Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan qadınının müasir cəmiyyətdə yeri və rolu

Qadın bəşəri nurlandıran çıraqdır, onun işığı, nuru azalarsa, kainat qaralar, cəhalət hökm sürər... O, həyat mənbəyi, ən gözəl şeirlərin, bəstələrin ilham pərisi, ən ülvi duyğuların ünvanıdır! Bəşər övladı onun laylası, oxşaması ilə böyüyür, ilk tərbiyə və təlim alır. Millətin və dövlətin gələcəyi həyatı davam etdirən, nəsillər yetirən qadına verilən dəyərdən asılıdır.

Azərbaycan xanımları müxtəlif xalqlara mənsub dünya qadınları arasında zəkası, əxlaqı, gözəlliyi, sadiqliyi, xeyirxahlığı, qəhrəmanlığı və digər mənəvi keyfiyyətləri ilə örnəkdir. Tarix boyu qadınlarımız yurdunun, vətəninin müdafiəsi, dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi uğrunda kişilərlə bərabər mübarizə aparmış, hünər, cəsarət, vətənpərvərlik və müdriklik nümunələri ilə bəşər salnaməsinin qəhrəman obrazlarına çevrilmişlər. Yunan tarixçisi Herodotun məlumatına görə, e.ə. VI əsrdə Əhəməni imperiyasının hökmdarı indiki Azərbaycan ərazisində yaşamış türk tayfası massagetlərin torpaqlarını ələ keçirmək istərkən Massaget dövlətinin başında duran hökmdar qadın Tomirisin qoşunları Kirin ordusunu məğlub etmişdir. Azərbaycanın ilk tarixi hökmdar qadını, müdrik və qəhrəman Tomiris öz dövlətinin müstəqilliyini və ərazi bütövlüyünü qoruyub saxlamışdır. E.ə. I əsrdə Appian Roma sərkərdəsi Pompeyin Albaniyaya hücumu haqqında yazır ki, romalılara qarşı kişilərlə bərabər qadınlar da vuruşurdular. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi “Kitabi-Dədə Qorqud” dastanında Selcan xatun, Burla xatun, Banuçiçək və digər xanımların silahlanması, at çapıb döyüş meydanlarında vuruşması da tarixən qadınlarımızın müti olmadığını, azad ruhunu, igidliyini səciyyələndirir.

Tomiris, Möminə xatun, Qətibə xanım, İnanc xanım, Mehrcan xanım, Sara xatun, Tuti Bikə xanım, Bəyim xanım, Nigar, Həcər kimi dərin zəkaya, möhkəm iradəyə malik hökmdar, diplomat, döyüşçü qadınlarımızın göstərdiyi qeyrət nümunəsi dövlətçilik, xarici siyasət və hərb tariximizin şanlı səhifələridir.

XX əsrin başlanğıcında Azərbaycanın qadın hüquqları problemi ilk olaraq 1903-cü il martın 30-da Tiflisdə nəşrə başlayan “Şərqi-Rus” qəzetində qaldırıldı. Azərbaycan qadınlarının təhsil almaq imkanının məhdudluğuna qarşı atılmış mühüm addımlardan biri H.Z.Tağıyevin 1901-ci ilin oktyabr ayında Bakı Qız Məktəbini təsis etməsi oldu. 1908- ci ildə isə Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikovanın təşəbbüsü ilə Azərbaycanda ilk qadın xeyriyyə cəmiyyəti yaradıldı.

1918-ci il mayın 28-də AXC-nin qəbul etdiyi İstiqlal Bəyannaməsinin IV bəndində bərabərhüquqluluq prinsipi, seçmək və seçilmək hüququ təsbit edildi. Azərbaycan Şərqdə, müsəlman dünyasında qadınlara seçmək və seçilmək hüququ verən ilk dövlət oldu. Beləliklə, 1918-ci il dekabrın 8-də fəaliyyətə başlayan Azərbaycan Xalq Cumhuriyyətinin parlamentinə seçkilərdə azərbaycanlı qadınlar da iştirak etdi. Bununla da, nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrindən, o cümlədən, Fransadan (1944) və ABŞ-dan (1920) əvvəl Azərbaycanda qadına cəmiyyət həyatında siyasi proseslərə qoşulmaq hüququ verildi. Sovet hakimiyyəti illərində də Azərbaycan qadını çox mürəkkəb və şərəfli yol keçib. 1921-ci il Azərbaycan tarixində qadınların ilk qurultayı keçirildi. 1923-cü ildə “Şərq qadını” jurnalının nəşrə başlaması Azərbaycanda qadın hərəkatı tarixində əlamətdar hadisə idi. Sovet dövründə Azərbaycan qadınları müxtəlif sahələrdə ilklərə imza atıblar. Azərbaycanda və bütün Şərqdə Leyla Məmmədbəyova ilk qadın təyyarəçi, Ağabacı Rzayeva peşəkar musiqi təhsili almış ilk qadın bəstəkar, Şəfiqə Axundova ilk dəfə opera bəstələyən xanım kimi tanınıblar. Kinoaktrisa, neft mühəndisi və kimyaçı akademik İzzət Orucova, akademik Validə Tutayuq, opera müğənnisi Şövkət Məmmədova, balerina Qəmər Almaszadə, ilk xanım nazir Tahirə Tahirova Azərbaycan qadınının şöhrətini bütün dünyaya yaydılar.

Zərif cinsin nümayəndələri güclü iradələri ilə milli azadlıq hərəkatının ön sıralarında vətənimizin ərazi bütövlüyü və süverenliyi uğrunda mübarizə aparıblar. Azərbaycanın müstəqilliyinin ilk illərində, Ermənistanın ölkəmizə hərbi təcavüzü ilə başlayan Qarabağ müharibəsində iştirak edən qadınlarımızın fədakarlığı, şücaəti yeni tariximizin qürurla vərəqlədiyimiz səhifələridir. Milli qəhrəmanlarımız jurnalist Salatın Əsgərova, I Qarabağ müharibəsinin şəhidi Qaratel Hacımahmudova, Vətən müharibəsinin ilk qadın hərbçi şəhidi Arəstə Baxışova Azərbaycan qadınının vətənsevərlik, mərdlik, cəsarət simvoludurlar.

1994-cü ildə Milli Qəhrəman statusunun müzakirəsinə həsr edilmiş iclaşların birində ümummilli lider Heydər Əliyev demişdi: “Milli Qəhrəman adı kimə verilməlidir?... Qazaxda bir Qaratel vardı, düşmən əlinə sağ keçməsin deyə özünü öldürmüşdu. Bax əsl Milli Qəhrəman adı o xanıma layıqdir”. Bu, vətən uğrunda canından keçmiş şəhid xanıma münasibətdə, ulu öndərin ümumən Azərbaycan qadının fəadakarlığına və ləyaqətinə verdiyi dəyəri idi. Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı illərdə qadınların problemlərinin həllinə dövlət səviyyəsində diqqət göstərildi. Ölkəmiz 1995-ci il iyunun 30-da Birləşmiş Millətlər Təşkilatının “Qadınlara münasibətdə ayrıseçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasına qoşularaq öz üzərinə müvafiq öhdəliklər götürdü. Müstəqil Azərbaycanın 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyası ilə cinsindən asılı olmayaraq hər bir vətəndaşın bərabər hüquq və azadlıqları təsdiq edildi. Hökumət gender bərabərliyi ilə bağlı normativ hüquqi aktlar qəbul etdi. Ulu öndər Heydər Əliyevin 1998-ci il yanvarın 14-də imzaladığı “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncamı, daha sonra “Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Fərmanı qadınların ictimai-siyasi həyatda iştirakının genişləndirilməsi sahəsində dövlət strategiyasının əsaslarının yaradılmasında mühüm rol oynadı.

2000-ci il martın 6-da imzalanan “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman qender bərabərliyi və qadınların imkanlarının genişləndirilməsi sahəsində dövlət strategiyasının yaradılmasının əsasını qoydu. Bu hüquqi sənəd, kişilərlə yanaşı qadınların da respublikanın bütün dövlət strukturlarında təmsil olunmasını, həmçinin qanunvericiliyin qender ekspertizasının keçirilməsini nəzərdə tutur. 2000- ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planının (2000-2005-ci illər) təsdiqi gender bərabərliyinə dair normativ hüquqi aktların məntiqi davamı idi.

Sosial-iqtisadi sahədəki islahatlar cəmiyyətin demokratikləşməsi şəraitində gender məsələsinə yeni yanaşma tələb edirdi. 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanun qəbul edildi. Həmin ildə Prezident İlham Əliyevin sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırıldı.

Uzun əsrlər boyu bəşəriyyətin zərif yarısının əsas məqsədi nəslin davamı və ailə ocağının qorunması idi. Texnoloji tərəqqi, elmi kəşflərin hakim olduğu müasir cəmiyyətdə qadınlarımız yeni statusa malikdirlər. XXI əsrin Azərbaycan qadını güclü olmağa çalışır, cəmiyyətin əksər sahələrində uğurla çalışır. Həyatın bütün sahələrində öz müstəqil düşüncəsini ifadə edir, öz həyatını planlaşdırır. Sosial varıq olaraq siyasi müstəvidə aktivliyi ilə seçilir, dövlət idarəçiliyində, qanunvericilik aktlarının formalaşmasında, diplomatiya aləmində, iş dünyasında, ölkə iqitisadiyyatında, səhiyyə, hüquq, təhsil, elm və mədəniyyət sahəsində əhəmiyyətli rol oynayır.

Sahibkarlığın, xüsusi ilə qadın sahibkarlığının inkişafı zərif cinsin nümayəndələrinin iqtisadi və sosial nüfuzunun artmasına və bir çox hallarda, cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir. Bunun ən önəmli səbəblərindən biri dövlət tərəfindən həyata keçirilən qadın, gender siyasətidir. Bu siyasətin nəticəsidir ki, qadınlarımız təkcə respublikamızda deyil, ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınır, beynəlxalq qurumlarda dövlətimizi ləyaqətlə təmsil edirlər.

Bu gün Azərbaycan qadını yeni bir cəmiyyətin fəal qurucusudur. İdarəedici və qanunverici orqanların rəhbərliyində, parlamentin deputatları arasında, xarici siyasətdə zərif cinsin nümayəndələrinin təmsil olunması ölkəmizdə qadınların idarəedici qüvvə olduqlarını sübut edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Azərbaycan qadınının dövlətçilik sahəsində göstərdiyi tarixi xidmətlərin layiqli davamçısıdır. Xalqımızın mədəniyyətinin, musiqisinin, incəsənətinin, ədəbiyyatının, tarixinin dünyada tanınmasında, dövlətimizin beynəlxalq aləmdə təmsil olunmasında, ölkə daxilində mədəniyyətin, təhsilin, elmin inkişafında Mehriban xanım Əliyevanın rolu danılmazdır.

Azərbaycan qadını millimənəvi dəyərlərə sadiqliyi ilə cəmiyyətimizi qloballaşmanın ailə institutuna gətirdiyi mənfi dalğasından qoruyur. Cəmiyyətdəki gender problemlərinin həlli üçün ən vacib şərt dövlət strukturları, ictimai birliklər və qeyri-hökumət təşkilatlarının fəal dialoqu və sosial tərəfdaşlığıdır, çünki onlar dövlətlə vətəndaş cəmiyyəti arasındakı əlaqədir. Bu səbəbdən, qadınların təhsil və məşğlluq hüquqlarının qorunması, onların sosiallaşması, işgüzar və vətəndaş fəallığının artırılması ümumən, gender bərabərliyinə nail olmaq dövlətin və cəmiyyətin inkişaf strategiyasının vacib bir hissəsidir. Bu, mədəni demokratik cəmiyyət quruculuğuna gedən trayektoriyadır.

Hər şeydən öncə, qadınların yüksək təhsil səviyyəsi olmalıdır. Təhsilli qadın ağıllı millət, yetkin nəsil deməkdir.Azərbaycanda qadınların təhsil alması, qadınlar arasında savadsızlığın aradan qaldırılması, qadın sağlamlığı, onların iqtisadi azadlığının təmin olunması məsələləri hər zaman dövlətin diqqət mərkəzindədir.

Sosial dəyərləri və ailəni qorumaq, cəmiyyətə layıqli, millimənəvi dəyərlərə bağlı, demokratik düşüncəli, müasir təfəkkürlü vətəndaş yetişdirmək Azərbaycan qadınının əsas vəzifələrindəndir. Bununla birlikdə, qadınlarımız təhsil almaq, yüksək rəhbər vəzifələrdə çalışmaq, müstəqil biznes qurmaq, cəmiyyətin bütün sferalardında peşəkar kadr olaraq öz talelərini təyin etmək hüququna sahibdirlər. Qadının hüquq və vəzifələrinin harmoniyası onun cəmiyyətdə yerini və rolunu təyin edir, mövqeyinin və rolunun inkişafı isə ümumən, cəmiyyətin inkişafını səciyyələndirir.

Leyla RƏŞID,

“Xalq qəzeti”,

Beynəlxalq Kommunikasıya və Media Mərkəzinin sədri

 
 
8 Mart 2021 11:40 - SİYASƏT
SİYASƏT
18 Aprel 2021 | 03:59
Tarixi dəyişdirən lider

Köhnə versiyamızdan xəbərləri izlə