Ən son xəbərlər
ABŞ hazırkı Prezident Cozef Baydenin hakimiyyəti dövründə gücdən istifadə edərək dünyada demokratiyanı yaymağa çalışmayacaq. Belə bir bəyanatla ABŞ-ın dövlət katibi Entoni Blinken çıxış edib.
Məlumatı “İnterfaks.ru” verib.
Blinken Dövlət Departamentində çıxışı zamanı deyib: “Biz bahalı hərbi əməliyyatlardan istifadə etməklə demokratiya yaymayacağıq. Biz, eyni zamanda, avtoritar rejimləri güclə hakimiyyətdən salmaq niyyətində də deyilik”.
Dövlət katibinin sözlərinə görə, Birləşmiş Ştatlar keçmişdə bu metodları sınaqdan keçirib, lakin onlar gözlənilən nəticələri verməyib. Blinken bəyan edib ki, Bayden administrasiyası demokratiyanı digər ölkələrə nümunə göstərməklə və demokratik dəyişikliklərə görə tərəfdaşlarını mükafatlandırmaqla yaymağa çalışacaq.
Dövlət katibi çıxışı zamanı ABŞ üçün dünya arenasında əsas prioritetin Rusiya və İranla deyil, Çinlə qarşıdurma olduğunu bildirib: “Çin yaşadığımız yüzilliyin ən böyük geosiyasi problemidir”.
Blinken deyib ki, ABŞ-ın dünyada başqa problemləri də var. Bunlar, əsasən, Rusiya, İran və Koreya Xalq Demokratik Respublikası ilə bağlıdır: “Ancaq Çin tərəfindən gələ biləcək təhlükə tamam başqadır”. ABŞ rəsmisi fikirlərinə aydınlıq gətirərək bəyan edib ki, hazırda dünyadakı düzəni öz xeyrinə dəyişmək üçün Çin Xalq Respublikasının həm iqtisadi, həm diplomatik, həm də hərbi imkanları var.
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə