Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bəşərə yaraşıq, insanlığa şərəf

“Bütün digər xalqların qadınları kişilərlə bərabər ictimai-siyasi hərəkatda iştirak etdiyi və bununla da öz millətinin uğurlarına kömək etdiyi bir vaxtda müsəlman qadın dustaqlıqda qala bilməz və qalmamalıdır”. Bunu ötən əsrin əvvəllərində azadlıq mücahidi Məhəmməd Əmin Rəsulzadə demişdi. Bu bəşəri qənaət ideyadan cəmiyyətə köçməli idi. Və köçdü də. Şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycan Demokratik Respublikası qadın siyasətini cəmiyyətin qadına münasibətini yeniləşdirən ilk dövlət aktı kimi tarixə yazdı. 

 

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsinin IV bəndində bərabərhüquqluluq prinsipinin, seçmək və seçilmək hüququnun təsbit edilməsi ilə öz qanuni təsdiqini tapdı. Nəticədə, Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə oldu. Dünya gördü ki, Azərbaycan Demokratik Respublikası demokratik, hüquqi, dünyəvi dövlətdir. O dövrdə Azərbaycanda qızların təhsil alması məsələsinə də önəmli münasibət olub.

Azərbaycanda qadınlara həmişə məxsusi ehtiram olub. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə qadınlar cəmiyyətin bütün strukturlarında təmsil olunurdular. Qadın yazıçılar, qadın şairlər, qadın rəssamlar, qadın həkimlər, qadın hüquqşünaslar, qadın partiya və dövlət xadimləri, Məhəmməd Hadinin təbirincə desək, Azərbaycanın imzasının beynəlxalq qurumlarda daha yaxından, böyük sayğılarla, ehtiramlarla tanınmasının cəfakeşləri olublar. Ulu öndər deyirdi: “Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq ülvilik məbədidir. İsmət, qeyrət, qüdrət rəmzidir”. Bu kəlamlar qadınların Azərbaycan cəmiyyətində hansı səviyyədə ehtiramla əhatələndiyinin göstəricisidir.

Azərbaycanda hamı etiraf edər ki, (və edir ki!) görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva həmişə ehtiramla anılıb. Bu, təkcə görkəmli alimə, böyük insani keyfiyyətləri ilə cəmiyyətin əzizi olan insana sevgi ilə məhdudlaşmır, həm də onun timsalında Azərbaycan qadınına olan sevgidir...

Tarix, həm də Azərbaycan tarixi təsdiqləyir ki, xalqımızda qadına hörmət mental dəyərlərdəndir. 1988-ci ilin fevralında azərbaycanlıların Xankəndinə kütləvi yürüşünün qarşısını yaylığını qəzəblənmiş kütlənin qabağına atmaqla Xuraman Abbasova almışdı. Yəni xalqın qəzəbi qadına ehtiram kimi qadın yaylığı amilini üstələmədi.

Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan az sonra böyük tarixi şəxsiyyət Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışından sonra qadınların cəmiyyətdə rolu daha da yüksəldi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndərin siyasi kursunu bu istiqamətdə də uğurla davam etdirir, qadınların cəmiyyətdə roluna müstəsna əhəmiyyət verir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan Respublikasının vətəndaşı olan qadınlar təkcə respublikamızda deyil, dünya miqyasında beynəlxalq qurumlarda Azərbaycanımızı həsəd aparılası səviyyədə layiqincə təmsil edirlər.

Regionda güclü dövlət olan Azərbaycanda gender siyasəti getdikcə güclənir, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi istiqamətində dövlət səviyyəsində müxtəlif miqyaslı tədbirlər həyata keçirilir. Respublikamızda yaradılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uğurla fəaliyyət göstərir.

Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosialiqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edirlər. Bütün bunlar dövlətin qadın siyasətinin mahiyyətinin göstəricisidir.

Azərbaycanda Birinci vitse-prezident təsisatının yaradılması, bu vəzifəyə UNESCO-nun, ISESCO-nun xoşməramlı səfiri kimi beynəlxalq fəaliyyəti ilə Azərbaycanın milli maraqlarını kifayət qədər yüksək səviyyədə təmsil edən, “fərqi yoxdur, ictimai xadimsən, yaxud dövlət xidmətində işləyirsən – insanlığı qorumaq lazımdır” əqidəsi, amalı ilə yaşayan Mehriban xanım Əliyevanın təyin edilməsi də qadınların cəmiyyətdə rolunun kontekstləşdirilməsinin nəticəsidir. Ermənistan sovetlərdən qalma 366-cı alayın fəal iştirakı ilə Xocalıda qətliam, soyqırımı törətdi. Dünya ictimaiyyəti bu qətliama görə işğalçı Ermənistanı dövlət səviyyasində, bəşəri qanunlar əsasında qınamadı. “Heydər Əliyev Fondu”nun birinci vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət!” kampaniyası faciənin tanıdılması, onun mahiyyətinin daha əhatəli açılması istiqamətində müqayisəyəgəlməz təsirə malik oldu. Bu fakt da təsdiqləyir ki, Azərbaycan qadını azərbaycançılıq ideologiyasını yaşadır, Azərbaycan dövlətçiliyinin cəfakeşidir... Azərbaycan qadını Vətən müharibəsində zəfər qazanan oğulların anasıdır, bacısı, həyat yoldaşıdır.

Azərbaycan şairlərinin şeirlərində qadın, ana böyük sevgilərlə tərənnüm olunur. Bu şeirlər ana adının, ananın böyüklüyünün, “qəhrəmanlar anası olduğunun” (S.Vurğun) poetik təqdimatıdır. Cəfər Cabbarlının “Ana” şeirinin finalına bütün azərbaycanlıların ana sevgisinin möhürbəndi deyərdim: “Ana… Ana… Sənə mən rahibəm itaətdə!..”

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları səmimi qəlbdən təbrik edir, hər birinə cansağlığı, ailə səadəti, qadın xoşbəxtliyi arzulayıram.

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı

7 Mart 2021 00:46 - SİYASƏT
SİYASƏT
18 Aprel 2021 | 03:59
Tarixi dəyişdirən lider

Köhnə versiyamızdan xəbərləri izlə