Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ədəbiyyat Muzeyində “Elm günü” qeyd edildi

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2018-ci ildən etibarən martın 27-si hər il Azərbaycanda “Elm günü” kimi qeyd edilir. AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Elm günü”nə həsr olunmuş onlayn elmi sessiya keçirilib.

 

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, akademik Rafael Hüseynov bildirib ki, Prezident İlham Əliyev tərəfindən “Elm günü” haqqında müvafiq sərəncamın imzalanması ciddi elmi, ictimai-siyasi mənalar kəsb edir. Çünki elm istənilən dövlətin, millətin təməl meyarlarındandır və elmə xüsusi diqqətin göstərilməsi həmişə vacibdir. Hansı xalq, dövlət, ölkə elmə daha çox diqqət göstərirsə, onun gələcəyi də daha uğurlu və təminatlı olur.
Direktor çıxışında son illərdə Nizami muzeyində aparılan uğurlu elmi-tədqiqat işlərindən bəhs edib. Bildirilib ki, həm filologiya, həm də sənətşünaslıq elmi istiqamətləri üzrə fəlsəfə və elmlər doktorluğu dissertanturasının, doktoranturasının fəaliyyət göstərdiyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində dörd elmi ixtisasın müdafiəsini keçirən Dissertasiya Şurası yaradılmışdır. Qeyd edilib ki, bu il fəlsəfə doktorluğu üzrə artıq 10-a yaxın dissertasiya işi müdafiə ərəfəsindədir.
Akademik Rafael Hüseynov məruzəsində, həmçinin orta əsrlərdə Yaxın Orta Şərqin universal zəka təmin edən təhsil şəbəkəsindən, elm və ədəbiyyatın sıx əlaqələrdən bəhs edib. Bildirib ki, tarixin bütün dönəmlərində azərbaycanlılar məhz universal zəkaları, parlaq istedadları ilə seçilmişlər. O, dahi azərbaycanlılar Xətib Təbrizi, Nəsirəddin Tusi, Abbasqulu Ağa Bakıxanov və digər böyük alimlərin şəxsiyyətini, zəngin yaradıcılığını geniş təhlil etmiş, həmin şəxsiyyətlərin dünya elm və ədəbiyyatına bəxş etdiyi töhfələrədən ətraflı söhbət açmışdır.
 

Qabil YUSİFOĞLU, “Xalq qəzeti”

30 Mart 2021 01:09 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə