Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

1918-ci ilin mart hadisələri ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı idi

1998-ci il martın 26-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş dəhşətli soyqırımı hadisələrinə ilk dəfə siyasi qiymət verilmiş və 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

 

Həmin tarixi sənəddə deyilirdi: “Azərbaycanın XIX–XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”.
Adətən, azərbaycanlıların soyqırımından bəhs ediləndə daha çox 1918-ci ilin martında Bakıda, Şamaхıda, Qubada, Göyçayda, Kürdəmirdə, Salyanda, Lənkəranda və digər bölgələrdə erməni hərbi qüvvələrinin törətdikləri qırğınlardan danışılır. Bda da həmin qırğınların kütləviliyi və coğrafiyasının genişliyi ilə bağlıdır.
Rusiya imperiyasında baş vermiş 1917-ci il oktyabr çevrilişindən sonra ermənilər məqsədli şəkioldə tarixi düşmənçilik iddialarına və azərbaycanlıları kütləvi surətdə məhv edərək onların torpaqlarına yiyələnmək xülyalarına bolşevik bayrağı altında start vermişlər. 1918-ci ilin martında bolşevik çevrilişinin rəhbəri Vladimir Lenin erməni əlaltısı Stepan Şaumyanı Qafqazın fövqəladə komissarı təyin emiş və Bakıya göndərmişdir. Bununla imperiyada yaranmış qarışıqlıqdan istifadə edən Bakıda cəmləşdirilmiş erməni millətçi elementlər daşnak-bolşevik Şaumyanın rəhbərliyi ilə “Bakı Kommunası” deyilən bədnam qırmızı diktaturaya soxularaq, “əks-inqilabi ünsürlərlə mübarizə” şüarı altında maskalanaraq şəhəri və quberniyanı azərbaycanlılardan təmizləmək kimi mənfur bir planı həyata keçirməyə başlamışlar.
Həmin günlərdə, 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində silahlı erməni quldur dəstələri Bakı şəhərində, habelə quberniyaya daxil olan Şamaxı, Quba və digər şəhər və qəzalarda on minlərlə dinc sakini məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirmiş, yaşayış məntəqələrini dağıtmış, mədəniyyət abidələrini, məscid və qəbiristanlıqları yerlə-yeksan etmişlər. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirmişlər – Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə də kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinin araşdırılmasına xüsusi diqqət yetirilmişdir. AXC Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyası yaratmışdır. Həmin komissiyanın materiallarına əsasən, azərbaycanlılara qarşı soyqırımı həyata keçirən erməni quldurları təkcə Şamaxıda 8 minədək dinc sakini öldürmüşdülər. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə əhalisi ilə birgə məhv edilmişdir.
Gümrü yaxınlığında, əsasən, qadınlardan, uşaqlardan və qocalardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq, son nəfərinədək qətlə yetirilmişdir. Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırmış, Zəngəzur qəzasında 10 min 68 azərbaycanlını öldürmüş və ya şikəst etmiş, 50 min azərbaycanlını isə öz yurdundan qaçqın salmışdır. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918--1920-ci illər arasında vilayətin dağlıq hissəsində 150 kəndi dağıtmış və əhalisini məhv etmişdir.
Bütün bunları nəzərə alaraq, 1919-cu və 1920-ci illərdə Azərbaycan Xalq Cumhuriyyəti martın 31-ni ümummilli matəm günü kimi qeyd etmişdir. Əslində bu, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi.
Ümummilli lider Heydər Əliyev 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar deyib: “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Həmin sənəddə deyilir: “Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart–aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir”.
Azərbaycan xalqı tarix boyu üzləşdiyi bütün faciələrə, çətinliklərə və haqsızlıqlara baxmayaraq, özünün müstəqillik əzmini qoruyub saxlamış, möhkəm iradə, yenilməz birlik və həmrəylik nümayiş etdirmiş, xüsusilə son 17 ildə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin gücünün, qüdrətinin daha da artmasına nail olmuşdur. Nəhayət, ötən ilin sentyabr ayının 27-də başlanmış və cəmi 44 gün davam edən hərbi əməliyyatların nəticəsi olaraq, Azərbaycan 30 il davam edən işğala son qoydu və öz ərazi bütövlüyünü bərpa etmişdir.
Xalqımızın əldə etdiyi bu tarixi qələbə Azərbaycanın bütün şəhidlərinin ruhlarını şad etdi. Dövlət başçımızın dediyi kimi, biz şəhidlərimizin qisasını düşməndən döyüş meydanında aldıq. Bundan sonra bütün xain qüvvələr, bütün düşmənlərimiz də biləcəklər ki, artıq Azərbaycan özünə qarşı istənilən aqressiyanı dərhal və qətiyyətlə dəf etmək iqtidarında olan qüdrətli bir dövlətdir.


Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

31 Mart 2021 00:35 - 31 MART
31 MART

Köhnə versiyamızdan xəbərləri izlə