Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Heydər Əliyev: “Veteranlar bizim qızıl fondumuzdur”

Azərbaycanda veteran hərəkatının tarixi şərəfli səhifələrlə zəngindir. Təsadüfi deyil ki, ulu öndərimiz Heydər Əliyev müstəqilliyin ilk illərində demişdir: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər... Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, veteranlar bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək, bizim dövlətin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının müqəddəs borcudur”. 

 

Tarixi qələbəmizi dərindən düşünüb təhlil edərkən, ilk növbədə, veteranlar və veteran hərəkatı yada düşür. 27 sentyabr 2020-ci ildən başlayan Qarabağ uğrunda döyüşlər – Vətən müharibəsi və ya “Dəmir yumruq” əməliyyatı məhz Ali Baş Komandanımız cənab İlham Əliyevin öz ordusuna, silahlı qüvvələrinə, veteranlarına verdiyi tarixi qiymətin və dəyərin haqlı olduğunu tam təsdiq etdi. Şəxsən onun bilavasitə rəhbərliyi və çağırışı ilə başlanan xilaskarlıq missiyası, 44 gün davam edərək, tarixi qələbəni – erməni faşizminin otuz ildən çox əsarətdə saxladığı tarixi torpaqlarımızın – Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Şuşanın və başqa ərazilərimizin işğaldan azad edilməsi ilə nəticələndi. Artıq dünya hərb tarixi elminə qızıl hərflərlə yazılmış “Dəmir yumruq” əməliyyatı və ya Vətən müharibəsi, milli tariximizin ən şərəfli və unudulmaz səhifələrindəndir.

“Harop” zərbə pilotsuz uçuş aparatlarından, zərbə dronlarından, “Bayraktar TB2” pilotsuz təyyarələrindən böyük məharətlə istifadə edən Milli Ordumuz – əsgərlər və zabitlər düşmənin milyardlarla dollar dəyəri olan hərbi texnikasını məhv etdi. Azərbaycan Ordusunun unikal, fərdi, taktiki və texniki manevrləri, uçuşları tarixi qələbəni təmin etdi, inanılmaz qələbə qazanıldı. Xüsusilə, tarixi şəhərimiz Şuşanın erməni faşistlərindən qəhrəmanlıqla azad edilməsi taktikası dünya hərb tarixinə, artıq bir qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur.

Dronların düşmənin texnikasına və canlı qüvvəsinə dəqiq zərbələr endirməsi, artilleriya atəşlərini korreksiya etməsi və ən yüksək səviyyədə kəşfiyyat aparmaq keyfiyyətlərinə sahib olması Azərbaycan Ordusunun müasir texnoloji keyfiyyətə və üstünlüyə sahib olduğunu təsdiq etdi. Qərbdə deyildiyi kimi, Azərbaycan Ordusunun sahib olduğu “sehrli texnologiya” onun real qələbəsini təmin edən əsas amil olsa da, əsgərlərimizin və zabitlərimizin fədakarlığı və qəhrəmanlığı təkrarsızdır. Bu misilsiz tarixi qələbə Ali Baş Komandanımız İlham Əliyevin mükəmməl rəhbərliyi ilə əldə edildi. “Biz birlikdə güclüyük!” çağırışı bütün ölkə vətəndaşlarını, necə deyərlər, qələbə bayrağı altında bir yumruq kimi Prezidentimizin, Ali Baş Komandanımızın ətrafında birləşdirdi və tarixi qələbənin təmin olunmasını reallaşdırdı. KİV-in məlumatlarına görə, hazırda Azərbaycan Ordusunun tarixi qələbəsini təmin edən döyüş strategiyası və taktikası dünya hərb elminin tanınmış mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilir, öyrənilir, tədqiq olunur və dərsliklərə daxil edilir. Bu tarixi faktlara görə hər birimiz böyük qürur hissi keçirdik. Bununla yanaşı, qələbə millətimizin və xalqımızın Vətənə bağlılığını, azadlıq uğrunda ölüm-dirim mübarizəsinə fədakarlıqla və cəsarətlə getdiyini, milli döyüş ruhumuzun tarixi ənənələrə söykənərək çox yüksək olduğunu bir daha təsdiq etdi.

Azərbaycanda Veteranlar Hərəkatı çox böyük tarixi yol keçmiş və bugünkü qələbəmizin tarixi və ideoloji əsasında dayanmışdir. “Veteran” sözü öz etimoloji mənbəyini qədim Romanın hərb tarixindən götürsə də, onun öz üstünlükləri və keyfiyyət göstəriciləri milli qürur yerimizə çevrilmişdir. “Qocaman əsgər”, “təcrübəli döyüşçü” və s. bu kimi mənaları ifadə edən “veteranus”, latınca “qoca” mənasını ifadə edir. Qədim Romanın müharibə tarixində, hərbi xidmətini başa vurmuş döyüşçülərə verilən “veteran” adı həm də böyük səfərbəredici mahiyyət daşımışdır. Yuli Sezarın “Dəmir döyüşçülər” adlandırdığı “veteran legionları” xüsusi hərbi bacarığı və şücaəti ilə fərqlənən peşəkar hərbçilərdən təşkil olunurdu. Belə şəxslər İtaliyada, qədim Romada köləlikdən azad edilir və onlara vətəndaşlıq hüququ verilirdi. Təsadüfi deyil ki, Roma imperatorluğu, dünya tarixində ilk dəfə olaraq, belə şəxslərin sosial təminatının ən yüksək formada həll edilməsi ilə tarixə düşmüşdür. Orduda döyüşmək və qalibiyyəti təmin etmək Böyük Roma imperatorluğu vətəndaşlarının, Vətən qarşısında dayanan ən mühüm və şərəfli vəzifəsi hesab olunurdu.

Hələ Rusiya imperiyasının tərkibində olduğu dövrdə, xüsusi döyüşkənliyi, cəsarəti, mərdliyi və sədaqəti ilə fərqləndiyinə baxmayaraq, müsəlman azərbaycanlıların hərbi xidmətə çağırılması, hərbi məktəblərdə oxuması, təhsil alması, zabit kimi fəaliyyət göstərməsi, faktiki olaraq, məhdudlaşdırılmışdır(bu işdə ermənilərin də tarixi rolu olmuşdur). Buna baxmayaraq, milli tariximizdə şərəfli ad qazanmış generallar Səməd bəy Mehmandarov, “Rus artilleriyasının Allahı” kimi tanınan Əliağa Şıxlinski Hüseyn xan Naxçıvanski, habelə digər sərkərdələr – Əbülfət ağa Şahtaxtınski, Kəlbəli xan Naxçıvanski, Xosrov bəy Sultanov, İbrahim ağa Vəkilov, Həbib bəy Səlimov, İbrahim ağa Usubov, Hüseyn xan Naxçıvanski, Mirkazım bəy Talışxanov, Firudun bəy Vəzirov, Qalib bəy Vəkilov, Daniyel bəy Hələcov, Əliyar bəy Haşımbəyov, Süleyman bəy Əfəndiyev, Teymur bəy Novruzov, Əmir Kazım Mirzə Qacar, Feyzulla Mirzə Qacar, Cavad bəy Şıxlinski, Əbdülhəmid bəy Qaytabaşı, Murad Tlexas, Məmməd Sadıq bəy Ağabəyzadə, Məhəmməd bəy Sulkeviç, Əmənulla Mirzə Qacar və onlarca digərləri öz qələbə uğurları ilə tarixə düşmüşlər.

Təsadüfi deyil ki, Azərbaycanda Novruzovlar nəslindən üç, Qacarlar nəslindən yeddi, Yadigarovlar nəslindən dörd, Cavanşirlər nəslindən dörd, Talışxanovlar nəslindən beş, Şıxlınskilər nəslindən üç, Kəngərlinskilər nəslindən beş, Bakıxanovlar nəslindən üç hərbi sərkərdə – general yetişmişdir.

Birinci dünya müharibəsində 81 saylı Abşeron alayı, 82 saylı Dağıstan alayı, 83 saylı Samur alayı, 84 saylı Şirvan alayı, 205 saylı Şamaxı alayı, 206 saylı Salyan alayı fədakarlıqla vuruşmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra, Rusiya ordusunda xidmət edən 21 general Bakıya gələrək Xalq Cümhuriyyəti Ordusunda xidmət etmək arzularını bildirmişlər. Erməni daşnak terroru nəticəsində Milli Ordumuzda xidmət edən 12 general, 27 polkovnik, 46 kapitan, 148 praporşik, 260 nəfər digər rütbəli hərbi qulluqçularımız vəhşicəsinə qətlə yetirilmişdir.

Azərbaycan hərb tarixinin ən şərəfli səhifələrindən biri, II Dünya müharibəsi illərinə təsadüf edir. SSRİ-nin tarixi qələbəsinin təmin olunmasında Azərbaycanın Bakı neftinin misilsiz xidmətləri olmuşdursa, döyüşçülərimiz və sərkərdələrimiz tarixi hərbi ənənələri təkrar etmişlər.

Hələ Rusiya imperiyasının işğalçılıq siyasəti zaman-zaman ordu quruculuğunun daim diqqət mərkəzində saxlanılması haqlı olaraq önə çəkilmiş, əsgər və zabitlərə xüsusi diqqət və güzəştlər tətbiq olunmağa başlanılmışdır. Bu iş, xüsusilə, SSRİ dövründə, II Dünya müharibəsində əldə edilmiş böyük qələbədən sonra, ciddi vüsət almış, imperialist dövlətlərin əhatəsində olan SSRİ-nin ordu quruculuğu ən vacib dövlət siyasətinə çevrilmişdir. Sovet İttifaqının tərkibində olduğu dövrdə, ölkəmizdə bu sahədə də müəyyən uğurlu addımlar atılmışdır. Müttəfiq respublika olmasına baxmayaraq, məhz ulu öndər Heydər Əliyevin qətiyyəti ilə, hələ 1971-ci ildə, Bakıda Cəmşid Naxçıvanski adına ixtisaslaşmış hərbi lisey yaradılmışdır. Ulu öndərin həmin tarixi xidmətləri, gələcəkdə müstəqillik əldə edəcək Azərbaycan Respublikasının Milli Ordusunun kadr ehtiyaclarını ödəməyə hesablanmış böyük uzaqgörənlik idi.

Veteran hərəkatı isə bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da daim diqqətdə saxlanılmış və inkişaf etdirilmişdir. Sov.İKP MK 1956-cı il iyunun 3-də böyük rəşadət və igidlik göstərərək, nəinki SSRİ-ni, habelə bütün Avropanı faşizmdən xilas etmiş müharibə veteranlarını bir təşkilatda birləşdirmək təşəbbüsü ilə çıxış etdi. Buna görə də 29 sentyabr 1956-cı ildə “Sovet Müharibə Veteranları Komitəsi” təsis edildi. Sonradan digər veteranların da (əmək veteranı və s.) həmin təşkilatda birləşməsi təmin edildi və müttəfiq respublikalarda da onun nümayəndəlikləri təsis olundu. Buna görə də illər keçdikcə veteran hərəkatı daha böyük vüsət aldı, genişləndi və yeni-yeni səhifələrlə zənginləşdi. Xüsusilə faşizm üzərində qələbənin 20 illik yubileyinin keçirilməsi münasibətilə veteranlara və veteran təşkilatlarına göstərilən diqqət daha da inkişaf etdirildi. Gənclər bütün ittifaq miqyasında tarixi yürüşlər keçirir və ölkənin inkişafında fəallıq göstərirdilər. Bu yürüşlər içərisində “Brest qalasına tarixi yürüş” xüsusilə qeyd edilməlidir. Tarixçilər qeyd edirlər ki, “Brestin məşhur meydanında, bütün ölkə veteranları adından, qalanın tarixi müdafiəçiləri, yürüş iştirakçıları olan gənclərə, simvolik olaraq qəhrəman qalanın açarını təqdim edirlər”. Çox maraqlıdır ki, qəhrəman “Brest” qalasının tarixi açarını SSRİ gənclərinin nümayəndəsi, gənc toxucu Valentina Kondratiyevaya Azərbaycan məktəblisi İlham Əliyev (hazırki Prezidentimiz – B.Z.) təqdim etmişdi. Fikrimcə, bu gün ölkə Prezidenti, cənab İlham Əliyevin Azərbaycan veteranlarına göstərdiyi xüsusi qayğı və diqqət, məhz həmin dövrdən başlanmışdır.

İttifaq miqyasında geniş vüsət almış veteran hərəkatı 21 mart 1987-ci ildə Azərbaycan Respublikasında Veteranlar Təşkilatının birinci qurultayında, yeni bir təşkilatın – veteranlar təşkilatının təsis edilməsi ilə nəticələnmişdi. Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı, ölkənin bütün sahələrində olduğu kimi, veteran hərəkatının da yeni inkişaf mərhələsinə keçidinə səbəb oldu. Veteranlara və veteran təşkilatlarına lazımi şərait yaradıldı. Ən böyük və yadda qalan hadisə isə 28 iyun 1994-cü ildə ölkə tarixində ilk dəfə olaraq “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi oldu. Həmin qanun Heydər Əliyev tərəfindən Milli Məclisə təqdim edilmişdir. Qanunda veteranlara dair dövlət siyasətinin əsas istiqamətləri müəyyən edilmiş, müharibə veteranlarının, Silahlı Qüvvələr veteranlarının, Əmək veteranlarının statusu, onların pensiya təminatı, istehsal fəaliyyəti, mənzil-məişət şəraiti, dərman və müalicə vasitələri ilə təminatı, onlar üçün nəzərdə tutulan əlavə güzəştlər, veteranların sosial və tibbi müdafiəsi, digər zəruri və vacib məsələlər, ilk dəfə olaraq hüquqi baxımdan mükəmməl tənzim edilirdi. Qanunun 21-ci maddəsində göstərilirdi ki, veteranların sosial müdafiəsini müvafiq icra hakimiyyəti orqanları planlaşdırır və veteranların sosial müdafiəsi proqramları dövlət büdcəsinin, Azərbaycan Respublikası Sosial Müdafiə Fondunun vəsaiti hesabına maliyyələşdirilir. Veteranların Respublika Təşkilatı isə dövlət büdcəsi hesabına ayırmalarla maliyyələşdirilirdi.

Ulu öndərimiz Heydər Əliyevin siyasi varisi, onun dövlətçilik və idealoji kursunun şərəfli davamçısı, ölkə Prezidenti, müzəffər ordunun Ali Baş Komandanı İlham Əliyev isə veteranlar haqqında demişdir: “Onlar xalqımızın fəxridir, cəmiyyətin ən dəyərli insanlarıdır... Hər bir vəzifəli şəxs, sizə böyük diqqət və qayğı göstərməlidir. Mən bütün məmurlara tapşırmışam ki, sizin problemlərinizlə məşğul olsunlar ki, siz rahat yaşaya biləsiniz. Sizin buna haqqınız çatır... Çünki siz Vətəni müdafiə etmisiniz, qəhrəmanlıq göstərmisiniz... Biz sizinlə fəxr edirik. Gənc nəsil də sizinlə fəxr etməlidir. Gənc nəslimizin vətənpərvərlik uğrunda tərbiyə olunmasında, sizin kimi insanların rolu çox böyükdür”.

Məhz, cənab İlham Əliyevin, eləcə də, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük diqqət və qayğısı nəticəsində Azərbaycan Respublikasının Veteranlar Təşkilatı müasir ofislə, inventarlarla, nəqliyyat vasitələri ilə təmin edilmişdir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, Prezident təqaüdçüsü, fədakar ana Fatma xanım Səttarova, ölkədə veteranlara göstərilən qayğı və diqqəti qürur hissi və minnətdarlıqla xatırladaraq, təşkilatın bu yaxınlarda keçirilmiş plenumundakı çıxışında, “ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanı “veteranlarımızın hamisi” adlandırmaqla, onlara öz dərin minnətdarlığını bildirmişdir.

21 mart Azərbaycan Respublikası Veteranlar Təşkilatının təsis edilməsi günü idi. Bu tarixi gün münasibətilə bütün ölkə veteranlarını ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, uğurlar və ölkə Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ətrafında “Dəmir yumruq” kimi möhkəm birləşməyə çağırıram. Qarabağ Azərbaycandır!

Bəhram ZAHIDOV,

Azərbaycan Respublikası Veteranlar Təşkilatının hüquq və kadr şöbəsinin müdiri,

müharibə və əmək veteranı, hüquq elmləri doktoru,

professor 

2 Aprel 2021 00:15 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə