Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu təbrik əvvəlkilərə bənzəmir, analar!

Kişilərin qadınları təbrik etməsi təbii haldır. Biz illərdir zərif cinsin nümayəndələrini – qadınları, ana və bacılarımızı təbrik edir, onlara ürək sözlərimizi bildirir, arzularımızı çatdırırıq. Səmimiyyətimə inanın, 30 ilə yaxındır ki, bu təbriklərə qoşulanda həmişə qəribə hisslər keçirmişəm, bir növ, özümdə narahatlıq duymuşam. Belə düşünmüşəm ki, biz onları təbrik edəndə, bir dəstə gül bağışlayanda, xoş sözlər deyəndə, üzə vurmasalar da “Nə təbrik, nə bayram, siz kişilər gedin torpaqlarımızı qaytarın sonra” – deyə fikirləşiblər.

 

Başqalarını bilmirəm, bu, mənim şəxsi qənaətimdir. Bəlkə də, hissə qapılıram, ifrata varıram, torpağı düşmən tapdağı altında olan kişi qadını o zaman ürəkdən təbrik edə bilər ki, onun gözlərinin içinə cəsarətlə baxa bilsin. Bax bu cəsarəti, bu inamı bizə Ali Baş Komandanımız, möhtərəm cənab Prezidentimiz, Azərbaycan Ordusu yaratdı, hamımızın, xalqın, millətin, biz kişilərin başını uca etdi!
İndi bu sətirləri, təbrik sözlərini yazıram və hiss edirəm ki, çox cəsarətliyəm, qadınlarımızın yanında başıucayam. Nahaq demirlər ki, “Ana torpaq!” Bəli, torpaq anadır, torpaq bacıdır, torpaq namusdur, torpaq qeyrətdir...Bax bunları özümüzə qaytaranlara axı necə minnətdar olmayasan?! İstəmirəm bu bayram əhvalımı korlayam. Amma məcburam deyəm ki, bəzən bu böyük Qələbəmizə kölgə salmaq istəyən naqislərimiz var. Nə isə...
Bu əziz gündə mən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı təbrik edirəm. Mən bu cəsarətli və qeyrətli xanıma həm də ona görə minnətdaram ki, cənab Prezidentimiz üçün o 44 ağır, gərgin günlərdə, bəzi ölkələrin, naqis niyyəti bəlli olan xarici jurnalistlərin açıq-aşkar hücuma keçdiyi vaxtlarda da, həmişəki kimi, yanında oldu, dayaq oldu, öz sözünü dedi. Müharibədən sonrakı günlərdə də yaralı əsgərlərimizə, şəhid ailələrinə göstərdiyi diqqət, qayğı bir ana, bacı nəvazişinin simvoluna çevrildi, əsl Azərbaycan Qadınının sanki yeni bir obrazını yaratdı.
Mən o 44 gündə kipriyi ilə od götürən analarımızı təbrik edirəm. “Balamı Vətən yolunda qurban vermişəm” deyən Ananın əllərindən öpürəm. Bu müqəddəs torpağın azad olunması həm də sizin dualarınızın, övlad tərbiyənizin, 30 ilə yaxın bir vaxtda sönməz arzularınızın toplumudur, məntiqi nəticəsidir. Var olun!
...Qadın elə bir müqəddəs varlıqdır ki, onun təsirini həyatın bütün sahələrində hiss edirsən. Evdə, işdə, ictimai-siyasi həyatda, bir sözlə, hər yerdə. Universitetimizdə də qadınların sayı az deyil. Elə bir mühüm sahə yoxdur ki, biz orada qadınlarımıza etibar etməyək, onları irəli çəkməyək. Onları da ürəkdən təbrik edirəm. Bütün Azərbaycan qadınlarının 8 Mart bayramını təbrik edir və onların hər birinə möhkəm cansağlığı, səadət, firavanlıq arzulayıram. Bayramınız mübarək, əziz qadınlar!
 

İbrahim CƏFƏROV,
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor

7 Mart 2021 00:07 - SİYASƏT
SİYASƏT
17 Aprel 2021 | 08:30
Daldan atılmış daş...

Köhnə versiyamızdan xəbərləri izlə