Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AMEA Yüksək Texnologiyalar Parkında ağacəkmə aksiyası keçirilib

Məlum olduğu kimi, ölkəmizdə flora və faunanın qorunması, ekoloji durumun daha da yaxşılaşdırılması, yeni yaşıllıqların salınması və mövcud yaşıllıq sahələrinin qorunmasına xüsusi diqqət yetirilir. İnsanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin etmək Azərbaycanda reallaşdırılan milli inkişaf strategiyasının prioritet sahələrindən biridir. Azərbaycan dövləti ekologiyanın və ətraf mühitin mühafizəsi məsələsinə həmişə xüsusi qayğı ilə yanaşır.

 

AMEA Yüksək Texnologiyalar Parkında ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək məqsədilə 27 Mart – Elm Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Aksiyada texnoparkın baş direktoru, professor Əbülfəz Babayev və icraçı direktor Vasif Abbasov çıxış edərək əməkdaşları qarşıdan gələn Novruz bayramı və Elm Günü münasibətilə təbrik ediblər.
Bildirilib ki, bu kimi təşəbbüslərin həyata keçirilməsi təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması baxımından mühüm əhəmiyyətə malikdir.
Qeyd olunub ki, insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfə olan bu kimi aksiyalarda əkilən hər bir ağac gələcək nəsillərə yadigar qalacaq.
Aksiya zamanı texnoparkın ərazisində AMEA Botanika İnstitutundan gətirilmiş 170 ədəd müxtəlif növ meyvə və dekorativ ağac tingləri, çoxlu sayda qızılgül və digər güllər əkilib, onlara aqrotexniki qaydada qulluq göstərilib, həmçinin təmizlik-abadlıq işləri aparılıb.
Ağacəkmə aksiyasında YT Parkın kollektivi ilə yanaşı, texnoparkın rezidentlərinin əməkdaşları da fəal iştirak ediblər.
Qeyd edək ki, tədbir pandemiya qaydalarına riayət edilməklə həyata keçirilib.
Ətraf mühitin mühafizəsinə və yaşıllıqların artırılmasına töhfə verən bu kimi ağacəkmə kampaniyalarının davamlı olaraq keçirilməsi planlaşdırılır.
 

Q.ƏLİYEV, “Xalq qəzeti”

20 Mart 2021 02:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə