Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türk–müsəlman əhaliyə qarşı erməni soyqırımları

Əgər beynəlxalq birlik Ermənistanı törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmirsə, – necə ki, Xocalı soyqırımına görə heç kim onları məsuliyyətə cəlb etməyib, – biz özümüz onları məsuliyyətə cəlb edəcəyik. Biz özümüz onların cəzasını verəcəyik, özümüz onları cəzalandıracağıq və bizim cəzamız ədalətli cəza olacaqdır. Onlar ən ağır cəzaya layiqdirlər. Ermənistanın hərbi-siyasi rəhbərliyi cinayətkarlardır və biz bu cinayətkarları cəzalandıracağıq.
 

İlham ƏLIYEV
Azərbaycan Respublikasının Prezidenti

 

Bir əsrdən çoxdur ki, erməni ideoloqları və onların havadarları dünyanı inandırmaq istəyirlər ki, 1915-ci ildə Osmanlı ərazisində “zavallı” erməni xalqına qarşı dövlət səviyyəsində qırğın törədilmişdir. SSRİ dağılana qədər bu təbliğat bilavasitə Türkiyə Respublikasına qarşı yönəldilir, dolayı yolla bu məsələdə bütün türk-müsəlman dünyası günahlandırılırdı. Çar Rusiyasının Osmanlı dövlətinə nifrəti SSRİ dövlətinin siyasətində və təbliğatında davam etdirilməyə başladı. Beləliklə, XX əsrin 60-cı illərində bu yalançı təbliğat ayaq tutaraq yeriməyə başladı.

Bəs soyqırıma məruz qalan kimlər olmuşdur? Birinci dünya müharibəsi ərəfəsində Osmanlı dövlətinin 3-cü ordusuna rəhbərlik edən Ənvər paşa Ərzurumda erməni liderləri ilə görüşündə yəqin etdi ki, müharibə başlanarsa, onlar Osmanlı dövlətini müdafiə etməyəcəklər. Çünki, çar Rusiyası gələcəkdə müharibənin nəticəsindən asılı olmayaraq Osmanlı ərazisində erməni muxtar dövlətinin yaradılmasına söz vermiş və bununla Osmanlı dövlətinin tərkibində olan erməniləri Türkiyəyə qarşı müharibəyə cəlb edə bilmişdi. Birinci dünya müharibəsi ərəfəsində çar II Nikolayın Qafqaza gəlişi və ermənilərə osmanlılara qarşı əməkdaşlıq təklif etməsi məsələni daha da ciddiləşdirdi. Çar Tiflisdəki nitqini belə tamamladı: “Qoy, rus bayrağı altında üzən gəmilər Bosfor və Dardanel boğazlarında sərbəst hərəkət etsin. Qoy, erməni xalqı Rusiyanın köməyi ilə Osmanlı ərazisində öz müstəqil dövlətini qura bilsin!”. Beləliklə, II Nikolayın bu qərəzli və təhrikedici çıxışı ermənilərin Rusiya tərəfindən Türkiyəyə qarşı müharibədə iştirakını təmin etdi. Türk torpaqlarının işğalına və əhalisinin məhv edilməsinə hazırlaşan erməni ideoloqları erməni kilsəsindən xeyir-dua aldılar.
Məlum olduğu kimi, 1914-cü il noyabrın 1-də rus ordusu Qafqaz istiqamətində Osmanlı sərhədlərini keçdi. Qars, Ərdəhan və Batum uğrunda döyüşlərdə hər iki tərəf böyük itki verdi. Lakin Sarıqamış yaxınlığındakı döyüşdə bir tərəfdən sərt qış, o biri tərəfdən rus ordusunun daha güclü hazırlığı türklərdən 90 min əsgər və zabitin əsir alınması ilə nəticələndi. Rus ordusunun Şərqi Anadoluya daxil olması ermənilərə türklərə qarşı qırğın törətmək üçün şərait yaratdı. Rus ordusunun tərkibində xidmət edən ermənilərlə yerli ermənilər birləşərək, heç bir günahı olmayan yüz minlərlə dinc əhalini qətlə yetirir və onları öz dədə-baba yurdlarından didərgin salırdılar.
Erməni ideoloqlarının uzun illər boyu təbliğ etdikləri “böyük Ermənistan” planının reallaşması üçün şərait yaranmışdı. Ermənilərin yerli əhaliyə qarşı bu münasibəti Osmanlı dövlətini müəyyən müdafiə tədbirləri görməyə məcbur etdi. Belə ki, 1915-ci il mayın ortalarında Van, Bitlis və Ərzurumda erməni əhalisi döyüş meydanından uzaqlaşdırıldı. Bununla da türklərin rus və ingilislərə qarşı döyüşlərində ermənilərin neytrallığı təmin edildi. Eyni zamanda, Osmanlı dövlətinin hərbi rəhbərliyi türklərə və digər müsəlmanlara ermənilərə qarşı hər hansı zorakılıq törətməyi qadağan edən göstəriş vermişdi. 1919-cu il yanvarın 30-da Londonda çıxan “Tayms” qəzeti yazırdı: “Köçürülən erməni əhalisinin gələcəkdə öz evlərinə qayıtması və əmlakına sahib durması üçün Osmanlı hökuməti tərəfindən xüsusi komissiya yaradıldı. Komissiyanın işi erməni əhalisinin siyahıya alınmasından ibarət idi. Komissiyanın sənədlərində dönə-dönə qeyd olunur ki, müharibə başa çatandan sonra erməni əhalisi öz evlərinə qaytarılacaqdır”.
Antantanın təbliğat maşını və erməni millətçiləri sübut etmək istəyirlər ki, Birinci dünya müharibəsi illərində Osmanlı ərazisində bir milyondan artıq erməni öldürülmüşdür. Bunun üçün fakt kimi müharibəyə qədər ermənilərin 2 milyon 500 min nəfər olduğu göstərilirdi. Halbuki, Osmanlı dövlətinin rəsmi məlumatına görə müharibəyə qədər bu ərazidə 1 milyon 300 min erməni yaşayırdı. Göstərilən əhalinin yalnız yarısı döyüş əməliyyatları gedən ərazidə yaşayırdı. Müharibə dövründə yarım milyon erməni Türkiyədən Qafqaza və başqa yerlərə köçmüş, 150-200 min erməni Qərbi Avropa və ABŞ-a mühacirət etmişdi. Deməli, ehtimal etmək olar ki, ölən əhalinin sayı 200 min nəfər olmuşdur. Təbii ki, bu rəqəmin içində təkcə köçürmə nəticəsində ölənlər yox, aclıqdan, soyuqdan ölənlər və itkin düşənlər də vardır. “Tayms” qəzeti isə yazırdı: "Bu, bir danılmaz həqiqətdir ki, müharibə illərində Osmanlı ərazisində iki milyon türkün həyatına son qoyulmuşdur".
Erməni ideoloqları dünyanı inandırmaq istəyir ki, guya 1915-ci il aprelin 25-də daxili işlər naziri Tələt paşa erməni əhalisinin dövlət səviyyəsində qırılması haqqında yazılı göstəriş vermişdir. Bu günə qədər erməni ideoloqları həmin sənədin əslini fakt kimi heç kimə göstərə bilməmişlər. Ona görə ki, belə sənəd ümumiyyətlə olmamışdır.
1919-cu il Paris Sülh Konfransı dövründə Osmanlı rəhbərlərinin gizli yazışmaları diqqətlə yoxlanıldıqdan sonra ermənilərin kütləvi surətdə öldürülməsi haqqında heç bir sənəd və əmr tapılmadı. Əksinə, Avropadan gələn məmurlar belə faktla rastlaşdılar ki, köçürülən erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün Osmanlı dövləti tərəfindən onlarca əmr və göstəriş verilmişdir.
Osmanlı ərazisində müsəlman əhalisinə qarşı ilk soyqırımı 1915-ci il martın 14-də Van şəhərində erməni dəstələri tərəfindən törədildi. İki gün ərzində şəhərin müsəlman əhalisi qılıncdan keçirilərək, onlara olmazın əzablar verildi. Osmanlı ərazisini işğal edən rus ordusunun himayəsi altında "Erməni Van dövləti" yaradıldı. Van soyqırımından sonra erməni və rus birləşmələrinin Bitlis vilayətinə hücumu başladı. Mosula qədər böyük bir ərazi erməni daşnak qüvvələrinin işğalı altına düşdü. 1915-ci il iyulun ortalarına qədər Van ərazisinə 250 min erməni köçürüldü. Halbuki, bu ərazidə 50 mindən artıq erməni yaşamamışdı.
1915-ci il iyulun ortalarından etibarən ermənilərin bu ərazilərdə törətdikləri cinayətlərin sayı-hesabı yox idi. İyulun ortalarından sonra Osmanlı ordusunun əks-hücumu nəticəsində geri çəkilən rus-erməni ordusu ilə birlikdə erməni əhalisi də bu əraziləri tərk etməyə başladı. 200 minlik erməni əhalisi rus ordusunun müşaiyyəti ilə Cənubi Qafqaz istiqamətinə üz tutdu. Doğrudur, bir çox yerlərdə bu əhali kürdlərin hücumlarına məruz qaldı. Çünki kürdlər də erməni soyqırımına məruz qalanlardan idilər.
Birinci dünya müharibəsi illərində erməni-osmanlı münasibətlərinə dair həm obyektiv baxımdan, həm də sənədlərin əksəriyyəti qeyri-müsəlman müəlliflərinə məxsus olduğuna görə, ABŞ Konqresi kitabxanasında saxlanılan "Bristolun sənədləri" diqqəti cəlb edir. Bu külliyyatda qeyd olunur ki, "dəqiq statistik mənbələrdən məlumdur ki, 1912-1922-ci illər ərzində 600 minə yaxın erməni həlak olmuşdur. 1,5-2 milyon erməninin ölümü ilə bağlı fikirlər fərziyyədən başqa bir şey deyildir. Müharibə gedən ərazidə insanların ölümü və itkin düşməsi adi bir haldır". Bristolun sənədlərində göstərilir ki, qeyd olunan dövrdə isə 2,5 milyon türkün həyatına son qoyulmuşdur. Türklərin ölümü və öldürülməsi ermənilərin ölümündən daha faciəli olmuşdur.
Yuxarıdakı faktlardan belə nəticəyə gəlmək olar ki, I Dünya müharibəsi illərində Osmanlı ərazisində soyqrıma məruz qalan ermənilər yox, yerli türk əhalisi olmuşdur.
1917-ci ilin fevralında Rusiyada 300 ildən çox hakimiyyətdə olan Romanovlar sülaləsi devrildi. Rusiyada Müvəqqəti hökumət yaradıldı. Müvəqqəti hökumətin Zaqafqaziya idarəçiliyi üzrə Xüsusi Zaqafqaziya Komitəsi fəaliyyətə başladı. Müvəqqəti hökumət elan edirdi ki, I Dünya müharibəsi başa çatdıqdan sonra Rusiya ərazisində yaşayan xalqların müqəddəratı məsələsinə baxılacaqdır. Lakin 1917-ci ilin oktyabrında V.İ.Lenin başda olmaqla bolşeviklər tərəfindən hakimiyyətin zorakı yolla ələ keçirilməsi Rusiyanın himayəsi altında yaşamağa məhkum edilən məzlum xalqların arzularını puça çıxartdı. 1917-ci ilin noyabrında Tiflisdə Zaqafqaziya Komissarlığı yaradıldı. Burada Azərbaycan, erməni və gürcü nümayəndələri təmsil olunurdular. Bakıda Stepan Şaumyan başda olmaqla bolşeviklər bölgədəki daşnak qüvvələrini birləşdirərək yerli əhaliyə qarşı qırğına hazırlaşırdılar. Xüsusilə Rusiyada bolşeviklər hakimiyyətə gələndən sonra Bakıda bolşeviklərin fəallığı artdı.
1918-ci il martın 30-da hər cür hazırlıqdan sonra daşnak qüvvələri və Şaumyan başda olmaqla, bolşeviklər Bakı şəhərində yerli əhaliyə qarşı soyqırımına başladılar. Martın 30-dan aprelin 2-dək təkcə Bakı şəhərində 12 mindən artıq azərbaycanlı – qoca, uşaq, qadın öldürüldü. Onsuz da insanlıq simasını itirmiş erməni və rus əsgərlərini bu işə təhrik edirdilər. Müsəlman meyitlərinin yandırılması və iyrənc formada təhqir edilməsinin erməni ziyalıları və kilsə xadimləri tərəfindən törədildiyini təsdiq edən onlarca sənəd mövcuddur. Bakının xeyriyyə işləri ilə məşğul olan ən gözəl binalardan olan "İsmailiyyə" yandırıldı. "Açıq söz" qəzetinin mətbəəsi yerlə-yeksan edildi. Əhalinin böyük əksəriyyəti canını qurtarmaq üçün Bakını tərk etdi. Bir hissəsi Orta Asiya və İrana üz tutdu, digər bir hissəsi isə təhlükəsiz yer axtarmaq üçün qaçqına çevrildi.
Bakıdakı qırğından sonra menşevik qəzeti "Naş qolos" yazırdı: "Hər yerdə qıc olmuş eybəcər hala salınmış, yüzlərlə yandırılmış meyit var idi. Bəzi yerlərdə qalaq-qalaq, bəzi yerlərdə tək-tək. Şəhərin mərkəzindəki Təzəpir məscidinin yanında dəhşətli mənzərə var idi. Məscid top atəşindən ciddi ziyan çəkmişdi".
Bakıda törədilən cinayətlər aprelin ilk günlərindən başlayaraq, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyanda, daha ağır formada Şamaxıda təkrarlandı. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, Şamaxıda 7 min, Qubada 2 min, Lənkəran və Astarada min nəfərdən çox, Salyan və Hacıqabulda 2 min nəfər müsəlman qətlə yetirildi, evlər yandırıldı, əmlakları müsadirə olundu. Azərbaycan əhalisinə qarşı törədilən soyqırımını təhqiq etmək məqsədilə 1918-ci ildə Fövqəladə İstintaq Komissiyası yaradıldı. Həmin komissiyaya izahat verənlərin əksəriyyəti milliyyətcə yəhudi və ruslar idi. Ədalət naminə demək lazımdır ki, 1918-1919-cu illərdə yazılmış bu izahatların hər biri erməni cəlladlarının Azərbaycan əhalisinə qarşı törətdiyi qurbanların sayını sübut etmək üçün əyani faktdır.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini elan etdi. Vaxtilə qonşu xalqlara qarşı mübarizədə çarizmdən dəstək alan ermənilər həm Gürcüstana, həm də Azərbaycana qarşı ərazi iddiaları irəli sürdülər. Ermənilərin iddiaları o qədər böyük idi ki, Osmanlı dövləti, Azərbaycan və Gürcüstan öz ərazilərinin az qala yarısından imtina etməli idilər. Ermənilərin xaricdəki havadarları da bu işdə böyük fəallıq göstərirdilər. 1920-ci ilin martında sovet Rusiyasının müstəqil Azərbaycana hücuma hazırlaşdığı vaxt erməni millətçiləri Qarabağda qiyam qaldırdılar. Qiyamı yatırmaq üçün qüvvələrini ora göndərən Azərbaycan hökuməti aprelin 27-də 11-ci rus ordusunun işğalına məruz qaldı.
1920-ci ilin noyabrında Ermənistan bolşevikləşəndən sonra Azərbaycanın Zəngəzur torpaqları ona verildi. Rusiya Kommunist (b) Partiyasının Qafqaz bürosu heç bir əsas olmadan Azərbaycanın Qarabağ torpaqlarında erməni muxtariyyəti yaratmaq haqqında qərar çıxardı.
1918-1920-ci illərdə daşnak və bolşevik birləşmələrinin Bakıda, Şamaxıda, Zəngəzurda, Sürməlidə, İrəvanda, Eçmiədzində, Şərur qəzasında, Basarkeçərdə, Qazaxda, Gəncədə, Qarabağda və digər yerlərdə Azərbaycan kəndini yerlə-yeksan etməsi, minlərlə qadın, qoca və uşaqların əzabla öldürülməsi danılmaz faktdır. Azərbaycanlıların soyqırımı dövründə Ermənistanın indiki ərazisində yaşayan 575 min nəfər azərbaycanlının 565 mini qırılmış və ya qovulmuşdu. Bu rəqəmi erməni müəllifi Z.Kordokyan özünün “Sovet Ermənistanının əhalisi 1913-1931” kitabında (Yerevan, 1932) təsdiq edir. 1920-ilin noyabrında Ermənistan bolşevikləşənə qədər bu ərazidə cəmi on minə qədər azərbaycanlı qalmışdı. 1922-ci ildən yalnız 60 minədək azərbaycanlı qaçqın öz doğma yerlərinə qayıda bildi.
1945-ci ildə İkinci dünya savaşı başa çatdıqdan sonra ermənilər yenidən əsassız ərazi iddialarına başladılar. Həmin ilin noyabrında Ermənistan KP MK-nın birinci katibi Q.Harutyanov İ.Stalinə müraciət edərək Dağlıq Qarabağın Ermənistana verilməsi təklifini irəli sürmüşdü. Bu iddiaların davamlı şəkildə, tez-tez irəli sürülməsində A.Mikoyan da xüsusi rol oynayırdı.
Nəhayət, 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərar qəbul etdi. Xaricdən gətirilən erməniləri yerləşdirmək bəhanəsi ilə Ermənistan SSR ərazisindən 150 min nəfər azərbaycanlının qanunsuz köçrülməsi haqqında qərar da bu siyasətin nəticəsi oldu. Ağır müharibədən çıxmış, başçısını itirmiş ailələri, aclıq çəkən kolxozçuları gözlənilmədən və zorla Azərbaycanın Aran yerlərinə köçürürdülər. Az vaxt ərzində 10 minlərlə adam xəstəlikdən, aclıqdan, əsəb və ürək xəstəliyindən vəfat etdi.
Azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiyası planı 1988-ci ildə başa çatdırıldı. Belə ki, sovet hökuməti və Ermənistanın hüquq mühafizə orqanları dinc əhalini müdafiə etmək əvəzinə, qəsdən "acizlik" edir, laqeydlik göstərir və erməni terrorçularını qısqırdırdılar. 1988-ci ilin dekabrınadək azərbaycanlılar və müsəlman kürdlər Ermənistan SSR-dən qovuldular. 216 nəfər işgəncə ilə öldürüldü, 250 minə yaxın insan isə doğma ev-eşiyindən didərgin salındı. Təkcə XX əsr ərzində Ermənistanda azərbaycanlı əhali 4 dəfə erməni vəhşiliklərinə məruz qalmış və ev-eşiyindən qovulmuşdu.
Azərbaycanlılara qarşı bu genosid siyasəti azlıq edirmiş kimi, 1988-1993-cü illər arasında Azərbaycan torpaqlarının 20 faizi erməni silahlı birləşmələri tərəfindən işğal olunmuş və 1 milyondan artıq insan öz dədə-baba torpaqlarından didərgin düşmüşdür. Təkcə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Qarabağın Xocalı qəsəbəsində Azərbaycan əhalisinə qarşı törədilən zorakılıq heç bir ölçü ilə müqayisə olunmur. Əvvəlcədən hazırlanmış plan əsasında erməni və rus hərbi birləşmələri gecə şəhərə basqın etdilər. Minlərlə insan canını qurtarmaq üçün kömək diləyirdi. Bir tərəfdən şiddətli qar-çovğun, digər tərəfdən heç kimə rəhm etmədən əhalinin – yaşlı, uşaq və qadınların öldürülməsi XX əsrin sonlarının ən dəhşətli faciəsi oldu. Ən dəhşətlisi odur ki, öldürülmüş əhalinin meyitləri sonradan ən eybəcər şəklə salınmış və insanlığa yaraşmayan şəkildə təhqir olunmuşdu.
Xocalı faciəsi zamanı 613 nəfər şəhid olmuş, 1275 nəfər əsir aparılmış, 7 ailə büsbütün məhv edilmiş, hər bir ailədən bir nəfər sağ qalmaqla, 27 ailə qətlə yetirilmiş, 230 ailə başçısını itirmiş, 200 nəfəri isə şikəst edilmişdir.
Ü.Hacıbəyovun 1919-cu ildə mart soyqırımının ildönümü ilə əlaqədar yazdığı "31 Mart" adlı məqaləsindən bu gün üçün də aktuallığını saxlayan bir fikri xatırlamaq yerinə düşər: "Bugünkü vəzifəmiz o qara günləri yaddan çıxarmamaq və buna görə də həmişə və hər an hər şeyə hazır olmalıyıq. Borcumuz bu Vətəni gələcəkdə hər cür təcavüzdən qorumaq və məmləkətimizi şərəflə yaşatmağa çalışmaqdır".
Tarixi faktların araşdırılması təsdiq edir ki, 1914-1918-ci illərdə on minlərlə müsəlman milli və dini əlamətinə görə məhv edilmiş və onlara qarşı hər cür zorakılıqlar törədilmişdi. Beləliklə, BMT Baş Məclisinin 11 dekabr 1946-cı il qətnaməsi, 9 dekabr 1948-ci il sazişinə istinadən sübut etmək olar ki, erməni daşnak qüvvələri tərəfindən insanlığa qarşı ən ağır cinayət törədilmiş, türk əhalisinə qarşı soyqırımı həyata keçirilmişdir.
Ötən il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı növbəti təxribatına cavab olaraq, Azərbaycan 30 ildən bəri işğal altında qalan torpaqlarımızı azad etmək üçün həlledici döyüşə girdi. Prezident və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz qısa müddətdə – 44 gün ərzində düşmən qoşunlarını məhv edərək, Ermənistanı diz çökdürdü. Qarı düşmən kapitulyasiya sənədini imzalamağa məcbur oldu. Beləliklə, xalqımıza qarşı iki yüz ildən bəri davam edən erməni ekspansiyasına birdəfəlik son qoyuldu, haqq-ədalət bərpa olundu və Azərbaycan özünün ərazi bütövlüyünü təmin etdi.
 

Nazim MUSTAFA,
Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru

31 Mart 2021 00:49 - 31 MART
31 MART

Köhnə versiyamızdan xəbərləri izlə