Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalqımız kimi, partiyalar da taleyini YAP-a etibar edir

Azərbaycan siyasi gerçəkliyinin ən böyük təşkilatı olan Yeni Azərbaycan Partiyasının VII qurultayı müstəqillik dövründə bu partiyanın öncüllüyü ilə qazanılmış tarixi uğurların cəmiyyətə parlaq hesabatı oldu. Qurultayla bağlı önəmli hadisələrdən biri də bir qrup partiyanın öz məramının artıq YAP-ın proqram fəaliyyəti ilə eyniləşdiyini etiraf etməsidir.

Həmin partiyaların ümummilli lider Heydər Əliyevin müstəqil dövlət quruculuğu yolunu inamla davam etdirən Yeni Azərbaycan Partiyasına qoşulması bu tarixi mübarizənin ən ciddi uğurlarından sayılan milli birliyimizin yaranıb möhkəmlənməsinin göstəricisidir. Bu həm də onun nəticəsidir ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizin ictimai-siyasi fikir tarixinin ən əlamətdar, ən şərəfli səhifələrində yer alıb. Qurultaydakı çıxışında partiyanın sədri, dövlət başçısı İlham Əliyevin dediyi kimi, Yeni Azərbaycan Partiyası ümumxalq partiyası olaraq, ölkəmizdə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilib.
Dünya şöhrətli siyasi xadim, müdrik rəhbər Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi siyasi xətt əsasında işini quran hakim partiya ötən illərdə müstəqil Azərbaycanın inkişafına, yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəməyib. Zamanın sınaqlarından uğurla çıxan YAP ölkədə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edib. Bu illər ərazində Yeni Azərbaycan Partiyası fəaliyyəti ilə ulu öndərin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan ən güclü, monolit siyasi təşkilat kimi yetkinləşib, ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək ikinci siyasi qüvvənin olmadığını təsdiq edib.
Şərəfli tarixi missiyasını ləyaqətlə yerinə yetirən Yeni Azərbaycan Partiyası bütün situasiya və məqamlarda ardıcıl, məqsədyönlü şəkildə dövlətçilik, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində dayanıb, xalqımızın arzularının təcəssümü, yekdil iradəsinin ifadəçisi kimi çıxış edib. Məhz bunun üçün 1993-cü ildən ölkəmizdə keçirilən bütün prezident, parlament və bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədləri qalib olub.
Azərbaycanın müstəqillik qazandığı ilk dövrün fəlakətli durumunda yeni siyasi fəlsəfə ilə, müasir baxışlarla ölkənin siyasi meydanına qədəm qoyan partiya bu gün böyük və nüfuzlu siyasi təşkilat olduğunu sübut edib. Ulu öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir” – formulu hər bir dövr üçün aktuallığını qoruyub saxlaması ilə xalqın partiyaya sevgisinin günbəgün artmasına yön verib, partiyanı Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsinə çevirib.
YAP lideri, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, 44 günlük Vətən müharibəsində qazanılan böyük qələbə ölkəmizdə milli birliyimizin, həmrəyliyimizin yenilməz olduğunu nümayiş etdirdi. Ölkə başçımızın cəmiyyətimizdə birlik, bərabərlik, mütəşəkkillik, həmrəylik rəmzinə çevrilən “Biz birlikdə güclüyük!” şüarı dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək ən müşkül problemlərin də həllində siyasi-mənəvi açara çevrilib. Qarabağın azadlığı uğrunda Vətən müharibəsinin başladığı ilk gündən bütün Azərbaycan xalqı kimi, ölkəmizdə fəaliyyət göstərən 50 siyasi partiyanın Prezident, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini bəyan etməsi, vahid hədəf uğrunda birlikdə mübarizə aparmaları milli birliyimizin, həmrəyliyimizin sarsılmazlığını bir daha sübut etdi.
Bütün bunların nəticəsi olaraq, Yeni Azərbaycan Partiyasının VII qurultayında Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyasının vahid platforma ətrafında vahid təşkilatda birləşməsi Azərbaycanda siyasi dialoq mühitinin dərinləşməsindən və demokratik ənənələrin şaxələnməsindən xəbər verir. Ölkənin ən müxtəlif spektrini əhatə edən 6 siyasi təşkilatın dövlət və milli maraqlar naminə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilən YAP-a qoşulması cəmiyyətdə hakim partiyaya olan rəğbət, inam və etibardan, mübarizəsini onun sıralarında davam etdirmək əzmindən irəli gəlir. Yeni Azərbaycan Partiyasının indiki qurultayı göstərdi ki, xalqımız kimi, artıq qrup halında partiyalar da taleyini YAP-a etibar edir.
 

Naqif HƏMZƏYEV,
Milli Məclisin deputatı

7 Mart 2021 00:41 - SİYASƏT
SİYASƏT
18 Aprel 2021 | 03:59
Tarixi dəyişdirən lider

Köhnə versiyamızdan xəbərləri izlə