Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bakıxanovlar: nəslin nəciblik ənənələri” kitabı çapdan çıxıb

Bu yaxınlarda “Renesans-A” Nəşriyyat Evində “Bakıxanovlar: nəslin nəciblik ənənələri” kitabı çapdan çıxıb. Görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanovun anadan olmasının 90 illik yubileyinə həsr edilən kitabda dövlətçilik tariximizdə özünəməxsus yeri olan bu nəslin son üç əsrdən artıq müddətdə ictimai-siyasi və mədəni gerçəkliyimizdəki əvəzsiz xidmətlərindən söz açılır. 

 

Kitabın redaktoru və ön sözün müəllifi Milli Məclisin deputatı, akademik Rafael Hüseynov “90 yaşlı cavan” adlı məqaləsində Bakıxanovlar nəslinin Azərbaycan mədəniyyətinə, ədəbiyyatına verdiyi töhfələrdən danışır, onların xidmətlərini diqqətə çatdırır.

 

Daha sonra müəllif T.Bakıxanovun gənclik illərindən, mənalı yaradıcılıq yolundan, əldə etdiyi uğurlardan, ömrünün tarixə çevirilmiş xoş, yaddaqalan anlarından bəhs edir.

 

Qeyd edilir ki, Bakıxanovlar nəslinin layiqli davamçılarından olan Tofiq Bakıxanov qiymətli bir əlyazma kimi vərəq-vərəq açılan yaddaşının etibarlı körpüsündən hər dəfə keçdikcə qarşında mədəniyyət tariximizin elə iftixar edilməli parlaq mənzərələri canlanır ki, varlığında belə bir dəyərli xəzinəni daşıyan klassiklə müasir olduğuna sevinirsən.

 

R.Hüseynov məqalədə yazır: “Tofiq Bakıxanov –bu şövqlə, həvəslə, səmimiyyətlə, həyat eşqi və yaradıcılıq niyyətləri ilə dolu insan–bir sərvətdir.

 

O, millətimizə taleyin töhfəsi olan bir salnamədir ki, oxunduqca oxunmasına, öyrənildikcə öyrənilməsinə ehtiyac var.”

 

Kitabda akademik Nailə Vəlixanlının “Abbasqulu ağa Bakıxanov:böyük alim, maarifçi, mütəfəkkir”, akademik Rafael Hüseynovun “Pərvərdigarın əsirgəmədiyi orden”, tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı Hacı Həsənovun “Tarixşünaslıqda Bakıxanov səhifəsi”, Tofiq Bakıxanovun “Abbasqulu ağa Bakıxanov yaradıcılığı Azərbaycan musiqisində” və digər müəlliflərin məqalələri toplanıb. Həmçinin kitabda Bakıxanovların həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən şəkillər nəfis tərtibatla oxucuların diqqətinə çatdırılır.

 

Qabil YUSİFOĞLU,

“Xalq qəzeti”

20 Mart 2021 00:53 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə