Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağda infrastruktur layihələri Azərbaycanı regionda sabitliyin qarantına çevirəcək

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu. Qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların Vətənə qayıdışı təmin olunmalıdır. Bu Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır.
 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 

Vətən müharibəsində parlaq qələbəmiz nəticəsində Azərbaycanın müasir reallıqlarına uyğun olaraq hazırda həm respublika daxilində yeni vəzifələr müəyyənləşdirilir, həm də bölgədə mühüm önəm daşıyan əməkdaşlıq formatları yaradılır. Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də bununla bağlı bir sıra əhəmiyyətli məqamlar diqqət çəkir. Strategiyada işğaldan azad edilən ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, eyni zamanda, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanılması hesabına Azərbaycanın inkişafına böyük təkan verəcəyi bildirilir. Bununla da regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşacağı, eləcə də Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyənləşməsində rolunun daha da möhkəmlənəcəyi vurğulanır.

 

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”inə– növbəti 10 il üzrə inkişafımızın bundan sonrakı mərhələsi üçün yol xəritəsi hesab edilən bu sənədə görə, təsbit olunan 5 prioritetdən biri məhz azad edilən ərazilərə əhalinin qayıdışının daha intensiv formada təmin edilməsi, məskunlaşmanın dayanıqlı olması və nəhayət, məskunlaşmış ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyasını nəzərdə tutur.
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də Qarabağın dirçəlişinin reallaşdırılması ilə bağlı qeyd edilir ki, əvvəlki dövrlərdə olduğu kimi, işğaldan azad edilən ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, bu region ölkənin ən abad guşələrindən birinə çevrilməlidir. Müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır. Bu, stimullar əsasında və dövlət-özəl tərəfdaşlığının inkişafı çərçivəsində həyata keçirilməlidir. Yalnız belə şəraitdə işğaldan azad olunan ərazilərin Azərbaycanın böyük gələcəyinə tam inteqrasiyasını gerçəkləşdirmək mümkündür.
Qeyd edək ki, Prezident İlham Əliyev hələ 44 günlük müharibə zamanı işğal faktına, habelə işğal zamanı törədilən barbarlığa, həmçinin müharibə və insanlıq əleyhinə cinayətlərə görə vandalların lazımi formada cəzasını alacaqlarını, Ermənistan dövlətinin vurulan ziyanın əvəzinin ödənilməsinə məcbur ediləcəyini bildirib. Ona görə də vəhşicəsinə dağıdılan evlərin bərpasından əvvəl sənədləşdirilməsi, maddi sübut kimi tanınmasının həyata keçirilməsi mühüm vəzifələrdən biri kimi planlaşdırılıb.
Prezident İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransının keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaları ilə əlaqədar qrafik məsələsi ilə bağlı sualı cavablandırarkən bildirib ki, hazırda ərazilərin minalardan təmizlənməsi və bununla paralel olaraq bütün imkanlardan istifadə etməklə ziyanın qiymətləndirilməsi tədbirləri həyata keçirilir, beynəlxalq qurumlar vasitəsilə işğalçılara əsaslandırılmış iddialar təqdim etmək üçün dronlarla çəkilişlər aparılır. Eyni zamanda, şəhər və kəndlərin inkişafının baş planları hazırlanır. Bunlarla bərabər, pilot layihələr də reallaşdırılır.
Böyük Qayıdışın tezliklə başlanması üçün minalanma prosesinin sürətlə aparılması mühüm önəm daşıyır. Çünki düşmən torpaqlarımızı minalamaqla yanaşı, yaşayış sahələrini xarabalığa çevirib. Prezident İlham Əliyev bununla bağlı mətbuat konfransında jurnalistin müvafiq sualına cavabında bildirib: “Məskunlaşma üçün, ilk növbədə, ərazilərin minalardan təmizlənməsi başa çatdırılmalıdır. Digər tərəfdən, işğal zamanı burada hər şey, bütün infrastruktur tamamilə dağıdılıb, şəhərlər yoxdur, qayıdası yer yoxdur. Praktiki olaraq bütün kəndlər dağıdılıb. Mən azad edilmiş ərazilərdə dəfələrlə olmuşam, maşınla yüzlərlə kilometr yol gedirsən və yalnız dağıdılmış kəndləri görürsən, heç yerdə bircə bina da yoxdur. Ağdamda bircə bina da yoxdur. Təkcə qismən dağıdılmış bir məscid qalıb, ondan da ermənilər atəşin təshih edilməsi üçün oriyentir və müşahidə məntəqəsi kimi istifadə ediblər, oradan baxırlarmış ki, Azərbaycan qoşunları orada hərəkət edir, yoxsa yox? Füzulidə bircə bina da yoxdur. Hətta bayraq sancmağa yer yox idi. Biz bayrağı bayraq dirəyindən asdıq. Cəbrayılda da eyni vəziyyətdir. Zəngilanda, Qubadlıda bir neçə ev qalıb, onlarda da qanunsuz məskunlaşdırma aparılmışdır”.
Bəli, erməni barbarlaı 30 il ərzində torpaqlarımızı işğal alında saxlamaqla, istismar etməklə, təbii resurslarımızı oğurlamaqla, kəndlərimizi, şəhərlərimizi dağıtmaqla bərabər, həm də əraziləri minalayıblar. Bu, düşmənin vəhşiliyindən, faşist xislətindən xəbər verir. Ona görə də müharibədən sonra azad edilən torpaqlarda təəssüf ki, tez-tez bədbəxt hadisələr baş verir. Bu, əsasən, mənfur düşmənin işğaldan sonra bütün yaşayış sahələrinin, infrastrukturun, təmas xəttinə yaxın olan ərazilərin, yolların, önəmli strateji yüksəkliklərin minalanması ilə əlaqədardır. İşğalçının müharibədən sonra bu cür təhlükəli zonaların xəritəsini verməkdən belə imtina etməsi isə onun qəddarlığının bariz ifadəsidir.
İşğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi prosesi başa çatandan sonra kritik yol xətlərinin bərpasına başlanacaq. Bu, yaşayış sahələri arası gediş-gəlişi və digər vacib təminatların təchiz olunmasını asanlaşdıracaq. İçməli su, sanitariya və irriqasiya sistemlərinin yenidən qurulması prosesi isə insanların həyat səviyyəsinin yaxşılaşmasına və sonrakı mərhələdə iqtisadi baxımdan ailə-ev təsərrüfatlarının canlanmasına töhfə verəcək.
Artıq “ağıllı kənd” layihəsinə başlanılıb. Bu, torpaqlarından qovulmuş soydaşlarımız üçün işğaldan azad edilmiş ərazilərdə maksimum əlverişli imkanlar yaratmaq məqsədi daşıyır. Butün bu tədbirlərin həyata keçirilməsi, ərazilərin bərpası üçün Azərbaycan Prezidentinin siyasi iradəsi, ölkəmizin güclü maliyyə resursları var.
Azərbaycan Prezidenti mətbuat konfransında işğaldan azad edilən ərzilərdə bərpa-quruculuq işlərinin gedişindən, reallaşdırılacaq layihələrdən, logistika məsələlərindən danışarkən, Füzulidə artıq uçuş-enmə zolaqlarının ən ağır yük təyyarələri də daxil olmaqla bütün növ təyyarələri qəbul edə biləcək beynəlxalq aeroportun tikintisinə başlanıldığını, kompleksin cari ilin sonunadək istifadəyə veriləcəyini, eyni zamanda, ərazidə minalardan təmizlənmə prosesinin operativ surətdə aparılaraq, başa çatmaq üzrə olduğunu da diqqətə çatdırıb.
Təyyarə limanının işə salınması xaricdən alacağımız yüklər nəzərə alınmaqla ərazilərin bərpasına müsbət təsir göstərməklə yanaşı, qonşu dövlətlərin vətəndaşlarının Şuşa şəhərinə rahat gedib-gəlmələri üçün əlverişli şərait yaradacaq.
Hazırda aeroportun tikintisi aparılmaqla bərabər, Şuşa şəhərinə iki avtomobil yolu da çəkilir. Həmin yollardan biri dövlətimizin başçısı tərəfindən “Qələbə yolu” adlandırılıb. Bu da təsadüfi deyil. Çünki Azərbaycanın xüsusi təyinatlı qoşunları məhz həmin yolla meşələrdən və vadilərdən keçərək, Şuşa şəhərinə daxil olublar. Nisbətən aran ərazidən keçən digər yol da sözügedən aeroportdan birbaşa gediş-gəlişi təmin edəcək.
Prezident İlham Əliyev mətbuat konfransında bununla bağlı deyib: “Əminəm ki, xaricdə yaşayan azərbaycanlılar, həmçinin digər ölkələrin vətəndaşları belə bir imkana malik olacaqlar. Deməliyəm ki, bizim aeroportlar tikmək planlarımız təkcə Füzuli şəhəri ilə məhdudlaşmır. Biz ərazinin abadlaşdırılması proqramlarını, Zəngilanın çox mühüm logistika mərkəzinə çevriləcəyini nəzərə almaqla Laçında və Zəngilanda da aeroportlar tikməyi planlaşdırırıq. Bildiyiniz kimi, keçən il 10 noyabr tarixli Bəyanatın bir bəndi Ermənistan ərazisində Azərbaycanı onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirən, həmçinin Azərbaycanı Türkiyə ilə və eyni zamanda, Rusiyanı Türkiyə ilə birləşdirən dəhliz açılması barədə idi. Buna görə də bizim böyük planlarımız var və biz onları reallaşdıracağıq. Bu il ərazilərin bərpası üzrə kifayət qədər geniş xüsusi investisiya proqramı təsdiq edilib. Biz bağlanmış müqavilələr əsasında ilk ödənişləri həyata keçirməyə başlayırıq”.
Xatırladaq ki, bir müddət bundan əvvəl Prezident İlham Əliyev tərəfindən Füzuli rayonunda Horadiz–Ağbənd dəmir yolu xəttinin təməlinin qoyulması da mühüm əhəmiyyətə malik hadisədir. Bu dəmir yolu xətti nəinki bölgənin, həm də bütün regionun gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır.
Ümumi uzunluğu 100 kilometr olan bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad edilmiş torpaqlara rahat gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq. Ən önəmli cəhət isə odur ki, adıçəkilən infrastruktur Türkiyəyə qədər uzanmaqla Bakı–Tbilisi–Ceyhandan sonra Azərbaycanı qardaş ölkə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi olacaq. Həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqənin yaranmasına böyük töhfə verəcək.
Bununla da Azərbaycan təhlükəsiz tranzit ölkə kimi növbəti mərhələyə daxil olur. Eyni zamanda, bu infrastruktur bütün türk dünyasını birləşdirməklə yaxın gələcəkdə regionun türkdilli dövlətləri arasında dərin iqtisadi-siyasi birliyin qurulmasını şərtləndirir. Beləliklə, sözügedən layihənin reallaşması ilə Azərbaycanın regionda strateji əhəmiyyəti artır, o cümlədən iqtisadi potensialı daha da güclənir.
İlkin sosial-iqtisadi inkişafın vacibliyi postkonflikt dövrdə insanların mərhələli şəkildə köçürülməsinə və yardım asılılığından qısa zamanda azad olmalarına gətirib çıxarır. Belə halda isə təhsil, səhiyyə və telekommunikasıya obyektlərinin koordinasiyalı bərpası insanların adaptasiya prosesini sürətləndirir. Paralel şəkildə əhalinin məşğulluğunun artırılması məqsədilə kiçik və orta bizneslərin dəstəklənməsi, bilavasitə ev təsərrüfatlarının inkişafına səbəb olacaq təşəbbüslərin artırılması məqsədəuyğun sayılır. Bundan əlavə, iqtisadi canlanmaya töhfə verəcək bank və turizm sektorlarına da xüsusi diqqət göstərilməsi mühüm önəm daşıyır.
 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

5 Mart 2021 01:45 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə