin silahlı qüvvələri, dünyanın supergücləri belə Azərbaycan Ordusunun Vətən müharibəsindəki hərbi əməliyyatlarını yüksək qiymətləndirir, eləcə də, diqqətlə araşdırır, silahlı qüvvələrimizin bu döyüş təcrübəsindən yararlanmağa çalışırlar.

Böyük dövlətlərin tarixindən bu günə qədər bir gerçəklik var ki, hər bir ölkənin gücü onun ordusunun gücü, hazırlığı ilə ölçülür. Ona görə də hər bir ölkə daxili sabitliyi qoruyan, xarici təcavüzə qarşı dayanan silahlı qüvvələrinin inkişafına, maliyyələşdirilməsinə xüsusi diqqət göstərir. Ölkəmiz bu sahədə hələ illərlə əvvəl hərbi xərclərini artırmaqla, ordu quruculuğu işinə xüsusi diqqət ayırmaqla sübut etdi ki, yeri gəldikdə hərbi güclə siyasət meydanında həllini tapmayan məsələləri də çozmək olar. Xarici ölkələrin media nümayəndələri bu qələbəmizin müəllifinin, xüsusi olaraq, respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin olduğunu əbəs yerə dönə-dönə vurğulamırlar. Bugünkü şərəfli tariximizdən ruhlanaraq qalib ordumuza, müzəffər Ali Baş Komandanımıza hər birimiz öz fəaliyyət sahəmizdə vicdanla çalışaraq arxa-dayaq olmalıyıq. Sevincini yaşadığımız böyük qələbəyə, şərəfli tarixə imza atan qəhrəman döyüşçülərimiz qanları, canları bahasına sübut etdilər ki, Azərbaycanın bugünkü inkişafı və gələcəyi onun müdafiəsində duran ordumuzun, Azərbaycan əsgərinin döyüş hazırlığından, gücündən çox asılıdır.

Biz müəllimlər də gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsidə üzərimizə düşən vəzifələri dərk edirik. Çalışırıq ki, ordumuzun sıraları daim cəsarətli, Vətənsevər döyüşçülərlə möhkəmlənsin. Bu günün şagirdi sabahın əli silah tutan, torpaqlarımızın keşiyində dayanan qorxmaz əsgəridir. Elə etməliyik ki, məktəb partası arxasından ayrılıb Vətənin keşiyində dayanmaq üçün yollanan hər bir gənc öz doğma torpağının tarixini, ata-babalarımızın qəhrəmanlıq dolu həyat yolunu yaxşı öyrənsin. Hamılıqla çalışmalıyıq ki, bu günün gəncliyinin sahib çıxacağı sabahımız işıqlı, Ordumuz güclü olsun, qolumuzun gücü ilə geri qaytardığımız qədim yurd yerlərimizə bir də məkrli düşmənin işğalçı ordusu ayaq basmasın.

 

Sima ƏHMƏDOVA,

Bakıdakı Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini

2 Aprel 2021 00:35 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə