Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağdakı bərpa işlərində memarlarımız fəal iştirak edəcəklər

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev işğaldan azad olunmuş ərazilərə səfərlərində dəfələrlə bildirib ki, erməni vandalları tariximizi, memarlıq abidələrimizi, şəhər və kəndlərimizi bərbad vəziyyətə salmışlar və biz bu yerləri milli ənənələrimizi qorunmaq şərti ilə bərpa edəcəyik. Bu mənada memarlarımızın üzərinə böyük vəzifələr düşür. Azərbaycan Memarlar İ ttifaqı İ darə Heyətinin sədri, Əməkdar memar Elbay Qasımzadə ilə söhbətimizin mövzusu da memarlarımızın bərpa prosesində həyata keçirəcəkləri yeni işlər və layihələr barədədir.

 

– Elbay müəllim, işğaldan azad olunmuş ərazilərimizlə dağıdılmış şəhər, qəsəbə və kəndlərimizin bərpasında memar əməyinə böyük ehtiyac olduğu şübhəsizdir. Artıq bərpa işlərinə start verilib. Memarlarımız bu prosesə necə qoşulublar?
– Əlbəttə, qeyd etməliyəm ki, azad olunmuş ərazilərimizdə görüləcək işlər çoxdur. Burada şəhər və qəsəbələrimizin yenidən inşa olunması, tarixi abidələrimizin bərpası, bu ərazilərdə yeni istehsalat müəssisələrinin yaradılması kimi vəzifələr qarşıda durur. Və bu vəzifələrin həyata keçirilməsində aparıcı rol Azərbaycan memarlarına məxsus olacaq. Bu gün biz bu işlərin başlanğıc mərhələsindəyik. Artıq ayrı-ayrı həmkarlarımız işə qatılıblar.
– Azərbaycan Memarlar İttifaqı işğaldan azad olunmuş ərazilərin bərpası üçün hansı layihələri təklif edib? Sizcə, bərpa prosesi necə aparılmalıdır?
– Azərbaycan Memarlar İttifaqı ictimai təşkilatdır. Əsas vəzifəsi Azərbaycan memarlıq sənətinin irsini qorumaq, müasirliyinin inkişafı üçün lazımı zəmin yaratmaqdır. Konkret layihələrlə məşğul olanlar isə ittifaqın üzvləridir.
Lakin son səkkiz ildə əldə etdiyimiz nüfuzu və beynəlxalq memarlar birliyində mövqeyimizdən istafadə edərək, Qarabağ probleminin həqiqi mahiyyətini ictimaiyyətə çatdırmaq üçün az iş görmürük.
Misal olaraq, hələ Tovuz təcavüzündən sonra, Beynəlxalq Memarlar İttifaqının onlayn rejimində keçən şura iclasında biz xüsusi bəyanatla çıxış etdik və bir çox xarici həmkarlarımızdan dəstək aldıq.
Sentyabrda başlanmış və Azərbaycan Ordusunun uğurları ilə tamamlanmış hərbi əməliyyatlar nəticəsində torpaqlarımız azad olunduqdan sonra düşmənin destruktiv qüvvələri o ərazilərdə olan xristian abidələrinin təhlükə altında galdığını dünyaya yaydılar. Həqiqətin dünyaya catdırılması üçün tərəfimizdən BMT, UNESCO, ISESCO, İCOMOS, Avropa Nostra və başqa beynəlxalq humanitar qurumlara müraciətlər göndərildi. Bu müraciətlərdə düşmənin 30 il müddətində törətdiyi vəhşiliklərin nəticəsi olan 800-dən çox viran qoyulmuş tarixi abidələrimiz haqda məlumat yayıldı.
Memarlar İttifaqı tərəfindən hazırlanmış “Qarabağ abidələri” sərgisi Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Memarlıq irsi” Beynəlxalq forumunda nümayış olundu və dünya ictimaiyyətinə obyektiv məlumatı çatdırdı.
– Təkcə şəhər və kəndlərimiz deyil, tarixi mədəniyyət abidələrimiz də bərbad edilib. Artıq belə abidələrin bərpasına start verilmişdir. Memarlarımızın bununla bağlı hansısa layihələri varmı?
– Etiraf edək ki, tarixi memarlıq irsimizi özümüz qədər bilən ola bilməz. Və abidələrimizin bərpasına, əlbəttə, ilk növbədə Azərbaycan mütəxəssisləri cəlb edilir. Lakin, bilirik ki, bir sıra xarici ölkələrdə, misal üçün İtaliyada, bu sahədə böyük təcrübələri olan mütəxəssislər vardır və onların istifadəsində yeni texnologiyalar var ki, burada tətbiq oluna bilər.
– Viran qoyulmuş ərazilərimizdə tamam məhv edilən abidələr necə bərpa ediləcək?
– Qarabağ bölgəsində 800-dən çox tarixi abidəmiz mövcüddır. Qarşımızda böyük vəzifələr durur. Bu abidələrin bir qismi bərpa və bir qismi konservasiya olunmalıdır.
Qeyd etməliyəm ki, Azərbaycanda tarixi abidələrini qeydə alınması, pasportlaşması və qorunub saxlanılması hələ ötən əsrin 70-ci illərindən kifayət qədər yüksək səviyyədə aparılmışdır. Bu, o zamanlar Azərbaycana rəhbərlik edən, Heydər Əliyevin ən vacib tələblərindən olmuşdur.
Məhz buna görə Mədəniyyət Nazirliyinin müvafiq struktur qurumlarında o zamanlar tərtib edilmiş sənədlər var və abidələrin bərpası zamanı mütləq istifadə olunacaqdır.
Təəssüflər olsun ki, qorunub saxlanılası bir şey qalmayıb. Ağdam, Füzuli, Kəlbəcər, Laçın və başqa şəhərlərimiz və eynilə də kəndlərimiz və qəsəbələrimiz düşmən tərəfindən darmadağın edilmişdir.
Bunları yenidən inşa etməliyik. Bu torpaqlarda davamlı, hər bir sosial infrastrukturu olan müasir yaşayış məskənləri inşa etdirəcəyik.
Məncə, XXI əsrdə yaradılan yeni yaşayış məskənləri milli ənənələri qorumaq şərtilə müasir memarlıq ənənələrinə və estetik tələblərə cavab verməlidirlər. Əlbəttə, bunların layihəsi üzərində azərbaycanlı memarlar çalışarsa, orada tarixi irsimiz mütləq öz əksini tapacaqdır.
– Sizin özünüzün Qarabağla bağlı məxsusi layihəniz varmı?
– Mənim Qarabağ üçün layihə hazırlamaq arzum var. Amma təcrübə və bacarığıma istinad olunması bu işlərə rəhbərlik edən insanların səlahiyyətindədir.
– Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir qrup mədəniyyət xadimi ilə ötən il keçirilən görüşü zamanı sizin verdiyiniz təkliflər maraq doğurmuşdu. Bəlkə, bu barədə də məlumat verəsiniz?
– Çox gözəl və faydalı görüş idi. Düşünürəm ki, gələcəkdə belə görüşlər təkrarlanacaq. Həmkarlarımın o görüşdə qaldırdıqları bir sıra məsələlər öz həllini artıq tapmışdır.
Mənim təklifim isə bir sıra böyük problemlərlə bağlı olduğundan, hələlik öz həllini tapmamışdır. Amma bilirəm ki, dövlət başçısının diqqətindədir. Şübhə etmirəm ki, Bakının tarixi mərkəzinin sərhədləri təsdiqlənəcək və bu ərazidə xüsusi fəaliyyət rejimi tətbiq olunacaq.
İkinci təklifim iki dahi memar -- akademik Mikayıl Hüseynovun və akademik Sadıq Dadaşovun birgə abidəsinin qoyulması idi. Ümid edirəm ki, Mədəniyyət Nazirliyi tərəfindən həyata keçiriləcəkdir.
– Qarabağın gələcək memarlığı ilə bağlı daha nələri demək istərdiniz?
– Qarabağın memarlıq siması ölkəmizin istedadlı, həm təcrübəli, həm də gənc memarları tərəfindən formalaşacaqsa, bundan böyük arzu və istəyim ola bilməz.
Qələmə aldı:
 

Mehdi MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

10 Mart 2021 02:44 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə