Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə və Almaniya liderləri videoformatda görüşüblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Angela Merkellə videokonfrans rejimində söhbət edib. Bu barədə Türkiyə Prezidenti administrasiyasına istinadən “Anadolu” məlumat verib.

Məlumata görə, ölkə liderləri ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər. Söhbət zamanı Ərdoğan Almaniya Kansleri ilə dialoqun mütəmadi qaydada davam etdirilməsinə xüsusi əhəmiyyət verdiyini bəyan edib.

Türkiyənin dövlət başçısı Suriya qaçqınlarının könüllü şəkildə öz evlərinə qayıtmasında Avropa İttifaqının maliyyə və texniki köməyinin mühüm rol oynadığını bildirib: “Bu gün Türkiyə milyonlarla suriyalını müdafiə edən və onlara kömək göstərən yeganə ölkədir. Suriyada siyasi proses effektiv şəkildə davam edir”.

Liviyadakı vəziyyətlə bağlı danışan Ərdoğan deyib ki, bu ölkədə hazırda ən prioritet məsələ yeni hökumətin parlamentdə tez bir zamanda təsdiq edilməsi və ölkənin gələcəyi naminə fəaliyyətə başlamasıdır. Türkiyə lideri koronavirus pandemiyasına qarşı mübarizədə pozitiv tendensiyaya nail olunduğunu və bununla əlaqədar 2021-ci il turizm mövsümünün apreldə təhlükəsiz və məhdudiyyətsiz şəkildə açıla biləcəyini qeyd edib. Merkellə söhbətdə Türkiyə tərəfdən XİN başçısı Mövlud Çavuşoğlu, Ədalət və İnkişaf Partiyasının nümayəndəsi Ömər Çelik, Prezident Administrasiyasının idarə başçısı Fəxrəddin Altun və Prezidentin mətbuat katibi İbrahim Kalın iştirak ediblər.

Almaniya Kansleri isə Avropa İttifaqı və Türkiyə arasında hərtərəfli və konstruktiv münasibətlərin vacib olduğunu bildirib. Bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert məlumat verib. Onun sözlərinə görə, liderlər bir sıra regional məsələlər, eləcə də Şərqi Aralıq dənizində vəziyyət və koronavirusa qarşı mübarizə ilə bağlı fikir mübadiləsi aparıblar: “Kansler Merkel Aİ–Türkiyə əlaqələrinin vacibliyini təsdiq edib.

Liviyadakı vəziyyətin müzakirəsi zamanı tərəflər Abdül Həmid əd-Dbeydənin rəhbərliyi ilə yeni hökumətin formalaşması prosesinə həm ölkə daxilində, həm də xaricdə dəstək veriləcəyini qeyd ediblər”. Merkel Şərqi Aralıq dənizindəki vəziyyətin yalnız dialoq yolu ilə beynəlxalq hüquq əsasında həll edilməli olduğunu bildirib.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

7 Mart 2021 02:09 - SİYASƏT
SİYASƏT
21 Aprel 2021 | 08:48
Xain xoflu olar

Köhnə versiyamızdan xəbərləri izlə