Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan Qarabağda törətdiyi ekoloji terrorun kompensasiyasını ödəməlidir

Ermənistan faktiki olaraq Azərbaycana qarşı ekoloji terror törədib. Biz o torpaqları yenidən həyata qaytarmalıyıq.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 

“Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycanın işğal olunmuş torpaqlarında ekoloji terror törədib. Qədim tarixə, nadir maddi və mənəvi irsə, özünəməxsus flora və faunaya, zəngin yeraltı və yerüstü sərvətlərə malik olan Qarabağ düşmən tərəfindən vəhşicəsinə istismar edilib. Regionun meşə örtüyü məqsədli şəkildə məhv edilib, münbit torpaqlar, su ehtiyatları ekoloji və radioaktiv çirklənməyə məruz qoyulub”. – Bunu Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Ankarada keçirilən 1-ci Türk Dünyası Meteorologiya Forumundakı çıxışında deyib.
Bölgənin təbii landşaftının ciddi deformasiyaya uğradığını bildirən Baş nazir bildirib ki, qeyri-qanuni olaraq təbii sərvətlərin istismarı və mənimsənilməsi həyata keçirilib. Hətta uzun illər qeyri-qanuni məskunlaşmadan sonra əzəli torpaqlarımızı boşaldarkən düşmən ağacları kəsib, meşələrimizi yandıraraq məhv edib. İşğaldan azad edilmiş ərazilərdə ekoloji vəziyyətin bərpası üçün kompleks tədbirlər görüləcək. Bu torpaqlar “yaşıl enerji” zonasına çevriləcək. Məcburən köçkün düşmüş əhalimiz böyük qayıdış proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdacaq.
Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiqləndiyini diqqətə çatdıran Baş nazir qeyd edib ki, həmin sənəddə qlobal iqlim dəyişikliklərinin miqyasının azaldılması, təmiz ətraf mühitin təmin olunması və Azərbaycanın yaşıllıqlar ölkəsinə çevrilməsi də yaxın onilliyin əsas strateji istiqaməti kimi göstərilib.
Ermənistanın təcavüzkar siyasəti nəticəsində ölkəmizin təbiətinə, bioloji müxtəlifliyinə, su ehtiyatlarına, fauna və florasına ciddi ziyan vurulmuşdur. Hazırda işğaldan azad olunmuş ərazilərdə qiymətli sərvətlər dağıdılmış və Ermənistana daşınmışdır, min hektarlarla meşə sahələri qəsdən yandırılmışdır.
Prezident İlham Əliyev Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində demişdir: “Kəlbəcər rayonunda 24 min hektar meşə ərazisi var. Bu, böyük sərvətimizdir. Mənfur düşmən bu meşələri qırıb, talayıb, satıb. Görün, son günlər ərzində onlar hansı çirkin işlərlə məşğuldur, meşələri yandırırlar ki, ekoloji faciə, fəlakət yaratsınlar”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Ermənistanın törətdiyi ekoloji terrorla bağlı ekologiya və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən 31 beynəlxalq təşkilata müraciət olunmuşdur. Hazırda işğaldan azad olunmuş ərazilərdə hələ keçən ildən başlayaraq müxtəlif növ ağacların əkilməsi işləri aparılır. Prezidentimiz İlham Əliyev çıxışlarının birində demişdir:"Mənfur, vəhşi düşmən bizim meşələrimizi 30 il ərzində qırıb, talayıb və son müddət ərzində yandırıb.Buna baxmayaraq, meşə sahələrimizin böyük hissəsi toxunulmaz qalıb, çünki düşmən o meşələrə dırmaşa bilməyıb, o ucqar dağ massivlərində yerləşir. Əlbəttə, dağıdılmış və məhv edilmiş infrastrukturun, o cümlədən kəsilmiş ağacların bərpası da diqqət mərkəzində olacaqdır. "
“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli fərmanı ilə verilmiş tapşırıqlara əsasən, ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə və onların ilkin qiymətləndirilməsi məqsədilə yaradılmış əməliyyat qərargahlarında təmsil olunan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının ərazilərində monitorinqlər aparıblar. Məlum olub ki, Ermənistanın silahlı təcavüzü və işğalçılıq siyasəti nəticəsində Azərbaycana çox böyük miqdarda ekoloji ziyan dəymişdir. Söz yox ki, Ermənistan vurduğu ziyanı kompensasiya şəklində ödəyəcəkdir.
Hazırda işğaldan azad edilmiş ərazilərimizdə ekoloji durumun bərpa edilməsi istiqamətində işlər aparılır. Füzuli, Zəngilan və Ağdam rayonlarının ərazilərində əsasən Şərq çinarı olmaqla, ümumilikdə, 2000-dən çox müxtəlif növ ağac əkilib. Bu tədbirlər Qubadlıda, Cəbrayılda davam etdirilmişdir. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilər minalardan təmizlənib təhlükəsiz vəziyyətə gətirildikcə ağacəkmə tədbirləri bütün Qarabağ bölgəsində hissə-hissə davam etdiriləcəkdir.
İşğaldan azad olunmuş ərazilərimizdə biomüxtəlifliyin qorunması üçün xüsusi mühafizə olunan təbiət ərazilərimizin (qoruq və yasaqlıqlar) bərpası, həmçinin ekoturizmin inkişafı baxımından yeni kateqoriyalı milli parkın (və ya parkların) yaradılması gündəmdə olan məsələdir.
Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda və Şuşada, sözün həqiqi mənasında, ekoloji terror törədilmişdir. Faktlara müraciət edək: məlumatlara əsasən, işğala məruz qalan torpaqlarımızda 280 min hektar meşə sahəsi var idi. Bundan 13197,5 hektarı qiymətli ağac növləri olmuşdur. İşğaldan azad olunmuş Zəngilan, Ağdam, Kəlbəcər, Qubadlı və digər rayonlarda qiymətli ağac növlərinin çoxu yarımfabrikat kimi xarici ölkələrə daşınmışdır. Ermənistan ekoloji terrorunun davamı olaraq noyabr ayında Şuşa şəhəri ətrafında Topxana meşəsini zəhərli və dünyada istifadəsi qadağan olunmuş ağ fosfor maddəsindən istifadə edərək yandırmış, döyüş bölgəsindən uzaqda yerləşən Ağgöl və Göygöl milli parkları ərazilərinə raket ataraq yanğın törətmişdir.
Təkcə Qubadlı şəhərinin mərkəzində təbiət abidələri olan, yaşı 150-300 ilə çatan Şərq çinarları, iri diametrli çoxillik qoz ağacları məhv edilmiş, 1960-cı illərdə salınmış sahəsi 2 hektar olan meşə-park tamamilə məhv edilmişdir.
Rəsmi məlumatlara görə, Ermənistanın ekoloji terroru nəticəsində su ehtiyatları, çaylar da çirklənməyə məruz qalmışdır. Bunun nəticəsidir ki Azərbaycan ərazisindən keçən Araz çayının 43 kilometr hissəsində mikroflora və mikrofauna məhv edilib və suyun tərkibindəki ağır metalların miqdarı normadan dəfələrlə çoxdur. Araz çayını ən çox çirkləndirən çaylardan biri Zəngilan rayonu ərazisindən axan Oxçuçaydır. Ermənistan dağ-mədən kombinatlarının yüz min tonlarla ağır metal duzlarını,kimyəvi turşuları Oxçuçayına axıdır və ekoloji terror törədir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistan faktiki olaraq Azərbaycana qarşı ekoloji terror törədib. Biz o torpaqları yenidən həyata qaytarmalıyıq. Ölkəmizin ən gözəl və bərəkətli regionlarından biri Qarabağın perspektivləri Azərbaycanın davamlı inkişafı üçün çox vacib olacaq. Regionun bərpası ilə bağlı bizi çox böyük işlər gözləyir.
 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

17 Mart 2021 01:15 - EKOLOGİYA
EKOLOGİYA
13 Aprel 2021 | 18:52
Sabahın HAVA PROQNOZU
2 Aprel 2021 | 19:50
Sabahın HAVA PROQNOZU
1 Aprel 2021 | 19:17
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə