Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyamızı bəzəyənlər

Beynəlxalq Qadınlar Günü dünyada ən kütləvi qeyd olunan bayramlardan biridir. Çünki qadınlar bar verən həyat ağacları, ömürlərin tarazlığını qoruyub-saxlayan, milli-mədəni sərvətləri nəsildən-nəslə ötürən nurlu varlıqlardır. Onların olduğu yerdən gözəllik, səliqəsahman əskik olmaz. 

Azərbaycan xanımları isə dünyanın ən ali bəşəri dəyərlər daşıyıcısı, ən fədakar, ən layiqli qadınlarıdır. Onlar hər cür tərifə, təqdirə və ülvi arzulara layiqdirlər. Mayasını ana südündən, ana laylasından tutan yüksək vətənpərvərlik duyğusu, el-oba təəssübü kimi yüksək insani keyfiyyətləri öz balalarının can cövhərinə çevirən Azərbaycan qadınları ömürlərimizin günəşidirlər.

Mən səhiyyə sistemində çalışıram. Parlamentdə Səhiyyə komitəsinin üzvüyəm. Sumqayıtda çalışdığım tibb ocağında, eləcə də ölkəmizin digər xəstəxana və poliklinikalarında onlarca qadın tibb işçisi fəaliyyət göstərir. Desəm ki, onların böyük əksəriyyəti özlərinin peşə bacarığı, xəstələrə qayğıkeş münasibəti, şəfalı əlləri ilə fərqlənirlər, mübaliğə etmiş olmaram. Çünki daha canıyanan, saf və xeyirxah olmaları onların üstün cəhətləridir.

Bu gün başda ixtisasca həkim olan birinci xanım Mehriban Əliyeva olmaqla, bütün qadınlarımızı, bütün qadın həmkarlarımı gözəl bayramları münasibəti ilə ürəkdən təbrik edirəm. Bizim əziz şəhid analarımızın qarşısında ehtiramla baş əyir, əllərindən öpür və onlara səbr diləyirəm. Əgər onların dünyaya gətirib Vətən üçün yetişdirdikləri igid oğullarımız, qəhrəman əsgər, gizir və zabitlərimiz, cəngavər xüsusi təyinatlılarımız, qartal qıylı pilotlarımız olmasaydı ötən payızda dünyanı heyran qoyan 44 günlük zəfər yürüşümüz möhtəşəm zəfərimizlə başa çatmaz, müqəddəs torpaqlarımız azadlığına qovuşmazdı. Bu yerdə mənimlə eyni şəhərin sakini olmuş Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun anası Səmayə xanımın oğlu haqqında söylədiyi fikirləri xatırlayıram: “Mən səngər generalı yetişdirmişdim”. Bu sözləri yalnız böyük ürək sahibi olan Azərbaycan anası deyə bilər!

Həyatımızın bütün sahələrində qadınlarımız ön mövqe tutur, nümunə göstərirlər. Bir daha qadınların hamısını təbrik edir, onlara bol həyat sevinci arzulayıram.

 

Müşfiq MƏMMƏDLİ,

Milli Məclisin deputatı

7 Mart 2021 01:40 - SİYASƏT
SİYASƏT
18 Aprel 2021 | 03:59
Tarixi dəyişdirən lider

Köhnə versiyamızdan xəbərləri izlə