Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Peşə təhsilinin inkişafı üçün yeni perspektivlər yaranır

Hazırkı dövrdə peşə təhsili xüsusi əhəmiyyət daşıyan məsələdir. Sovetlər dönəmindəkindən fərqli olaraq, indi ümumtəhsil məktəblərində yaxşı oxuyan şagirdlər də peşə təhsili müəssisələrinə üz tuturlar. Bu sahədə strategiya sektorun inkişafını təmin etməkdən, beynəlxalq tərəfdaşlıq sayəsində müasir kadr hazırlığını daha da təkmilləşdirməkdən ibarətdir. Çünki ölkənin sosial-iqtisadi inkişafı bir çox cəhətdən bu amildən asılıdır.

 

Prezident İlham Əliyev dünyanın qabaqcıl ölkələrində əmək bazarının əsas istiqamətlərindən biri olan peşə təhsilində səmərəli sistem formalaşdırılmasını daim diqqətdə saxlayır. Ölkədə bu yöndə yeni çağırışlara uyğun formatlar yaradılır, pilot təhsil proqramları, karyera planlaşdırmaları tətbiq olunur. Ötən ilin sentyabr ayında Sumqayıt Kimya Sənaye Parkının Peşə Təhsili Mərkəzinin açılışında iştirak edən dövlətimizin başçısı belə müəssisələrin yaradılmasının gənclərə dövrün tələbinə uyğun bacarıq və peşə vərdişlərinin aşılanmasındakı rolunu yüksək qiymətləndirmişdir.
Müasir peşə mərkəzlərinin yaradılması geniş əhatəli tədbirləri nəzərdə tutur. Fevral ayında Türkiyədə səfərdə olan təhsil naziri Emin Əmrullayev səfəri çərçivəsində Çankaya Peşə və texniki Liseyində də tədris prosesi ilə tanış olub. Peşəyönümünün təkmilləşməsi üzrə qardaş ölkənin zəngin təcrübəsi var. İndiyədək Azərbaycandan 100-dən çox peşə təhsili müəllimi Türkiyədə təcrübə keçib. Bu sahədəki yaxınlaşma İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclasından sonra imzalanan protokolda da öz əksini tapıb. Yeni layihə çərçivəsində iki peşə məktəbi – məslək okulunun birgə idarə olunması planlaşdırılır. Razılığa əsasən, bundan sonra dəstək ölkəmizdə xüsusi ehtiyac duyulan sahələr nəzərə alınmaqla davam etdiriləcək.
İnkişaf tendensiyası regionları da əhatə edir. Elə təhsil nazirinin müavini İdris İsayevin bildirdiyinə görə, ölkəmizdə peşə təhsili şəbəkəsinin maddi-texniki bazası genişləndirilməkdədir. Artıq Bərdədə yeni peşə kompleksinin tikintisi başa çatıb və yaxın vaxtlarda orada avadanlıq quraşdırılacaq. Cəlilabadda yeni korpuslar tikilir və yataqxana binası əsaslı təmir edilir. Lənkəranda isə inşa ediləcək peşə kompleksinin layihəsi hazırlanıb və bir aya orada işlərə başlanacaq. Bu ilin sonunadək hər üç peşə təhsili kompleksi istifadəyə veriləcək.
Qeyd edək ki, nazir müavini İdris İsayev və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov bu günlərdə həmin məqsədlə cənub bölgəsindəki TPM-lərə səfərdə olublar. Cəlilabad mərkəzinin Göytəpə şəhərindəki əsas korpusunun ərazisində yeni layihə üzrə aparılan tikinti-təmir işlərinin gedişi ilə tanış olub, qismən bərpa edilmiş əyani tədrisin gedişi ilə maraqlanıblar. Sonra regionun kadr hazırlığında xüsusi çəkisi olan mərkəzin mühəndis-pedaqoji kollektivi, tələbə və məzunları ilə görüş başlanıb. Nazir müavini İdris İsayev peşə təhsilinə göstərilən dövlət qayğısından, görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Yaxın gələcəkdə Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin cənub bölgəsində ən böyük və ən müasir təhsil müəssisəsinə çevriləcəyi bildirilib. Dövlət Agentliyinin direktoru Pərviz Yusifov tədris prosesinin optimal təşkili məqsədilə birgə istifadə imkanlarından bəhs edib. Toxunulan digər istiqamət yüksək peşə təhsili alan tələbələrin növbəti mərhələdə regionda fəaliyyət göstərən ali məktəblərdə təhsillərini davam etdirməsindən ibarət olub. Həmçinin regionda fəaliyyət göstərən işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi imkanları və bu yöndə kadr hazırlığının təşkili prosesində birgə fəaliyyət istiqamətləri müzakirə edilib.
Biz gözəl perspektiv vəd edən Cəlilabad Dövlət Texniki Peşə Mərkəzi ilə tanış olmaq üçün Göytəpə şəhərinə yollandıq. Direktor Etibar Sadıqov bildirdi ki, mərkəzdə fevralın 15-dən əyani dərslər başlanıb. Hazırda burada paralel olaraq tikinti və əsaslı təmir işləri sürət və keyfiyyətlə aparılır. Yeni kompleksə müasir emalatxanalar, avtotəmir və idman korpusları, istixana, kənd təsərrüfatı maşınları üçün qaraj, anbar və əsaslı təmir olunan 5 mərtəbəli yataqxana binası daxildir. Dövlət Peşə Təhsil Mərkəzinin uğurları az deyil. “Woodpecker” mebel şirkəti ilə işgüzar əlaqələrin nəticəsində burada üzlükçü-dizayner ixtisasına yiyələnmiş məzunların bir qrupu ötən il həmin şirkətdə əmək fəaliyyyətinə başlayıb. Mütəxəssislərin Estoniyaya bir həftəlik səfəri də qabaqcıl təcrübənin öyrənilməsi baxımından önəmli olub. Qeyd edək ki, birləşmədən sonra burada üç istiqamətdə kadrlar hazırlanacaq: kənd təsərrüfatı, mebel sənayesi və avtomobil ixtisaslarına aid peşələr üzrə. Mərkəzin tezliklə publik hüquqi şəxs kimi təşkilinə hazırlıq gedir.
Cəlilabad Peşə Təhsili Mərkəzinin yetirmələri Vətən müharibəsində də öz igidlikləri ilə fərqləniblər. Vüqar İbadov, Murad Səlifov, Musa Mustafayev, Elnur Bağırov, Rəşad Zeyniyev, Vüsal Cəfərov, Famil Ağaşov və Əsgər Məmmədov şəhidlik zirvəsinə ucalıb, ölümlərindən sonra “Vətən uğrunda” medallarına layiq görülüblər. Kollektiv onların xatirəsini daim əziz tutur.
Fevralın 15-dən bu mərkəzdə, ümumiyyətlə, bütün peşə təhsili ocaqlarında əyani dərslər qismən bərpa olunub. İstehsalat təliminin təşkili zamanı təhsil müəssisəsində tələbə sıxlığının qarşısını almaq məqsədilə dərs cədvəllərində müvafiq dəyişikliklər həyata keçirilib. Tədris planları və dərs cədvəllərinə əsasən, ixtisasdan asılı olaraq istehsalat təlimi dərslərinin əyani formada təşkili həftədə 2 gün olur. İstehsalat təcrübəsi dərsləri isə işəgötürən təşkilatlarda xüsusi karantin rejimi üzrə qaydalar və tələblər gözlənilməklə əyani təşkil edilib. Tədris prosesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na əsasən təşkil edilib.
Qeyd edək ki, əyani dərslərin qismən bərpasını peşə təhsili alan tələbələr sevinclə qarşılayıblar. Çünki əyani dərslər ötən dövrdə onlayn məşğələlər və teledərslər zamanı qazanılmış nəzəri bilik və bacarıqların praktiki məşğələlərdə möhkəmləndirilməsinə, həmçinin praktiki bacarıq və səriştələrin əldə edilməsinə imkan yaradacaq.
 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

7 Mart 2021 01:59 - SİYASƏT
SİYASƏT
21 Aprel 2021 | 08:48
Xain xoflu olar

Köhnə versiyamızdan xəbərləri izlə