Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mingəçevirin sabahı bu günündən də gözəl olacaq

Həm martın ilk günlərinin mülayim havası, həm Qələbə sevincinin ölkəmizdə yaratdığı qeyri-adi ab-hava, həm də Kürün Mingəçevirə bəxş etdiyi əsrarəngiz görüntü. İlahi, necə də xoş səhərdir… Həmsöhbətin sabahın bu günə nisbətən daha ilıq olacağı ümidiylə yaxasını açan tumurcuqlar, çiçəkləməkdən ötrü burnunun ucu göynəyən ağaclar, gözünü ovan uşaq kimi ala-yuxulu görünən gül kollarıdırsa, söhbət çox çəkə bilər. Kür təkcə suyuna görə yox, xatirələrə, təəssüratlara görə də, sözün həqiqi mənasında, dəryadır.

 

… Nədənsə, mərhum həmkarımız, gələn il 90 yaşını qeyd edəcəyimiz Əməkdar jurnalist Əşrəf Hacıyevin ötən əsrin 90-cı illərində Mingəçevir haqqında yazdığı “Kürün ram edildiyi yerdə…” sərlövhəli məqaləsi yadıma düşdü. Doğrudan da, dağlardan, daşlardan axıb gələn, hirsi, hikkəsi, daşqınları ilə hamını qorxudan Kür Mingəçevirdə necə də “quzuya dönüb”? Necə də sakit və əmin-arxayın axıb gedir.
Bu fikirlərlə gəzərkən köhnə dostum və həmkarım Mirsədi Daşdəmirovla rastlaşdım və istər- istəməz, “Kürün ram edildiyi yer” ifadəsini ona da dedim. Cavabı əhvalımı bir az da yaxşılaşdırdı: – Sən Kürü və Mingəçeviri, bəlkə də, yüz dəfə görmüsən. Güman edirəm ki, indiki təəssüratların Azərbaycan Ordusunun son iki yüz ildə azğın düşməni ilk dəfə ram etməsinin əks-sədasıdır. Ölkəmiz iqtisadi cəhətdən heç zaman olmadığı kimi, qüdrətli olduğuna görə düşməni darmadağın etdik. Həmin qüdrətin artmasında Mingəçevirin sənaye potensialı da az rol oynamayıb. Yeri gəlmişkən, azğın düşmənin uzaqvuran silahları da Mingəçevir ətrafında az ram edilməyib. Üstəlik, Mingəçevirdə COVID – 19-un da ram edilməsi üçün az iş görülməyib. Yəni bu əhval-ruhiyyələr Kürü sənə başqa görkəmdə göstərir.
Həmkarım haqlı idi. Ona görə də şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov elə həvəslə danışdı ki, görülən işlərin həcminin belə böyük olmasına heyran qalmaya bilmirsən. Həyatını Mingəçevirə bağlamış İlham müəllim bu şəhər, onun insanları haqqında mehribanlıqla və səmimiyyətlə danışır: “Yaxşısı budur, gəlin, Nur şəhərinin sənaye potensialından bəhs edək, – deyə başçı bildirdi. – Şəhərin enerji istehsalı müəssisələrində aparılan modernləşmə və əsaslı yenidənqurma işləri davam etdirilib. Azərbaycan İstilik Elektrik Stansiyasında irimiqyaslı yenidənqurma və əsaslı təmir işləri aparılıb. İnzibati bina inşa olunub, yeni kimya sexi, hava kompressor stansiyası, 330 kilovoltluq qapalı yarımstansiya, azot və kislorod sexləri tikilib, 500 kilovoltluq açıq paylayıcı və çirkab suların təmizlənməsi qurğularında yenidənqurma işləri aparılıb.
Əlavə etdi ki, ölkə iqtisadiyyatında əldə olunmuş yüksək sosial-iqtisadi göstəricilər, Mingəçevirin dinamik inkişafına öz müsbət təsirini göstərmişdir. Şəhərdə 11 ədəd doqquzmərtəbəli çoxmənzilli yaşayış binasının dam örtükləri və giriş blokları, ümumi istifadə olan yerləri, fasadı təmir olunub, küçələrə, məhəllədaxili yollara və səkilərə, ümumilikdə 151 min kvadratmetr sahəyə yeni asfalt örtük salınıb, 34249 metr səki daşı qoyulub, “Dostluq” parkının genişləndirilmiş hissəsində abadlıq işləri yekunlaşdırılıb, Dövlət rəmzləri muzeyi istifadəyə verilib, Nəsimi parkı tikilib, Nizami küçəsində yeni parkın salınması işləri aparılıb, İncilli parkı salınıb və bir çox başqa yeniliklər qeydə alınıb, Bələdiyyə parkı yenidən qurulub, “Qurucular” parkında yenidənqurma işləri aparılıb, Sağ sahil parkı əsaslı surətdə yenilənib. Bundan başqa, “Tərəvəzçilik sovxozu” adlanan yaşayış massivində baxımsız qalmış boş sahədə istirahət guşəsi yaradılıb və sakinlərin istifadəsinə verilib.
Şəhər rəhbəri yeddi parkın adını ara vermədən çəkəndə yadıma paytaxtda hər il sayı çoxalan parklar düşdü. Doğrudan da, dövlət başçımız nə qədər parkın, xiyabanın açılışında iştirak edir. Sevindirici haldır ki, bu ənənə Mingəçevirdə də uğurla davam etdirilir. Onu da deyim ki, Mingəçevir bu qəbildən olan tədbirlərin önündə gedən şəhərlərdəndir.
Yeri gəlmişkən, dövlət başçımız paytaxtda yeni tikilmiş məktəblərdən birinin açılış mərasimində dedi ki, mənim tapşırığımla ölkənin bütün şəhər və rayonlarında yeni təhsil , mədəniyyət və səhiyyə müəssisələrinin tikintisi və ya əsaslı təmiri davam etdirilir.
ŞİH başçısının bu barədə də danışmağa, təbii ki, sözü çoxdur. Sayını siz də bilin: “Dövlət Proqramının “Mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi, tarix-mədəniyyət abidələrinin bərpası və konservasiyası sahəsində işlərin davam etdirilməsi” bəndi üzrə şəhid A.Niftəliyev adına Mədəniyyət Mərkəzində əsaslı təmir işləri davam etdirilib, 13 saylı tam orta məktəbin yeni tədris binasının tikintisi, 16 saylı tam orta məktəbdə əsaslı təmir işləri başa çatdırılıb və məktəblər istifadəyə verilib, 12 saylı tam orta məktəbdə və İnteqrasiya təlimli internat tipli gimnaziyada əsaslı işlər görülüb”.
Yada saldım ki, bu gün ölkədə davamlı olaraq gündəlikdə saxlanılan, həm dövlət başçımızın, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim maraqlandığı məsələlərdən biri də şəhid ailələri və qazilərin sosial problemlərinin həllidir. İlham İsmayılov “Haqlısınız, –deyərək, hansısa vərəqələri götürdü, amma heç bir kağıza baxmadan əlavə etdi:
– Sosial sahələrin işi daim diqqətimizdədir. Şəhid ailələrinin, Qarabağ döyüşlərində yaralanmış qazilərin problemləri ilə daim maraqlanırıq. Şəhər icra hakimiyyəti başçısının sərəncamları ilə 18 oktyabr – Müstəqillik Günü və 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə 233 şəhid ailəsinə, 245 nəfər Qarabağ müharibəsi əlilinə 187600 manat, 49 nəfər İkinci Qarabağ müharibəsində həlak olmuş şəhidlərin ailələrinə 58400 manat, 43 nəfər İkinci Qarabağ müharibəsi qazilərinə 8600 manat olmaqla, ümumilikdə 253000 manat məbləğində vəsait ayrılıb. Bundan başqa, İkinci Qarabağ müharibəsində həlak olmuş 47 şəhid ailəsinə, 52 nəfər Qarabağ qazisinə ərzaq yardımı edilib, 1 şəhid ailəsinin evi əsaslı təmir olunub, 1 şəhid ailəsi və 2 nəfər qazinin mənzilinə istilik sistemi çəkilib. ŞİH başçısının şəhid ailələri və qazilərlə görüşü, sözün həqiqi mənasında, ənənəvi şəkil alıb. Şəhidlərdən söz düşmüşkən, öyrəndik ki, son zamanlar Mingəçevirdəki Şəhidlər xiyabanında yenidənqurma işləri aparılıb.
Bütün bunlar bu günün reallıqlarıdır. Ancaq Mingəçevirdə sabahın reallıqlarını yaratmaq üçün konkret planlar var və bu istiqamətdə işlər görülür. Öyrəndik ki, şəhər icra hakimiyyəti tərəfindən 2021-ci ildə görülməsi nəzərdə tutulan əsas işlərin sırasında Sahil parkının və Heydər Əliyev prospektindəki xiyabanların yenidən qurulması, Tarix muzeyinin qarşısındakı ərazinin yenidənqurma işlərinin davam etdirilməsi, çoxmərtəbəli 17 yaşayış binasının dam örtüyü, fasad və girişlərinin əsaslı təmiri, Nizami küçəsindəki bir hissəsi abadlaşdırılmış ərazidə yeni salınmış “Nizami” parkının genişləndirilməsi, Günəşli yaşayış massivinin küçələrinin bir hissəsinin -- İ.Qayıbov, Xətai, H. Z.Tağıyev, Ə.Vahid, Şəfəq, H.Hüseynov və Babək küçələrininn əsaslı təmiri; Vaqif, Vidadi, V.Hüseynov, M.Rəhimov və Samux küçələrinin kəsişməsindəki səkilərin təmiri, Qərb giriş qapısının, Soyqırımı abidəsinin, 1941-1945 abidə kompleksində fəvvarənin yenidən qurulması kimi tikinti-quruculuq və abadlıq işləri də vardır.
Mingəçevir haqqında danışırıqsa, şəhər bələdiyyəsinin fəaliyyətindən yazmamaq, ən azı, insafsızlıq olardı. Çünki 44 günlük Vətən müharibəsində, torpaqlarımızın erməni işğalçılarından azad edilməsi prosesində ön və arxa cəbhələrdə bələdiyyələr də fəallıq göstəriblər. Bundan başqa, pandemiya və müharibə şəraitində yaşamağımıza baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə qurulmuş güclü iqtisadiyyat nəticəsində ölkədə sosial proqramların və yeni sosial infrastruktur layihələrinin həyata keçirilməsi davam edir. Bələdiyyələr də həmin inkişafdan geri qalmır, dövlət dəstəyinə arxalanaraq, yerli əhəmiyyətli sosial, iqtisadi inkişaf və ekoloji proqramları öz imkanları daxilində reallaşdırmağa çalışırlar.
Elə Mingəçevir bələdiyyəsi də iki istiqamətdə – ermənilərə və pandemiyaya qarşı mübarizə apardığımız çətin vaxtlarda öz fəaliyyətini seçicilərin rəy və təklifləri əsasında quraraq, ümumi işə kömək edib.
Bələdiyyənin fəaliyyəti barədə danışarkən qeyd etməliyik ki, dövlət büdcəsindən daxil olan dotasiya hesabına iki parkda abadlaşdırma, tikinti-quraşdırma işləri aparılıb. Heydər Əliyev prospektində, bələdiyyənin inzibati binasının yanındakı park yenidən qurulub, əsaslı təmir-tikinti işləri görülüb. Parka 2 ədəd metal konstruksiyalı söhbətgah, 17 ədəd yeni dizaynda oturacaq qoyulub, 2 yerdə istirahət guşəsi yaradılıb. Parkın 230 kvadratmetr hissəsinə tamet döşənib, 60 kvadratmetr gül əkilən yerlər aqlayla üzlənib. Parkda eyni zamanda yaşıllaşdırma işləri aparılıb. Belə ki, orada 150 ədəd “ Tuya” dekorativ ağacı, 200 ədəd gül kolu əkilib, 350 kvadratmetr sahəyə yaşıl ot örtüyü döşənib. Bu işlər üçün bələdiyyə büdcəsindən 19 min 227 manat vəsait ödənib.
Bundan başqa, bələdiyyə büdcəsindən ayrılmış 13 min 496 manat vəsait hesabına Səməd Vurğun adına parkın işıqlandırma sistemi yenidən qurulub, 10 ədəd oturacaq qoyulub və park səliqə-sahmana salınıb.
Yəni bələdiyyənin gördüyü işləri təqdir etmək, yada salmaq da sadə insanların zəhmətinə verilən qiymətdir.
… Deyirlər, qış dumanı qar gətirər, yaz dumanı isə bar. Bozdağın üstüylə sürünən yaz dumanı axşama doğru qatılaşırdı. Daha doğrusu, bol bara zəmin yaradırdı. Ancaq düşündüm ki, bu duman mənim səhərki təəssüratlarımla üst-üstə düşmür.
Qoy olsun, Şuşanın dağlarının başında duman dağılıbsa, bəsimizdir.
 

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

7 Mart 2021 01:52 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə