Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni Azərbaycan Partiyası vətənpərvər, yüksək intellektli, demokratik düşüncəli insanları birləşdirən güclü siyasi təşkilatdır

Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var. Qeyd olunduğu kimi, biz gələn il, partiyamızın 30 illik yubileyini keçirəcəyik. Hesab edirəm ki, partiya yeniləşmiş formatda, o cümlədən, rəhbər orqanlarında təmsil olunan namizədləri nəzərə alsaq daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcəkdir.
 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri

 

Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizdə son illərin ən mühüm hadisələrindən biri oldu. Çünki Azərbaycanın öz ərazilərini düşmən tapdağından azad etməsi ilə nəticələnən 44 günlük müharibədən sonra təkcə ölkəmizdə və Cənubi Qafqazda deyil, ümumiyyətlə, Avrasiya məkanında yeni reallıqlar ortaya çıxıb. Həmin reallıqlardan yaranan çağırışlara cavab vermək üçün isə mütləq yeniliklər edilməli, idarəçilik prinsipləri müasirləşdirilməli, beynəlxalq aləmdəki ən müasir metodologiya və texnologiyalara müraciət olunmalıdır.

Yeni Azərbaycan Partiyasının 2018-ci ildə keçirilmiş VI qurultayından ötən üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq qələbənin qazanılmasıdır. Dövlət başçımız qurultaydakı giriş nitqində xatırlatdı ki, bu illər ərzində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Təbii ki, bu uğurlar birdən-birə qazanılmayıb. Bu qələbəyə çatmaq üçün dövlət başçımız 17 il sərasər, ardıcıllıq, prinsipiallıq və qətiyyətlə mübarizə aparıb. Özü də həmin mübarizə təkcə siyasi-diplomatik sahəni deyil, cəmiyyət həyatının bütün sferalarını əhatə edib.
Prezident ötən illərdəki bütün çıxış və nitqlərində təkrar-təkrar deyirdi ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq: “Heç vaxt Azərbaycan imkan verməyəcək ki, tarixi, əzəli torpaqlarında ikinci erməni dövləti yaradılsın. Heç vaxt bizi tam qane etməyən razılaşma ilə barışmayacağıq və müharibədən əvvəl müxtəlif çıxışlarda, müsahibələrdə deyirdim ki, bizə hansısa yarımçıq sülh müqaviləsi lazım deyil. Biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik. Biz tarixi ədaləti tam bərpa etməliyik. Çünki yarımçıq razılaşma bizim xalqımızın maraqlarına cavab vermirdi, tarixi ədalətə cavab vermirdi. Yarımçıq razılaşma istər-istəməz gələcəkdə müharibə risklərini artıra bilərdi. Bizə isə tam, mütləq qələbə lazım idi. Biz bu mütləq qələbəni qazandıq, düşməni darmadağın etdik, düşmən ordusunu məhv etdik və istədiyimizə nail olduq”.
Dövlət başçımız xatırlatdı ki, bu gün Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin zərurəti məhz bu səbəblərdən doğur. Yeni bir vəziyyət yaranmışdır, bu vəziyyəti Azərbaycan dövləti və xalqımız yaratmışdır. Yeri gəlmişkən, 2020-ci ildən əvvəl də Azərbaycanın təşəbbüsü ilə bir çox layihələr reallaşdırılmış və bölgəyə yeniliklər gətirilmişdir.
Məlum olduğu kimi, tarixin bütün dönəmlərində müharibədə qalib gəlmək üçün dövlətin iqtisadi imkanları mühüm rol oynayıb. Azərbaycan həmin imkanları ölkənin təbii sərvətlərindən səmərəli istifadə etməklə qazanıb. Bu məqamı dövlət başçımız daha konkret şəkildə dilə gətirir: “Bizim uğurlu enerji siyasətimiz, nəqliyyat siyasətimiz nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratdı. Bu gün bu layihələr ətrafında birləşən və bu layihələri bizimlə bərabər icra edən ölkələrin sayı artmaqdadır. Bu, istər-istəməz həmin ölkələr arasında, hətta əvvəlki dövrlərdə bir-biri ilə o qədər isti münasibətləri olmayan ölkələr arasında da əməkdaşlığı labüd edir. Ona görə son vaxtlar bizim siyasətimizlə bağlı dünyada gedən düzgün təhlillər və bizim fəaliyyətimizə verilən yüksək qiymət həqiqəti tam əks etdirir”.
Bəli, İlham Əliyev mümkün olan bütün siyasi-diplomatik addımları atdı, dövlətimizi gücləndirdi, ən müasir silahlarla təchiz edilmiş ordu formalaşdırdı. Dünyada davam edən ikili standartların bir çox fəsadlarının aradan qaldırılmasına nail oldu, ölkədə daxili sabitliyi, xalq-iqtidar birliyini ən yüksək səviiyyəyə qaldırdı və İkinci Qarabağ müharibəsinin məhz ədalətli şəkildə başa çatdırılmasını təmin etdi. Nəticələr göz qabağındadır və bu zəfərimiz bölgə üçün yeni reallıqlar yaratmışdır. Bölgədə yeni əməkdaşlıq imkanları yaranmışdır. Bölgə ölkələri ilə əməkdaşlıq isə ulu öndər Heydər Əliyevin əsas məqsədlərindən biri idi.
Ancaq indiki mərhələdə bizim daha böyük hədəflərimiz vardır. Həmin hədəflərə çatmaq üçün isə uzunmüddətli sülhün təmin edilməsi çox vacibdir. Fakt ondan ibarətdir ki, dayanıqlı sülhə nail olmaq üçün çox önəmli şərtlər yaradılmışdır və eyni zamanda, ölkəmizdə də yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar yaranıb. Partiyamızın sədri VII qurultaydakı giriş nitqində bu məsələlər barədə ətraflı söz açdı.
Ancaq Yeni Azərbaycan Partiyasının yarandığı günlərdəki ölkədaxili vəziyyəti, eləcə də 1988-ci ildən etibarən baş verən ictimai-siyasi prosesləri yaxşı xatırlayan bir qələm sahibi olaraq, məni cənab Prezidentin qurultayda dilə gətirdiyi başqa bir məqamı eşitmək xüsusilə məmnun etdi. Partiyamızın sədri dedi ki, mən o vaxt milli maraqları hər şeydən üstün tutan “91-lər”i qeyd etmək istəyirəm, onların fəaliyyətini yüksək qiymətləndirirəm: “Bu gün də onların bir çoxu bizim sıramızdadır. Bundan sonra da onlar fəal işlərlə məşğul olacaqlar, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasında fəaliyyət göstərəcəklər və ictimai həyatda fəaliyyət göstərəcəklər. Onları Azərbaycan xalqı unutmamalıdır. Mən Prezident kimi, hər zaman onların fəaliyyətini yüksək qiymətləndirirəm. Təkcə ona görə yox ki, Heydər Əliyevə müraciət ediblər. Ona görə ki, qorxmadılar, çəkinmədilər, ölkə maraqlarını öz şəxsi maraqlarından üstün tutdular”.
Prezident partiyamızın və ölkəmizin dünəni barədə konkret faktlarla danışdığı kimi, bu günümüz və sabahımız barədə də maraqlı məqamlara toxundu və dedi ki, biz bu uğurlara imza atmaq üçün beynəlxalq təşkilatlarda kifayət qədər fəal iş aparmışıq: “Bəziləri hesab edirdi ki, bu işlər əbəsdir. Yox, elə deyil. Biz İkinci Qarabağ müharibəsi üçün hüquqi bazanı daha da möhkəmləndirməli idik. 2005-ci ilə qədər bizim üçün əsas hüquqi baza ancaq BMT Təhlükəsizlik Şurasının qətnamələri idi. Əlbəttə ki, bunlar çox önəmli qətnamələrdir, amma onlar icra edilmirdi, biz onları icra etdik. Amma 2005-ci ildə Avropa Şurası Parlament Assambleyası uzun müzakirələrdən sonra apardığımız iş nəticəsində bizi qane edən qətnamə qəbul etdi. Əlbəttə, Avropa Şurası Parlament Assambleyası Qarabağ məsələsini həll edən qurum deyil, ancaq onun qətnaməsi hüquqi baza idi. O biri təşkilatlar da buna baxıb, artıq gördülər ki, bəli, orada əgər bu, qəbul olunubsa, deməli, başqa yerlərdə də qəbul oluna bilər. BMT Baş Assambleyası buna oxşar qərar, qətnamələr qəbul etmişdir. Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digərləri. Bu, hüquqi bazadır. Bunun nəticəsində biz Avropa İttifaqı ilə bir neçə il bundan əvvəl imzaladığımız “Tərəfdaşlıq prioritetləri” sənədinə, yəni, paraflanmış sənədə ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına hörmət prinsipi əks etdirən müddəa saldıra bilmişik”.
Cənab Prezidentin “Bəziləri hesab edirdi ki, bu işlər əbəsdir” ifadəsini eşidəndə xatırladım ki, son illərdə həmin məsuliyyətsiz və cəfəng bəyanatlarla dəfələrlə rastlaşmışıq. Məsələn, dövlət başçımızın təşəbbüsü ilə ölkədəki siyasi qüvvələr arasında dialoq yaradılanda özünü milli təəssübkeş adlandıran, əslində isə antimilli fəaliyyət göstərən şuranın üzvləri həmin məsələni gözdən salmaq üçün dəridən-qabıqdan çıxırdılar. Bəs nə qazandılar? Xalqın qınağından başqa heç nə.
Elə VII qurultayın gündəliyində olan məsələlərdən biri də məhz siyasi qüvvələr arasındakı dialoqun nəticəsi idi. Yeni Azərbaycan Partiyasına qoşulmaq istəyən 6 siyasi partiyanın müraciəti müzakirə olundu, səsə qoyuldu və qərar qəbul edildi. Partiya sədrinin müavini Əli Əhmədov dedi ki, ölkəmizin son uğurları Azərbaycanın bütün vətəndaşları kimi, bir çox siyasi partiyalar tərəfindən də İlham Əliyev siyasətinin birmənalı şəkildə dəstəklənməsi ilə nəticələnib. Belə ki, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyası qurultaydan iki gün əvvəl Yeni Azərbaycan Partiyasına qoşulmaq haqqında qərar verib, partiyaya müraciət ediblər. Partiyanın sədrinin tövsiyəsi əsasında bu gün həmin məsələ partiyanın VII qurultayının müzakirəsinə çıxarılıb.
Xatırladaq ki, həmin altı partiyanın təmsilçiləri qonaq qismində VII qurultayda iştirak edirdilər. Politoloqların fikrincə, həmin partiyaların Yeni Azərbaycan Partiyasına qoşulması Azərbaycanda milli birliyin, həmrəyliyin artmasına, Yeni Azərbaycan Partiyasının siyasi mövqeyinin daha da güclənməsinə xidmət edən uğurlu addımdır. Qurultay iştirakçılarının yekdil qərarı ilə siyasi güclərin milli həmrəylik naminə birləşdirilməsinə xidmət edən mühüm qərar qəbul olundu.
Həmin qərara münasibət bildirən partiya sədri yekun nitqində dedi: “Bizim dost partiyalarımızın bu gün partiyamıza qoşulması… çox önəmli, əlamətdar hadisədir. Bu da siyasi sistemimizin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır və eyni zamanda, göstərir ki, partiyamızın həm məramı, həm proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir. Əminəm ki, bir neçə partiyanın Yeni Azərbaycan Partiyası ilə birləşməsi partiyamızı gücləndirəcək. Bu partiyaların üzvlərini biz qəbul edirik, onlara bizim ailəyə “Xoş gəlmisiniz!” deyirik və birgə fəaliyyətlə bağlı əlbəttə ki, əlavə addımlar da atılacaqdır”.
 

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

7 Mart 2021 00:07 -
16 Aprel 2021 | 08:42
BİLDİRİŞ
15 Aprel 2021 | 09:17
BİLDİRİŞ
14 Aprel 2021 | 09:33
111 milyon dollar yardım

Köhnə versiyamızdan xəbərləri izlə