Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ÜST koronavirusdan sağalanların da vaksinasiyasını tövsiyə edir

“Qış mövsümündə insanların bir neçə dəfə infeksion xəstəliklərə yoluxmaları immunitetin zəifliyindən xəbər verir. Xüsusilə, pandemiya dövründə immun sistemi güclü olmayanlar daha çox xəstələnirlər. Orqanizm stress, qeyri-müəyyən həyat tərzi, digər xəstəliklərdən zəiflədikdə virusa yoluxmaq halı daha çox müşahidə edilir. Bu günlərdə poliklinikalara qrip, soyuqdəymə və digər yoluxucu, mövsümi xəstəliklərə görə müraciət edənlərin sayı artıb”. Bu fikirləri “Leyla klinikası”nın şöbə müdiri Sahib Cəfərov deyib.

 

Həkim bildirib ki, orqanizm mürəkkəb laboratoriya olduğu kimi, xəstəliklərə yoluxmaq və ya ona qarşı davamlı olmaq da onun fərdi qabiliyyəti olaraq fərqlidir: “Hər bir orqanizmin immun sistemi fərqli olur. İmmun sisteminin zəifləməsinə səbəb olan amillər sırasına qeyri-sağlam həyat tərzi, düzgün qidalanmamaq, stressə meyillilik, hipodinamiya, yəni, fiziki fəallığın az olması, yaş artdıqca orqanizmə müxtəlif xroniki xəstəliklərin toplanması və onların verdiyi ağırlaşmalar daxildir”.
Bədəndə mikrobların aradan qaldırılmasına nə qədər çox ehtiyac duyularsa, bir o qədər çox qoruyucu reaksiyalar baş verir. İmmun sistemi zəif olduqda isə orqanizm xəstəliklərə qarşı mübarizə apara bilmir. Mütəxəssislər deyirlər ki, xüsusilə soyuq mövsümdə vitamin və minerallarla zəngin qidalar qəbul edilməli, bədənin kənar təsirlərə qarşı müdafiəsi gücləndirilməlidir.
“Bununla bağlı nələrə diqqət edilməlidir?” – sualına cavab verən Sahib Cəfərov bildirib: “Qidalanma zamanı orqanizmə lazım olan vitamin və minerallar üstünlük təşkil etməlidir. Yuxu rejiminə düzgün əməl olunmalıdır, çünki yuxuda immun hüceyrələrinin sayı artır. İnfeksiyaya qarşı müqavimətin gücləndirilməsinin digər bir yolu isə süni immunitetin yaradılmasıdır. Yəni, vaksinasiya kütləvi şəkildə aparıldıqda infeksiyaya qarşı da dözümlülük yaranacaq”.
Həkim immunoloqların fikirlərinə istinad edərək qeyd edib ki, yüksək immunitet sağlamlığın fundamentidir. Onun olmaması virusun yaranma hallarını qaçılmaz edir. Yaş artdıqca bədəndəki biokimyəvi funksiya pozuntuları hüceyrələrdən orqanlaradək bir çox proseslərdə dəyişikliklərə səbəb olur və immun sisteminə də təsir göstərir. Ona görə də mütəxəssislər soyuq aylarda xüsusilə, yaşlı insanların infeksiyalardan qorunmasına diqqət yetirməyi, mövsümi xəstəliklərə qarşı edilən peyvəndlərdən yararlanmağı tövsiyə edirlər.
Qeyd edək ki, hazırda Azərbaycanda koronavirusa qarşı mübarizə sahəsində mühüm işlər görülür. Yanvarın 18-dən etibarən mərhələlərlə insanların vaksinasiyasına start verilib və bu iş uğurla davam etdirilir. Azərbaycanda olduğu kimi, Türkiyədə və digər ölkələrdə də bu aksiyaya xüsusi diqqət yetirilir. Qeyd edək ki, hər iki qardaş ölkədə insanların vaksinasiyası məqsədilə Çinin “SinoVac” şirkətinin “CoronaVac” peyvəndindən istifadə edilir. Gürcüstanın baş infeksionisti, Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze ölkədə koronavirusa qarşı peyvəndin gecikməsi ilə bağlı tənqidlərə münasibət bildirərkən deyib: “Gürcüstanda vaksinasiya ilə bağlı Azərbaycanda və Türkiyədə görülən işlərə həsəd aparırıqsa, o zaman Çin vaksinindən imtina etməməliyik. Ölkə rəhbərliyi Çin peyvəndini çoxdan tətbiq edə bilərdi. Lakin hökumət ekspertlərin tövsiyə və rəylərini nəzərə alaraq bunu etmədi. Bu gün isə yenə də biz Çin peyvəndinin alınmasının mümkünlüyünü nəzərdən keçiririk. Bizə qonşu ölkələr pandemiyaya qarşı mübarizə çərçivəsində bütün mümkün tədbirləri görürlər. Biz isə gözləmə mövqeyindəyik. Yaxşı olar ki, biz də konkret qərar verək”.
Onu da qeyd edək ki, Gürcüstanda koronavirusa qarşı vaksinasiya ilə bağlı qalmaqal daha da artır. Hansı peyvəndin alınması ilə bağlı mütəxəssislər tərəfindən müxtəlif fikirlər irəli sürüldüyündən hələ qəti fikir söylənmir, qonşu ölkələr, o cümlədən Azərbaycanın peyvənd kampaniyası sahəsindəki fəaliyyəti nümunə göstərilir. Ölkəyə peyvəndin bu günə qədər çatdırılmamasına görə səhiyyə ekspertləri, siyasi partiyalar və ictimai fəallar Gürcüstan hökumətini tənqid edirlər. Buna görə də Gürcüstanın tanınmış immunoloq-allerqoloqu Bidzina Kulumbeqov ölkənin birinci kanalında çıxışı zamanı belə fikirlər səsləndirib: “Azərbaycanda və Türkiyədə tətbiq olunan Çinin "SinoVac" şirkətinin “CoronaVac” vaksini çox ümidverici görünür. Düşünürəm ki, Gürcüstan da bu vaksinin alınmasına başlamalıdır”. Onun sözlərinə görə, Gürcüstan da Çin vaksinini tədarük etməlidir. “Çində üç perspektivli peyvənd - "SinoVac", "Sinopharm" və "CanSino" şirkətləri tərəfindən hazırlanır. Çin bazarı əlçatanlıq baxımından ciddi bazardır, çünki orada böyük epidemiya yoxdur”, – deyə Kulumbeqov vurğulayıb.
Koronavirusinfo.az saytına istinadla deyə bilərik ki, indiyədək ölkəmizdə 420 mindən artıq vətəndaşımız COVID – 19 əleyhinə peyvəndlənmə prosesində iştirak edib. Həmçinin vaksinasiya prosesi respublikamızın bütün rayonlarında uğurla davam edir. Amma hələ də peyvəndin yararlılığına inamsız yanaşanlar, dövlətin böyük məbləğ xərcləyib ölkəyə gətizdirdiyi bu vaksinlərə laqeyd qalanlar, peyvənddən sonra virusa qarşı qoruyucu antitellərin yaranacağına şübhə edənlər var.
Bu barədə Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun direktor müavini, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Aleksandr Qorelov fikir bildirib. Onun sözlərinə görə, peyvənddən sonra qeyri-kafi miqdarda antitellərin yaranmaması və bəzi hallarda onların tamamilə olmamasının səbəbi immunoloji reaksiyanın sürətindən asılıdır. İnsan bədəni virusla qarşılaşanda ömrü boyu onu yaddaşında saxlayır. Lakin insanlar fərqli immunoloji fəaliyyətə malikdirlər. Mütəxəssis bildirib ki, vaksinasiyadan 3 gün əvvəl və 3 gün sonra spirtli içki qəbul etmək tövsiyə edilmir. Xroniki xəstəliklərin kəskinləşməsi zamanı və xəstəlikdən sonra bir müddət peyvənddən imtina edilməlidir. Koronavirusa qarşı peyvənddən əvvəl antitel titrini yoxlamaq üçün məcburi tələb yoxdur. Bununla birlikdə, həkimlər yenə də “immunoglobulin G” testi götürməyi və bir insanın əvvəllər koronavirus olub-olmadığını öyrənməyi məsləhət görürlər.
Sahib Cəfərov bildirib ki, mütəxəssislərin fikrincə, koronavirusa qarşı vaksinin antitelləri olan insanlarda sitokin fırtınasına səbəb ola biləcəyi haqqında məlumatlar təsdiqlənməyib. Qeyd edək ki, sitokin fırtınası – immuniteti zəifləmiş bədənin öz hüceyrələrinə və toxumalarına hücum etməsi nəticəsində yaranan iltihablı reaksiyadır. Mütəxəssislər xəstəlikdən sonra orqanizmdə antitellərin yaranmasını əsas gətirərək, onlara bir doza vaksinin kifayət edəcəyini bildirirdilər. Sonrakı tədqiqatlar onu göstərdi ki, orqanizmin fərdi xüsusiyyətindən və virusa qarşı həssaslığından asılı olaraq, sağalan hər kəsdə kifayət qədər antitel yaranmır. Ona görə də xəstəlikdən sağalanlara vaksin vurulmasına münasibətlə bağlı fikirlər dəyişib. Tədqiqatlar, araşdırmalar və təcrübələrlə əldə edilən nəticələri əsas götürən Ümumdünya Səhiyyə Təşkilatı bir insanın əvvəllər
COVID – 19 olub-olmamasından asılı olmayaraq, koronavirusa qarşı vaksinasiyasını tövsiyə edir.
 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

14 Mart 2021 01:13 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə