Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda son 17 ildə qarşıya qoyulan bütün vəzifələr uğurla yerinə yetirilib

Bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir. Biz gündəlik həyatda, ölkəmizin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə görürük ki, bu islahatların çox böyük əhəmiyyəti var. Eyni zamanda, ictimai-siyasi iqlimin sağlamlaşdırılmasında da bizim təşəbbüslərimizin, islahatlarımızın böyük rolu vardır.
 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 

Yeni Azərbaycan Partiyasının (YAP) martın 5-də keçirilən VII qurultayında Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev videoformatdakı nitqində ölkəmizin siyasi, sosial-iqtisadi vəziyyəti barədə ətraflı bəhs edib. Dövlətimizin başçısı YAP-nın qurultayından ötən üç il ərzində respublikamızda, eləcə də regionumuzda bir sıra taleyüklü hadisələr yaşandığını, ölkəmizdə bu dövrdə prezident və parlament seçkilərinin keçirildiyini, bununla da aparılan islahatların yeni bir mərhələyə daxil olduğunu, sosial-iqtisadi sahələrdə mühüm uğurlar əldə edildiyini, eyni zamanda, ictimai-siyasi iqlimin daha da sağlamlaşdığını, nəhayət, Vətən müharibəsində qazanılan parlaq qələbəmizin xalqımızın tarixinə qızıl hərflərlə yazıldığını diqqətə çatdırıb.

Prezident nitqində bir sıra məsələlərlə bərabər, Azərbaycanın son illərdə genişmiqyaslı islahatlar apardığını, ölkəmizin iqtisadi göstəricilərində, sosial sahədə mühüm nailiyyətlər əldə etdiyini vurğulayıb. Eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə tədbirləri görüldüyünü də diqqətə çatdırıb.
Dövlətimizin başçısı işğalçı Ermənistana qarşı aparılan savaşda parlaq qələbə nəticəsində Azərbaycanda hazırda yeni bir reallıq yarandığını xatırladaraq deyib: “Bundan əvvəlki dövrlərdə də bizim təşəbbüslərimizlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi. Bizim uğurlu enerji siyasətimiz, nəqliyyat siyasətimiz nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratdı. Bu gün bu layihələr ətrafında birləşən və bu layihələri bizimlə bərabər icra edən ölkələrin sayı artmaqdadır. Bu, istər-istəməz həmin ölkələr arasında, hətta əvvəlki dövrlərdə bir-biri ilə o qədər isti münasibətləri olmayan ölkələr arasında da əməkdaşlığı labüd edir…”.
Son 17 illik tariximiz göstərir ki, Azərbaycanın sosial-iqtisadi sahələrdə inkişafını şərtləndirən islahatlar ardıcılıqla həyata keçirilib. Belə ki, dövlətimizin başçısının müdrik siyasəti ilə bu müddətdə qarşıya qoyulan bütün vəzifələr uğurla icra edilib, dayanıqlı iqtisadi inkişafa nail olunub, Azərbaycan beynəlxalq aləmdə çox böyük nüfuza sahib olan bir ölkəyə çevirilib.
Hazırda istənilən meyar, parametr üzrə heç bir dövlətdən asılı olmayan Azərbaycan iqtisadi sahədə ən qabaqcıl yerlərdə qərarlaşıb. İstər xarici borc, istər iqtisadi artım, istərsə də adambaşına düşən valyuta ehtiyatları baxımından ölkəmiz önəmli uğurlara imza atıb: “Çox mötəbər təşkilat tərəfindən dünyanın 60-dan artıq suveren fondlarının təhlili aparılıb və Azərbaycan Dövlət Neft Fondu bütün parametrlər, bütün meyarlar üzrə beşinci yerdədir. Mən demişəm bu siyahı dərc edilsin, hər kəs görsün ki, hansı ölkələrin suveren neft fondları, yaxud da ki, ehtiyat fondları orada göstərilir. Görün, biz kimləri qabaqlamışıq? Davos İqtisadi Forumunun hesabatına baxın, biz iqtisadi inkişaf baxımından, infrastruktur layihələri baxımından inkişaf etmiş ölkələri qabaqlamışıq. Kimsə bizə kömək edib? Yox. Bunu borca girib etmişik? Yox. Bizim xarici borcumuz ümumi daxili məhsulun cəmi 18-19 faizini təşkil edir. Bir də ki, bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 5-6 dəfə çoxdur. Biz istəsək sabah, birisi gün, bir aydan sonra bütün xarici borcumuzu ödəyə bilərik…”.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan bu nailiyyətləri öz uğurlu siyasəti, öz səyi hesabına əldə edib, əraziləri işğal altında, çox çətin geosiyasi vəziyyətdə olan ölkə kimi qazanıb.
Azərbaycanda yaşanan sabitlik, sağlam siyasi-iqtisadi iqlim hesabına respublikamıza investisiya axınının daim güclənməsi nəzərə çarpıb. Müstəqillik dövründə Azərbaycana yatırılan 300 milyard dollara yaxın sərmayə hesabına ölkəmizin adambaşına düşən investisiya miqyasına görə regional lider olması məhz bunun bariz ifadəsidir.
Təsadüfi deyil ki, Avropa İttifaqı, PWC, Deloitte kimi mötəbər qurumların keçirdiyi sorğular da investorların Azərbaycanla bağlı proqnozlarının müsbət olduğunu və onların investisiyaların həcmini artırmaq barədə düşündüklərini göstərir.
Hazırda Azərbaycan hökuməti xarici investorlara və tərəfdaşlara təqdim edilməsi məqsədi ilə xarici investisiyaların cəlbi üçün nəzərdə tutulan layihələrin sahibkarlıq subyektlərindən qəbuluna xüsusi önəm verir. Bu zaman investisiya layihələrində əsas diqqət maliyyə baxımından əsaslandırılan və iqtisadi cəhətdən səmərəli olan, beynəlxalq standartlara uyğun gələn müəssisələrin yaradılmasına və həmin obyektlərdə ixracyönümlü və idxaləvəzləyici məhsulların istehsal edilməsinə yetirilir.
Azərbaycanda əcnəbi investorların səmərəli fəaliyyəti məqsədilə hər cür şərait, xüsusilə mükəmməl qanunvericilik bazası yaradılıb, “açıq qapı” siyasəti prioritet istiqamət kimi qəbul edilib. Bundan başqa, son illərdə Azərbaycan hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması ilə bağlı çox sayda saziş imzalanıb. Avropa İttifaqının 20-dən çox üzv ölkəsi ilə respublikamız arasında ikiqat vergitutma aradan qaldırılıb.
Xarici investorların ölkəmizə gəlişinin asanlaşdırılması üçün dövlət-özəl sektor tərəfdaşlığı, gömrük orqanlarının biznes subyektləri ilə qarşılıqlı əlaqələri gücləndirilib. Bununla bağlı Azərbaycan Prezidentinin 21 dekabr 2018-ci il tarixli fərmanı ilə “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası” təsdiq olunub.
Yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik olan mühüm tranzit mərkəzi olması, insan kapitalının inkişafı da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırır. Eyni zamanda, Azərbaycan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirir. Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Prezident İlham Əliyev qurultaydakı nitqində bütün bu iqtisadi inkişafın təməlində daxili sabitlik dayandığını qeyd edərək bildirib: “Doing Business” proqramında, biz yaxşı yerlərdəyik. İndi bizim yerimizi də artırıblar və qabaqcıl ölkələr sırasındayıq. Ermənistana bir manat qoyan var? Yox. Adam gərək dəli olsun oraya pul qoysun. Heç xaricdə yaşayan ermənilər də pul qoymurlar. Nə üçün? Çünki hərc-mərclik var, aləm qarışıb, sabitlik yoxdur, lider yoxdur, etibar edə biləcəyi bir şəxs yoxdur ki, investor gəlsin desin, bəli, mən inanıram bu dövlətə, bu dövlət başçısına, mən vəsait qoyuram. Biz bu il təqribən 400-500 milyon dollarlıq ancaq xarici investisiyaları bərpaolunan enerji növlərinə gətirmişik. Artıq bir müqavilə bağlanıb, bir müqavilə də bu ay, ya gələn ay bağlanacaq. Onlar özləri bunu təklif etmişdilər. Yeddi aparıcı şirkət bu layihələr uğrunda mübarizə aparırdı. Onlardan ikisi bizə ən sərf edən təkliflər irəli sürdü. Onlar 440 meqavat gücündə günəş və külək elektrik stansiyalarını öz vəsaiti hesabına inşa edəcək…”.
Prezident İlham Əliyev çıxışında siyasi sahədə olduğu kimi, ölkə iqtisadiyyatında da yeni dövr başladığını xatırladıb. Bu mərhələdə şəffaflığa, dürüstlüyə daha çox diqqət yetirildiyini, inhisarçılığa son qoymaq istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirildiyini vurğulayıb. Bunun nəticəsidir ki, artıq cari ilin iki ayı ərzində mühüm uğurlar əldə edilib. Belə ki, göstərilən müddətdə gəlirlərdə proqnozdan əlavə təqribən 300 milyon manat artım olub. Bunun böyük hissəsi vergi orqanları, bir hissəsi də gömrük tərəfindən reallaşdırılıb: “Nəyin hesabına? Vergitutma bazası genişlənir, biznes kölgədən çıxır. Sahibkarlara düzgün istiqamət verilir. Davranış qaydaları müəyyəndir. Bunu camaat da görür, sahibkarlar da görür. Beləliklə, hətta böhranlı pandemiya dövründə biz maliyyə baxımdan çox özümüzü rahat hiss edirik, büdcənin icrası ilə heç bir problem görmürük. Əksinə, biz Qarabağda böyük bərpa işlərinə başlamışıq. Bütün bunlar vəsait tələb edir. Ona görə iqtisadi sahədə əsas məsələ budur.
Özəl sahibkarlığın inkişafı, o cümlədən azad edilmiş torpaqlarda bütün işlərin planlı şəkildə aparılması, investisiyalar üçün imtiyazların müəyyən edilməsi – bu təlimat da verilib. Əminəm ki, xarici investorlar azad edilmiş torpaqlara böyük həvəslə gələcəklər”.
 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

7 Mart 2021 00:27 - SİYASƏT
SİYASƏT
18 Aprel 2021 | 03:59
Tarixi dəyişdirən lider

Köhnə versiyamızdan xəbərləri izlə