Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rəngkarlıq kraliçası

Yaradıcılıq istedadı ilə həmkarlarından fərqlənən və dövrünün qabaqcıl sənət adamlarının diqqətini cəlb edən rəssamlarımızdan biri Azərbaycanın Əməkdar incəsənət xadimi Vəcihə Səmədova (1924-1965) olub. Onun keçdiyi qısa, lakin şərəfli sənət yolu milli rəssamlığımızın inkişafında əhəmiyyətli rol oynayıb.

V.Səmədovanın sənətə gəlişi Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbindən başlayıb. 1944-cü ildə rəssamlıq məktəbini bitirdikdən sonra V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna qəbul olunub. Sənətin mürəkkəb və özünəməxsus incəliklərini müəllimləri V.Y.Yakovlev və P.Korindən böyük maraqla öyrənib.
Yaratmış olduğu diplom işi təsviri sənət aləminə ciddi və istedadlı rəssamın gəlişindən xəbər verirdi. Bakıya qayıtdıqdan sonra Vəcihə xanım yaradıcılıq axtarışlarını uğurla davam etdirib. Qısa zaman içərisində gənc rəssam portret, mənzərə süjetli tablo, natürmort və digər janrlarda bir-birindən maraqlı və yüksək sənət meyarlarına uyğun əsl sənət inciləri yaradır.
V.Səmədova portret janrında da uğurlu nailiyyətlər əldə edib. Onun müxtəlif peşə adamlarına həsr etdiyi portret əsərləri bunu bir daha təsdiq edir. Surətini yaradacağı şəxsin keçirdiyi hisslərini, yaşadığı duyğuları fırçasının gücü ilə kətana köçürməyə çalışırdı.
Əslində, o, təəssürat rəssamı idi. Yəni sənət dili ilə ifadə etmiş olsaq, impressionist idi. Bunu rəssamın mövzuya yanaşmasında daha çox ani məqamlara üstünlük verməsi bir daha təsdiq edir. Onun portret əsərləri arasında “Avtoportret”, “Söhbət İbrahimovanın portreti”, “Gənc skripkaçı”, “Geoloq Minurə Məmmədbəylinin portreti” əsərlərini xüsusi qeyd etmək lazımdır.
Yüksək sənətkarlıq metodu ilə yaratdığı portret əsərlərinə xas bədii xüsusiyyətləri tematik tablolarına da şamil etmək olar. V.Səmədovanın tematik tablolarına “Mahnı”, “Toy günü”, “Nişan aparanlar”, “Kür qırağında”, “Xəbər gözləyənlər”, “İmtahandan əvvəl”, “Gözləmə” və başqa əsərlərini misal göstərmək olar.
Rəssamın ən yaddaqalan əsərlərindən olan “Kür qırağında” tablosu mürəkkəb kompozisiya quruluşuna və dərin bədii ifadə həllinə malikdir. Oturmuş vəziyyətdə saçlarını sıxan məqamda təsvir edilən qadının ekspressiv hərəkəti və heyrətdoğurucu inanılmaz ustalıqla və əsl təkraredilməz sənət metodu ilə yaradılıb. Artıq bu tabloya tamaşa edəndə bir daha duymaq olur ki, rəssam ən adi anda yaranan vəziyyətə xüsusi diqqət yetirərək, çoxlarının belə əhəmiyyət vermədiyi incə nüansları kətana köçürməyi düşünür və əksər hallarda öz istəyinə nail olurdu. Onun mənzərə əsərlərində yüksək əhval, lirik- estetik bədii xüsusiyyətlər vardır. Ayrıca işləmiş olduğu mənzərə əsərləri ilə yanaşı, portret və tematik tablolarında da təbiət görüntülərinə, dəniz mənzərələrinə və digər ovqatyaradıcı xüsusiyyətlərə rast gəlmək olar. Rəssamın mənzərə əsərlərindən “Qoşqar yaylağında”, “Göy göl”, “Kəpəz”, “Kür sahillərində”, “ Zığ”, “Çadırlar” və s. əsərləri bu baxımdan diqqətəlayiqdir. Rəssam yay aylarında ailəsi ilə birgə rayonlarımıza etdiyi səfərləri zamanı maraqlı mənzərə tabloları yaratmışdır.
V.Səmədovanın Bolqarıstana yaradıcılıq ezamiyyəti onun yaradıcılığında yeni istiqamətin inkişafına gətirib çıxarıb. Rəssam bu səfəri zamanı yaradıcılıq təcrübəsini artırıb və yeni məzmun və forma dolğunluğu ilə yaratdığı əsərləri ilə tamaşaçıları məmnun edib. Bu silsiləyə aid tablolarına “Sofiya bazarında”, “Qoca bolqar qadınları”, “Plovdiv qayaları”, “Türk qızı” və başqa əsərlərini qeyd edə bilərik.
Vəcihə xanım uğurlu yaradıcılıqla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. Rəssam qazandığı bilik və bacarığını Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində dərs verdiyi tələbələrindən əsirgəməyib.
Rəssam daim gərgin yaradıcılıq axtarışlarında olub və daxili dünyasını əsrarəngiz tablolarında əks etdirib. Qəfil ölüm istedadlı rəssamı sənət dostlarının sıralarından və yaradıcılıq aləmindən çox tez ayırdı.
V.Səmədovanın xatirəsinin əbədiləşdirilməsi məqsədilə Rəssamlar İttifaqının Bədii Sərgi Salonuna onun adı verilib. V.Səmədovanın həyat yoldaşı Lətif Feyzullayev rəssam, oğlu Nicat Feyzullayev isə kinorejissor idi. Nicat anası haqqında “Rəngkarlıq kraliçası” filmini çəkmişdir.
Vəcihə xanımın yaratdığı qiymətli sənət nümunələri xalqımızın mənəvi xəzinəsində öz layiqli yerini həmişə qoruyub saxlayacaq.
 

M. MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

7 Mart 2021 01:57 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
17 Aprel 2021 | 08:22
Eldar Tofiq oğlu Quliyev
15 Aprel 2021 | 09:58
Kaşğarda Azıx şəhəri

Köhnə versiyamızdan xəbərləri izlə