Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sosial ədalət cəmiyyətin inkişafının təməlidir

Ədalətin bərqərar edilməsi bəşər tarixində insanların ən ülvi arzularından olub. Sosial ədalətsizlik və insan haqlarının pozulması dünyanın müxtəlif ölkələrində müəyyən fərqlərlə mövcud olan qlobal problemdir. Sosial ədalətsizliyin təməlində insan hüquqlarının pozulması durur. Qanunla vətəndaşlara verilən sosial, iqtisadi və mədəni hüquqlar bütün vətəndaşların təməl hüquqlarını təmin edəcək səviyyədə deyilsə, təhsil, sağlamlıq hüququ kimi vətəndaşların təməl hüquqları qorunmursa, burada ortaya çıxan vəziyyət sosial ədalətsizlikdir. Beləliklə, insan hüquqları nə qədər pozularsa, buna paralel olaraq, sosial ədalətsizlik də bir o qədər artar. Dünyada insanlarla dövlət arasında qurulmuş münasibətlər qanun çərçivəsində nizamlanmayanda sosial ədalətsizlik yaşanır.

Əgər ədalət və sosial anlayışlar düşüncə tarixi qədər qədimdir. Sosial haqsızlığın müəyyən bir ölkədə və ya dünyada hakim olduğunu söyləmək, bir ölkəyə və ya bütün dünyaya ədalət tələb etmək, ictimai- siyasi şüurun yetkinliyi ilə mümkündür.
Dünyadakı insanların bəziləri dəbdəbəli həyat yaşayarkən, bəzilərinin sığınacaqları belə olmur. Bəzi ölkələrdə əhalinin sosial, iqtisadi təminatı olduğu halda, bir sıra dövlətlərdə vətəndaşlar hətta ən zəruri ehtiyaclarını belə ödəməkdə çətinlik çəkirlər. Yoxsulla varlı arasındakı fərqin uçuruma çevrildiyi dünyada İnsan Hüquqları Bəyannaməsində bildirilir ki, hər kəsin layiqli yaşamaq haqqı var. Lakin bəziləri üçün sosial bərabərsizlik təbii haldır. Ədalət və bərabərlik fikrindən uzaq olan bu şəxslərin baxışlarına görə, digər canlılar arasında bərabərsizlik, təbiətdə güclü və zəif varlıqlar olduğu kimi, insanlar arasında da eyni vəziyyətin olması təbii prosesdir. Onlara görə, zəiflərə və ya kasıblara kömək etmək bu təbii vəziyyətə müdaxilədir. Ekoloq Garrett Hardinin nəzəri baxışı bu yanaşmanın bariz nümunəsidir. Hardin “Yumşaq ürəkli olmağın əxlaqsızlığı” məqaləsində yazır: “…Əhalisi çox olan kasıb bir ölkəyə edə biləcəyimiz ən pis şey onlara yemək göndərməkdir. Onlara qida yardımı göndərməkdənsə, atom bombası atmaq yaxşıdır. Bu ağrı bir neçə saniyə içində baş verəcək, amma tezliklə bir çox insanın ağrısı bitəcək və qalanları özlərini rahat hiss edəcəklər”. Hardinin sözlərinə görə, bəzi Afrika ölkələrindəki aclıq “ölkənin daşıma qabiliyyətinin aşıldığını” göstərir. Tutum aşıldığı təqdirdə, yaşamaq üçün lazımlı qida tapa bilməyən əhalinin bir qismi ölür və əhali daşıma qabiliyyətinin öhdəsindən gələ biləcəyi limitin altına düşür. Bu təbiətdəki eyni qanuna tabedir. Qida mənbələri artdıqda doğum yüksəlir, əhali artmağa davam edir. Əhali artdıqda tutum böhranı yaşanır, aclıq və ölüm yenidən başlayır. Yardım siyasətinin sonu yoxdur. Heç bir zəngin ölkə xarici yardımı davam etdirə bilməz”. Bu, Hardinin mövqeyinin ən açıq və sərt ifadəsidir. İnsanlarla təbiətdəki digər canlılar arasındakı fərqləri, fərdlər arasındakı ümumi cəhətləri görməyən və dəyərlərə həssas olmayanların fikirlərində insanları təbii seleksiyaya tabe olan bir varlıq kimi qəbul etmələri təəccüblü deyil. İnsanlar yalnız bioloji varlıq deyil, eyni zamanda sosial, mədəni bir varlıqdır.
Ədalətsizlik fərdi, milli və dünya səviyyəsində yaşana bilər. Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınan ərazi bütövlüyünün pozulması faktına dünya ictimaiyyətinin 30 il müddətində səssiz qalması, BMT-nin Təhlükəsizlik Şurasının işğal olunmuş ərazilərimizdən erməni silahlı qüvvələrinin qeyd-şərtsız çıxarılmasını tələb edən qətnamələrinin icra edilməməsi və XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımına beynəlxalq təşkilatların bu günədək hüquqi - siyasi qiymət verməməsi dünyadakı ədalətsizliyin bariz nümunəsidir.
Sosial ədalət nəzəriyyələri cəmiyyətin dəyərlərinin müəyyən prinsiplər üzrə müxtəlif təbəqələrə çatdırılmasına yönəlmişdir. Həlledici amil bu prinsipi müəyyənləşdirməkdir. Sosial ədalət tərəfdarları belə prinsiplərin müəyyənləşdiriləcəyinə və dövlətlərin onları tətbiq edə biləcəyinə inanırlar.
Sosial ədaləti təmin etməyin yolu bütün vətəndaşların hüquqlarının qorunması və təmin edilməsidir. Fərdlər müəyyən dərəcədə sosial, iqtisadi, siyasi və mədəni hüquqlarına çatmalıdırlar ki, yaşamaq, təhsil almaq, sağlamlıq kimi əsas hüquqları minimum əməkhaqqının altında olmasın. Şəxsin bütün bu əsas hüquqları əldə etdiyi gəliri ilə qoruna bilsin. Eynilə, sosial və iqtisadi əlaqələrin qurulması və qanunlar hazırlanarkən insanlara verilən imkanlar baxımından hansı nəticələrin meydana gələcəyini müəyyənləşdirmədən tənzimləmələr ölkələrdə sosial ədalətsizliyə səbəb ola bilər.
Sosial ədalətsizlik həm də cəmiyyətin ehtiyaclarına uyğun təşkilatların qurulması və fəaliyyət göstərməsi təmin olunmadığı üçün ortaya çıxır. Bu cür hüquqlar, hər bir insanın fərd olaraq özünü inkişaf etdirməsinə imkan verən şərtlərlə bağlıdır. Sağlamlığını qoruya bilməyən və kifayət qədər təhsil ala bilməyən insanların çoxluq təşkil etdiyi cəmiyyət inkişaf edə bilməz! Bu səbəbdən vətəndaşların minimum əməkhaqqı və yaxud aldığı müavinət, uşaq pulu, pensiya və s. sağlamlığını təmin edərək, həyat şəraitini və təhsilini ödəməlidir. Cəmiyyətin inkişafını şərtləndirən iqtisadi və sosial hüquqlar birinci yerdədir. Sosial və iqtisadi hüquqlar qorunmadığı halda minimum əməkhaqqı, işçilərin uşaqlarına qulluq, təhsil, istirahət və iş saatları ilə bağlı bəzi qaydalar düzgün müəyyənləşmədiyi təqdirdə hər bir vətəndaş üçün vacib olan sağlam həyat və təhsil hüququnu qorumaq olmur. Təbii ki, bir çox insan hüquqları pozuntularının kökündə duran yoxsulluqla əlaqəli vəziyyət, qidalanma, müvafiq sığınacaq çatışmazlığı və antisanitariya şəraiti demək olar ki, yaşama hüququnun qorunmasını mümkünsüz edir.
Dövlətlər üzərinə düşən vəzifələri icra edə bilmədikdə insan hüquqlarının qorunmasından söhbət gedə bilməz. Qlobal ədalətsizlik insan hüquqlarının qorunmasının mümkün olmadığı vəziyyətdir. Bəzi ölkələrdə vətəndaşlarının təməl hüquqları qorunurkən bir çox ölkələrdə bunun əksi yaşanmaqdadır. Adambaşına gəlir baxımından da ölkələr arasında uçurum mövcuddur. Bütün bunlar, qlobal ədalətsizliyi şərtləndirir.
Zəngin və kasıb ölkələr arasındakı kəskin fərq ədalətli bir dünyanın olmadığını aydın edir. Ayrı-ayrı ölkələrdə ədalət bərqərar olunmadan dünyada ədalət ola bilərmi?! Şübhəsiz bir dövlət gəlir bölgüsündə haqsızlığı azaltmaqla, ölkənin sərvətlərinin vətəndaşlar arasında bərabər şəkildə paylanması ilə sosial ədaləti təmin edilə bilər. Lakin dünyanın digər ölkələrində haqsızlıqlar dərinləşməyə davam edərsə, bu ölkənin dünyadakı sosial ədalətsizlikdən təsirlənməməsi mümkün deyil. Sosial ədalətsizliyin və bərabərsizliyin hökm sürdüyü ölkələrdən belə problemi olmayan ölkələrə miqrant köçü fikrimizi əsaslandırır. Yoxsulluq və həyat təhlükəsizliyi səbəbilə ölkələrini tərk edən əhalinin sosial ədalətin hökm sürdüyü ölkələrə miqrasiyasını dayandırmaq çətindir. Hətta vəziyyət o yerə çatır ki, qaçqınların qarşısının alınması üçün divarlar, səddlər tikilir. Çox təəssüf ki, bu, yaşadığımız sivil dünyanın reallıqlarıdır. Buna görə də, BMT və dünyanın inkişaf etmiş dövlətləri qlobal haqsızlıqları aradan qaldırmaq üçün tədbirlər görməli, əməli addım atmalıdırlar. Əks təqdirdə irqçilik, ksenofobiya, terrorun hökm sürdüyü cəmiyyətlərin qarşısı alınmayacaq və dünyanın indikindən daha qarışıq dönəmə sürüklənməsi qaçılmaz olacaq.
Beləliklə, sosial ədalət mütləq bir anlayışdır, lakin biz ona mütləq bərabərlik kimi baxsaq utopiya olaraq qalacaq. Onu müəyyən prinsip və şərtlərlə nisbiliyi göstərən bir anlayış kimi qəbul etdikdə, hədəf olaraq ortaya çıxır. Lakin cəmiyyətdə sosial ədaləti mütləq bərabərlik deyil, vətəndaşların statuslarına görə iqtisadi və hüquqi təməl haqlarının bərqərar edilməsi kimi təyin etdikdə reallaşması mümkün olan məqsədə çevrilir. Bu məqsədin gerçəkləşməsi üçün bütün sosial qurumların diqqətdə saxladığı məsələ olmalıdır. Qərbdə, xüsusilə Almaniya, İngiltərə, Hollandiya kimi ölkələrdə, dövlət və din sosial problemlərin həllində, yoxsulluqla mübarizədə, təhsildə, demək olar ki, hər sahədə birlikdə işləyirlər. Burada yalnız dövlət idarəçiliyi istisna təşkil edir.
Cəmiyyətin əsas quruluşunun sosial ədalətin ən vacib subyekti olduğunu və bu quruluşu müəyyənləşdirmək üçün minimum norma və qaydalara ehtiyac duyacağımızı nəzərə alsaq, sosial ədalətin normativ bir anlayış olduğunu deyə bilərik.
Qeyd etdiyimiz həll yollarına baxmayaraq ideal mənada sosial ədalətin tam bərqərar olunduğu cəmiyyət tapmaq, konsepsiyanın praktik olaraq tamamilə tətbiqi mümkün deyil. Bunun ən böyük səbəbi yenə də insandır! Təəssüf ki, insan antropoloji təbiət etibarilə eqoistdir. Həmişə öz mənafeyini üstün tutanlar üçün altruizm çox çətindir. Sosial ədalətin təmin edilməməsində başlıca maneə insanın nəfsinə məğlub olmasıdır. Hər nə qədər demokratik sistem, ədalətli dövlət olursa-olsun, əgər hakimiyyətdə, idarəçilikdə təmsil olunanların əksəriyyəti altruizmdən uzaqdırlarsa, var-dövlət hərisləridirsə, belə cəmiyyətlərdə sosial ədalətsizlik mütləqdir. Deməli, qlobal ədalət siyasi, iqtisadi, sosial olduğu qədər, həm də mənəvi, əxlaqi məsələdir. Buna görə də, sosial ədalət həm də nəfsin cilovlanmasından başlayır.
 

Leyla RƏŞİD,
“Xalq qəzeti”

19 Mart 2021 12:31 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə