Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AMEA-nın Aşqarlar Kimyası İnstitutunda kompüter kimyası ilə bağlı elmi seminar keçirilib

AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda bu elmi müəssisənin gənc mütəxəssislərinin ABŞ-ın Buffalo Universitetinin Kompüter Araşdırmalar Mərkəzi ilə birgə yerinə yetirdikləri müştərək beynəlxalq səviyyəli tədqiqatların nəticələrinə həsr olunan seminar keçirilib.

www.science.gov.az saytı yazır ki, tədbiri giriş sözü ilə açan AKİ-nin elmi işlər üzrə direktor müavini, kimya üzrə elmlər doktoru, professor Mirzə Mövsümzadə elmi seminarın "Kompüter hesablamaları ilə üçkomponetli kimyəvi reaksiyaların nəzəri və təcrübi mexanizminin tədqiqi"nə həsr olunduğunu və aparılan araşdırmalar nəticəsində mühüm uğurlar əldə edildiyini vurğulayıb.

Sonra AKİ-nin “Aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları” laboratoriyasının müdir vəzifəsini icra edən kimya üzrə fəlsəfə doktoru, dosent Əfsun Sucayev məruzə ilə çıxış edib. Ə.Sucayev bildirib ki, çoxkomponentli kondensləşmə reaksiyalarında ən azı 3-4 komponentin bir mərhələdə qarşılıqlı təsiri baş verdiyi üçün bu tip reaksiyaların ehtimal olunan mexanizmi ilə bağlı elmi mübahisələr yaranır. Bunu isə kompüter, kvant kimyəvi hesablamaları ilə həmin kimyəvi reaksiyaların təcrübi-nəzəri mexanizmini tədqiq etməklə həll etmək mümkündür. Məruzəçi əlavə edib ki, bu reaksiyalarla alınan maddələrin paralel olaraq farmakoloji təsirlərini Türkiyə Atatürk Universitetində öyrənilmiş və onların antidiabetik və antixolinergik təsirlərə malik olduğu müəyyənlədirilib.

Sonra çıxış edən Bakı Mühəndislik Universitetinin Kimya mühəndisliyi kafedrasının müdiri, AMEA Neft Kimya Prosesləri İnstitutunun aparıcı elmi işçisi, dosent Yusif Abdullayev təxminən altı ay müddətində bu istiqamətdə təcrübi nəticələrə uyğun olaraq nəzəri araşdırmalar aparıldığını, reaksiyaların mexanizmi, katalizator seçimi, katalitik təsir, alınan maddənin konkret hansı izomer formasında olması ilə bağlı əhəmiyyətli nəticələr əldə olunduğunu diqqətə çatdırıb. Y.Abdullayev qeyd edib ki, bu, əsasən kompüter klasterlərinə bir çox proqramların yüklənilməsi və prosessorları paralel işlətməklə normal kompüterlərdə uzun zaman, illərlə, ala biləcək əməliyyatları qəbul olunan dərəcədə qısa zaman kəsiyində həyata keçirməyin mümkünlüyünə əsaslanır.

Hər iki məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tədbirdə istitutun elmi işlər üzrə direktor müavini, professor M.Mövsümzadə, elmi katib, k.ü.f.d. Mehparə Səfərova, baş elmi işçilər – k.ü.f.d. Ş.Əliyev və k.ü.f.d. O.Nəbiyev çıxış edərək tədqiqatın əhəmiyyətini yüksək qiymətləndirib, bu sahədə araşdırmaların genişləndirilməsinin vacibliyini vurğulayıblar.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

29 Oktyabr 2018 18:30 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə