Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyədə İstiqlal marşının sözlərinin müəllifi Mehmet Akifin həyatından bəhs edən film çəkilir

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan 2021-ci ili ölkədə “Mehmət Akif və İstiqlal marşı ili” (Dövlət Himni) elan edib.

 "Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, bu il 100 yaşı qeyd ediləcək İstiqlal marşının çox maraqlı tarixçəsi var.

Belə ki, 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin açılması ilə bu ölkənin “Hakimiyet-i Milliye” qəzetinin 1920-ci il 25 oktyabr buraxılışında Dövlət Himninin yazılması ilə bağlı müsabiqə elan edilir. O zamanın tanınmış şairi Mehmet Akif Ərsoy milli marşın müsabiqə yolu ilə seçilməsini düzgün hesab etmədiyi üçün yarışmaya qatılmır. 1920-ci il dekabrın 23-dək davam edən yarışmaya ümumilikdə 724 əsər göndərilir. Lakin bu əsərlərin heç biri qəbul olunmur. Bundan sonra o zamanlar Türkiyənin maarif naziri olan Hamdullah Suphi bəy Mehmet Akifə məktub göndərərək ondan himnin sözlərinin yazılması üçün kömək istəyir. Hər kəsin səbirsizliklə gözlədiyi milli marşın sözləri on günə hazır olur və 1921-ci il fevralın 17-də “Sebilürreşad” jurnalında “Qəhrəman Ordumuza” başlığı ilə dərc olunur.

Bunun ardından 1921-ci il martın 12-də Hamdullah Suphi bəyin Böyük Millət Məclisinin kürsüsündən oxuduğu Mehmet Akif tərəfindən yazılan şeir Mustafa Kamal Atatürkün “Bu marş bizim inqilabımızın ruhunu anladır” sözləri ilə qəbul edilib. Sonra marşın sözləri ingilis, alman, fransız, macar və fars dillərinə tərcümə olunaraq ölkə daxilində və xaricində dərc edilir.

İstiqlal marşının yazılması üçün Mehmet Akifə verilən 500 lirə məbləğində mükafat isə şair tərəfindən yoxsul qadın və uşaqlara iş öyrədən “Darülmesai” qurumuna bağışlanır.

Bir zaman müxtəlif musiqilərlə ifa edilən marşa Türkiyənin tanınmış bəstəkarı Osman Zeki Üngör tərəfindən çağdaş himnə yaraşan musiqi bəstələnir.

100 il əvvəl qəbul edilən Türkiyənin Dövlət Himni ölkənin müstəqillik və suverenliyinin ən vacib rəmzlərindən biridir.

Hazırda Türkiyədə İstiqlal marşının sözlərini yazan şair Mehmet Akif Ərsoyun həyatını və marşın yazılma tarixçəsini əks etdirən film çəkilir. Çəkilişlərinə ötən ilin sentyabr ayında start verilən “Akif” filminin İstiqlal marşının ölkənin Dövlət Himni olaraq qəbul edilməsinin 100-cü ildönümü - 2021-ci il martın 12-də ekranlara çıxması planlaşdırılır.

“Darçın” kinostudiyası tərəfindən çəkiləcək filmin rejissoru Kudret Sabancı, ssenari müəllifi isə Hakan Haksundur. Ekran əsərinin məsləhətçiləri Mehmet Akif Ərsoyun nəvəsi Selma Ersoy Argon, İstiqlal marşının ilk nəşr olunduğu “Sebilürreşad” jurnalının baş redaktoru Fatih Bayhan, Türkiyənin keçmiş dövlət xadimi Yüksel Yalova və professor Yasin Aktaydır.

6 Mart 2021 15:40 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
17 Aprel 2021 | 08:22
Eldar Tofiq oğlu Quliyev
15 Aprel 2021 | 09:58
Kaşğarda Azıx şəhəri
13 Aprel 2021 | 01:35
On bir ayın sultanı gəldi...

Köhnə versiyamızdan xəbərləri izlə