Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İtaliya hökuməti karantin rejimini sərtləşdirir

Son günlər İtaliyada COVID-19 infeksiyasına yoluxanların sayında artım müşahidə olunur. Bunu nəzərə alaraq, hökumət bu ölkəyə səfər edən əcnəbilər üçün qaydaları sərtləşdirməyi qərara alıb. Bu barədə “Euronews” agentliyi məlumat yayıb.

Səhiyyə naziri Roberto Sperantsa dünən jurnalistlərə bildirib ki, hökumət Avropa İttifaqı (Aİ) vətəndaşlarının ölkə ərazisinə daxilolma qaydalarında dəyişiklik edib.

Belə ki, Aİ ölkələrindən İtaliyaya gələnlər mənfi koronavirus testinə sahib olmalı və beş günlük karantinə alınmalıdır. İtaliyaya digər ölkələrdən gələnlər üçün isə iki həftəlik karantin tətbiq olunur. Eyni zamanda, həftəsonu qeyd olunacaq Pasxa bayramı günlərində ölkədə tam qapanma tətbiq olunacaq. Yeri gəlmişkən, Aİ-nin digər ölkələri də son günlər yeni koronavirus pandemiyası ilə mübarizədə sərt tədbirlər görməyə başlayıblar.

Məsələn, Almaniya rəsmiləri ölkənin COVID-19-un üçüncü dalğasını nəzarət altına almağa çalışdıqlarını və bu məqsədlə qonşu Çexiya ilə sərhədi daha iki həftə bağlı saxlayacaqlarını bildiriblər.

Berlində keçirilən mətbuat konfransında Almaniyanın daxili işlər naziri Horst Zihofer Çexiyada COVID19-la bağlı vəziyyətin hələ də “sabit olmadığını"”deyib. O, sərhəd mühafizəçilərinə Çexiya ərazisindən Almaniyaya daxil olmaq istəyən hər kəsdən mənfi test sənədi tələb etmələrinə göstəriş verdiyini deyib və həmin şəxslərin 14 gün ərzində karantində qalmalı olduqlarını bildirib.

Xəbərdə həmçinin qeyd edilir ki, Almaniyada Fransa, Danimarka və Polşa da daxil olmaqla, əsasən Pasxa tətilindən sonra, iki həftə ərzində bütün sərhədlər boyunca yoxlamalar aparılacaq.

 

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

1 Aprel 2021 07:01 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə