Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli kitabxanalar arasında əlaqələr genişlənir

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Türkiyə Milli Kitabxanasında olmuşdur. O, qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyi Kitabxanalar və Yayımlar şöbәsinin rəhbəri və Milli Kitabxananın direktoru Əli Odabaşla görüşmüşdür. 

 

K. Tahirov görüş zamanı iki qardaş ölkənin kitabxanaları arasındakı əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır. Qeyd etmişdir ki, Azərbaycan və Türkiyə milli kitabxanaları arasında imzalanmış əməkdaşlıq haqqında memorandum yenilənməlidir.

Türkiyə Milli Kitabxanasının direktoru da memorandumun yaxın zamanlarda yenilənməsini məqsədəuyğun hesab etmişdir. Danışıqlar əsnasında yaxın zamanlarda Türkiyə Milli Kitabxanasında Azərbaycan mədəniyyətinə, tarixinə, ədəbiyyatına və incəsənətinə dair guşənin yaradılacağı planlaşdırılmışdır. Bu məqsədlə, Milli Kitabxanadan Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və incəsənəti ilə bağlı kitablar Türkiyəyə göndəriləcək.

Daha sonra Kərim Tahirov dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880-ci ildönümü münasibətilə Türkiyə Milli Kitabxanasında saxlanılan Nizami Gəncəvi əlyazmalarının elektron versiyalarının Azərbaycan Milli Kitabxanasına verilməsini xahiş etmişdir. Eyni zamanda, Misirdə və Sankt- Peterburqda mühafizə olunan Nizami əlyazmalarının da rəqəmsal surətlərinin alınacağını və çap olunacağını bildirmişdir.

Görüş zamanı K.Tahirov işğaldan azad olmuş ərazilərimizdə 975 kitabxananın məhv olunduğunu və orada olan 4 600 000 kitabın yandırıldığını vurğulamışdır. Direktor işğaldan azad olunmuş ərazilərdəki kitabxanaların kitab fondlarının bərpası üçün kitab toplama kampaniyası başladıldığını bildirmişdir.

Türkiyə Milli Kitabxanasının direktoru həmin kitabxanaların fondlarına kitab göndərəcəklərini qeyd etmişdir. Daha sonra Kərim Tahirov “Qarabağ. Əsrlərin salnaməsi” (Azərbaycan və ingilis dillərində) kitabını Türkiyə Milli Kitabxanasına hədiyyə etmişdir.

 

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

7 Mart 2021 01:46 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə