Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AMEA-nın Elmi nəşriyyat şurasının iclasından qeydlər

science.gov.az-dan verilən xəbərə görə, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın Elmi nəşriyyat şurasının sədri, akademiyanın müxbir üzvü Misir Mərdanov Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə (FRTEB) daxil olan institutlarda çap edilən elmi jurnalların məsul katiblərilə görüşüb.

Görüşdə M.Mərdanov bölmənin müəssisələrində işıq üzü görən jurnalların anket sorğusunun nəticələrini açıqlayıb.

Alim jurnalların ingilis dilində nəşrinin, eləcə də çap və onlayn versiyaları üçün ayrı-ayrılıqda beynəlxalq standartlarda İSSN seriya nömrəsinin alınmasının vacibliyini vurğulayıb. Bundan əlavə, jurnalın dövriliyinə ciddi riayət edilməsinin, redaksiya heyətinin beynəlxalq tərkibdə olmasının önəminə toxunub.

Dərc edilən materiallar üçün elmi rəyin alınmasından danışan M.Mərdanov bildirib ki, məqalələrin rəyə göndərilməsi qaydaları, nöqsanların aradan qaldırılmasına ayrılmış müddət jurnalın veb-saytında göstərilməlidir.

Alim həmçinin vurğulayıb ki, hər bir məqalə üçün ingilis dilində tam biblioqrafik məlumat, o cümlədən məqalənin adı, müəlliflərin siyahısı və onların iş yeri, materialların annotasiyası (abstrakt) və açar sözləri, ədəbiyyat siyahısı, eləcə də jurnalın əlaqə məlumatları və nəşr edən nəşriyyatın hüquqi ünvanı, həmçinin arxivi veb-saytda əksini tapmalıdır.

Daha sonra qonaqları maraqlandıran suallar cavablandırılıb.

 

İsaq Əmənullayev,
“Xalq qəzeti”

30 Oktyabr 2018 13:18 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə