Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gədəbəydə koronavirusa yoluxmanın qarşısını almaq üçün ciddi tədbirlər görülür

Əslində, bir sıra digər şəhər və rayonlarla müqayisədə Gədəbəydə koronavirusa yoluxanların sayı azdır. Bu, Gədəbəyin təkcə dağ rayonu olması ilə əlaqədar deyil. Sadəcə, rayonda koronavirusa yoluxmanın qarşısını almaq üçün bütün zəruri tədbirlər görülür. Səhiyyə, təhsil işçiləri, əhali ilə müntəzəm görüşlər keçirilir, onlar təlimatlandırılır, reydlər təşkil olunur.

 

Rayon icra hakimiyyətinin vacib məsələyə həddindən artıq ciddi yanaşması, nəzarəti gücləndirməsi öz təsirini göstərir.

Elə peyvəndləmə prosesinin də Gədəbəydə mütəşəkkil keçməsi məhz bu tələbkarlığın, nizam-intizamın və izahat-təbliğat işlərinin yüksək səviyyədə təşkilinin nəticəsidir.

Maraqlıdır ki, rayon ərazisində digər xəstəliklərin də qarşısının vaxtında alınması üçün səmərəli iş görülür. Onlardan biri də rayonda quş xəstəliklərinin başvermə riskinin idarə olunması üçün baytarlıqsanitariya nəzarətinin gücləndirilməsi məsələsidir.

Hüquq-mühafizə orqanlarının və aidiyyatı dövlət qurumları rəhbərlərinin iştirakı ilə keçirilən görüş də məhz bu məqsədlə təşkil olunmuşdur. Rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayev çıxış edərək demişdir ki, biz bir virusla mübarizə aparıb digər xəstəliklərin yayılma ehtimalını unuda bilmərik.

Bunun üçün əlaqədar təşkilatların, o cümlədən hüquq-mühafizə orqanlarının mübarizəsi bir qədər də gücləndirilməli, qanunsuz ov edənlərə və digər neqativ hallara qarşı ciddi tədbirlər görülməlidir. Görüş iştirakçıları rayon ərazisində epizootik vəziyyəti ətraflı müzakirə edərək qarşıda duran vəzifələri müəyyənləşdirmişlər. Aidiyyatı orqanlara müvafiq tapşırıqlar verilmişdir. Bu işlərin daha keyfiyyətli təşkili məqsədilə işçi qrupu yaradılmışdır.

 

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

7 Mart 2021 01:50 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə