Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham ƏLİYEV: Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərinə böyük əhəmiyyət verir

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XIV onlayn Zirvə toplantısı haqqında bəhs etməzdən əvvəl bu qurumun fəaliyyəti ilə bağlı bəzi məqamlara toxunmaq istərdik. Əvvəlcə xatırladaq ki, İƏT-in əsası Türkiyə, İran və Pakistanın təşəbbüsü ilə 1985-ci ildə qoyulub. Təşkilat 1964-1979-cu illərdə fəaliyyət göstərən Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamı kimi yaradılıb. Qurumun qarşısına region dövlətlərinin resurslardan tam istifadəni təmin etməklə İƏT-in dünya iqtisadiyyatında payını artırmaq əsas vəzifə kimi qoyulub. Bu isə, öz növbəsində, üzv dövlətlərin iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya olunmasına müsbət təsir göstərib.

 

İƏT fəaliyyəti dövründə, eyni zamanda, iqtisadiyyatın liberallaşdırılmasına, üzv dövlətlər və digər ölkələr arasında ticarət problemlərinin aradan qaldırılmasına səy göstərib.
Yeri gəlmişkən, 1992- ci ildə Türkiyə, İran və Pakistandan başqa, daha 7 dövlət, o cümlədən Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan və Əfqanıstan bu təşkilata qoşulub.
Adıçəkilən təşkilatın üzv dövlətlərin sayının artması və bununla da daha böyük regionu əhatə etməsi onun vəzifələrini artırıb və daha böyük resursların idarəsi imkanını yaradıb.
Sovet hökuməti dağıldıqdan sonra bir çox postsovet dövləti kimi, Azərbaycanın da İƏT-ə marağı yarandı. Çünki keçmiş SSRİ-nin tərkibində olan dövlətlər beynəlxalq ticarət əlaqələrindən və dəyər zəncirindən kənarda qalmışdı. İƏT bu dövlətlər üçün iqtisadi əlaqələri genişləndirmək imkanını şərtləndirirdi. Bazar iqtisadiyyatına keçidin ilk mərhələsində olan Azərbaycan üçün dünya ticarətinə qoşulmaq çətin idi, məhz buna görə də İƏT Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası üçün imkan yaradırdı. Digər tərəfdən, coğrafi mövqe və mədəni yaxınlıq baxımından da İƏT-ə üzv dövlətlərlə iqtisadi əlaqələrin qurulması əhəmiyyətli idi. Eyni zamanda, təbii resurslarla zəngin olan bir ölkə kimi Azərbaycanın iqtisadi maraqları İƏT-in iqtisadi maraqları ilə üst-üstə düşürdü.
Azərbaycan Respublikası ilə bu təşkilat arasında ilk münasibətlərin yaranması 1991-ci ilin fevralına təsadüf edir. Azərbaycan İƏT-ə bu qurumun təsis edilməsi haqqında 1987-ci il tarixli İzmir müqaviləsinin və bu müqavilənin 1990-cı il 18 iyun və 1992-ci il 28 noyabr tarixli protokollarının Azərbaycan Respublikası Milli Məclisinin 3 sentyabr 1993-cü il tarixli qərarı ilə ratifikasiya etməsi nəticəsində qoşulub.
İƏT-in IX Zirvə görüşü 2006-cı ildə Bakıda keçirilib. Bu toplantı təşkilat tarixində vacib görüşlərdən biri kimi mühüm önəm daşıyıb. Belə ki, həmin Zirvə görüşündən sonra qurumda sədrlik Azərbaycana keçib. Prezident İlham Əliyev görüşdə çıxış edərək deyib: “Biz bir neçə beynəlxalq, regional layihələrin iştirakçısı, təşkilatçısıyıq və çox istəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də konkret layihələr daha çox olsun. Biz konkret məsələlər ətrafında diskussiya apararaq və praktik addımların atılması üçün lazım olan bütün tədbirləri görməliyik”.
Təşkilat regionun əsas nəqliyyat xətləri olan Şimal - Cənub və Şərq - Qərb dəhlizlərinin inkişaf etdirilməsi ilə bağlı layihələr həyata keçirir. Bu layihələr çərçivəsində Azərbaycan Qəzvin–Rəşt–Astara dəmir yolu layihəsinin iştirakçısıdır.
Azərbaycan üçün İƏT daim etibarlı tərəfdaş olub. Buna görə də ölkəmiz bu əməkdaşlığa hər zaman istər ticarət əlaqələrinin inkişaf etdirilməsi, istər daxili tələbatın ödənilməsi, istərsə də dünya iqtisadiyyatına inteqrasiyanın artırılması baxımından xüsusi əhəmiyyət verib və yüksək qiymətləndirib.
Sözügedən təşkilatla əməkdaşlıq ölkəmizin inkişafına müsbət təsir göstərib. Belə ki, müstəqilliyinin ilk illərində dünya ilə iqtisadi əlaqələrdən geri qalan Azərbaycan üçün İƏT geniş və perspektivli imkanlar yaradıb və respublikamızın dünya bazarına qoşulmasına yardımçı olub. Ümummilli lider Heydər Əliyev də o dövrdə Azərbaycan iqtisadiyyatını böhrandan çıxarmaq üçün beynəlxalq iqtisadi münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verib və respublikamızla İƏT arasında münasibətlərin inkişafını diqqət mərkəzində saxlayıb.
Prezident İlham Əliyev martın 4-də İƏT-in XIV onlayn Zirvə toplantısındakı çıxışında isə təşkilatın əvvəlki Zirvə görüşündən ötən müddətdə baş verən mühüm hadisələrdən, görülən əhəmiyyətli tədbirlərdən bəhs edib. Dövlətimizin başçısı nitqinin əvvəlində tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yalnız müharibə vaxtı deyil, ümumiyyətlə, bu ölkənin lideri olduğu müddətdə Azərbaycana davamlı dəstəyi torpaqlarımızın işğaldan azad edilməsində mühüm rol oynayıb. Prezident İlham Əliyev daha sonra deyib: “Türkiyə bizim qardaşımızdır. Türkiyə bizim böyük müttəfiqimizdir. Azərbaycan xalqı Türkiyə kimi müttəfiqi olmasından çox məmnundur. Azərbaycan və Türkiyə xalqları və əminəm ki, dünyada bir çoxları Prezident Ərdoğanın Türkiyənin yalnız dünyada ən önəmli güc mərkəzlərindən birinə çevrilməsində deyil, eləcə də regionda təhlükəsizliyin təmin edilməsindəki tarixi rolundan açıq şəkildə xəbərdardırlar. Türkiyə geniş regionda təhlükəsizlik və sabitliyin təmin olunmasında çox önəmli rol oynayır. Əvvəllər də çox demişəm, indi də bir daha bildirmək istərdim ki, Türkiyənin güclü olması Azərbaycan və bütün digər müttəfiqlərin də güclü olması deməkdir”.
Azərbaycan Prezidenti çıxışında daha sonra ölkəmizin İƏT-ə üzv dövlətlərlə münasibətlərinə böyük əhəmiyyət verdiyini, indiki tədbirdə təşkilatın Tədqiqat Mərkəzinin nizamnaməsinin imzalanacağının bunun bariz nümunəsi olduğunu vurğulayıb. Eyni zamanda, ulu öndər Heydər Əliyevin təşəbbüsünü dəstəklədiklərinə görə üzv dövlətlərə minnətdarığını bildirərək, Azərbaycanda yerləşəcək Mərkəzin səmərəli fəaliyyəti üçün bütün səylərin göstəriləcəyini diqqətə çatdırıb.
Prezident İlham Əliyev, həmçinin ötən il Azərbaycanın öz torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına hərbi-siyasi yollarla son qoyduğunu, düşmən ölkə üzərində döyüş meydanında əldə edilən hərbi Zəfərin siyasi yollarla tam təmin edildiyini bildirib: “BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri 27 il kağız üzərində qalmışdı. Azərbaycan özü həmin qətnamələrin icrasını təmin edərək ərazi bütövlüyünü bərpa etdi. İşğalçılar qədim Azərbaycan torpağı olan Qarabağdan qovuldu. 44 gün ərzində Ermənistan ordusu tam darmadağın edildi. 2020-ci il noyabrın 10-da Azərbaycan Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdi”.
Dövlətimizin başçısı çıxışında Vətən müharibəsi başlayan kimi Azərbaycanı dəstəkləyən ilk ölkə qardaş Türkiyə olduğunu qeyd edərək, Prezident Rəcəb Tayyib Ərdoğanın açıqlamalarını, onun siyasi və mənəvi dəstəyini yüksək qiymətləndirdiyini xüsusi vurğulayıb. Eyni zamanda, ötən il sentyabrın 27-də və 28-də – müharibənin birinci və ikinci günləri qardaş Pakistan və Əfqanıstanın Ermənistanı işğala son qoymağa, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini icra etməyə çağırdıqlarına, Azərbaycanın ərazi bütövlüyünə öz dəstəklərini ifadə etdiklərinə görə onlara dərin təşəkkürümü bildirib.
Prezident İlham Əliyev Ermənistanın işğal etdiyi ərazilərdə Azərbaycanın kənd və şəhərlərini, bütün mədəni və dini abidələrini qəsdən dağıtdığını, məscidlərimizi donuz və inək saxlanılan yerlərə çevirdiyini, bununla da bütün İslam dünyasına qarşı düşmənçilik etdiyini diqqətə çatdırıb.
Ölkə rəhbəri çıxışında, həmçinin İƏT-in islamofobiyaya qarşı mübarizə aparmasının və İslamın həqiqi dəyərlərini – sülh, tolerantlıq və ədaləti təşviq etməsinin zəruriliyini xatırladaraq, qardaş Pakistanın təşəbbüsü ilə İƏT-in martın 15-nin Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü elan olunması qərarının önəmini vurğulayıb.
Azərbaycan Prezidenti nitqində hazırda qarşıda azad olunmuş ərazilərimizin yenidən qurulması kimi nəhəng vəzifə dayandığını, respublikamızın COVID-19 pandemiyası ilə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən olduğunu da faktlar əsasında diqqətə çatdırıb.
Dövlətimizin başçısı daha sonra deyib: “Azərbaycan Avrasiyada enerji təhlükəsizliyini təmin edən mühüm tərəfdaş ölkədir. Cənub Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də istismara verildi. Yeddi ölkəni birləşdirən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizi dünyanın ən böyük enerji infrastrukturu layihələrindən biridir.
Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrində fəal iştirak edir və ölkəmiz Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Biz öz tərəfdaşlarımızla birgə Azərbaycanın nəqliyyat infrastrukturunu Lapis Lazuli nəqliyyat dəhlizi ilə birləşdirdik və nəqliyyat sahəsində çoxtərəfli əməkdaşlıq üçün geniş imkanlar yaratdıq”.
Azərbaycanın Ermənistan üzərində şanlı Qələbəsindən sonra Dağlıq Qarabağ münaqişəsinə son qoyulduğunu və Dağlıq Qarabağ probleminin tarixdə qaldığını deyən Prezident İlham Əliyev hazırda bölgədə sülh və sabitliyi təmin etmək üçün bir çox ölkələri birləşdirən nəqliyyat layihələrinin müzakirəsinə başlandığını, Azərbaycan, Türkiyə və İranın bölgədə nəqliyyat layihələrinin icrası ilə bağlı vahid mövqe sərgilədiyini, Ermənistanın isə özünü normal aparacağı təqdirdə bu prosesdən faydalana biləcəyini diqqətə çatdırıb.
 

Vaqif BİNYATOĞLU,
“Xalq qəzeti”

6 Mart 2021 00:44 - SİYASƏT
SİYASƏT
17 Aprel 2021 | 08:30
Daldan atılmış daş...

Köhnə versiyamızdan xəbərləri izlə