Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan tarixində dönüş yaradan partiya

Azərbaycan, onun gənc müstəqilliyi təhlükə altında idi. O vaxt hakimiyyəti... qanunsuz şəkildə zəbt etmiş AXC – Müsavat cütlüyü ölkəmizi uçuruma aparırdı. Azərbaycanda iqtisadi tənəzzül, sənayenin iflic vəziyyətə düşməsi, siyasi, iqtisadi, ondan sonra da hərbi böhran, demək olar ki, müstəqilliyimizi şübhə altına alırdı. Belə bir vəziyyətdə Azərbaycan xalqı öz liderinə üz tutdu və partiyamızın yaradılması, əlbəttə ki, burada həlledici rol oynamışdır.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayındakı nitqindən
Bakı, 8 fevral 2018-ci il

 

Partiyamızın sonuncu qurultayından cəmi üç il keçsə də, bu müddət kifayət qədər mühüm hadisələr və faktlarla zəngin oldu. Həmin faktların hamısını sadalamaq imkanımız olmasa da, ən mühüm məqamlardan bəzilərini yada salmaq istərdik.

Əvvəla, VI qurultaydan iki ay sonra ölkəmizdə prezident seçkiləri keçirilmişdir. Elə qurultayın gündəliyindəki əsas məsələ də YAP-ın həmin seçkilərdə iştirak edəcək namizədinin irəli sürülməsi idi və 760 min üzvü olan bu siyasi təşkilat İlham Əliyevin namizədliyini irəli sürmüşdü.
İkinci, Prezident İlham Əliyev yeni formalaşan parlamentin ilk iclasında ölkəmizdə aparılan hərtərəfli islahatların yeni və daha əhatəli mərhələsinə start verildiyini elan etmişdir.
Üçüncü, dövlət başçımız Davosda, Soçidə, Aşqabadda, Münxendə Ermənistanın bütün uydurmalarının ifşasına nail olmuş, BMT Baş Assambleyasının tribunasından Ermənistanın yeni işğalçılıq müharibəsinə hazırlaşdığını dəlil-sübutlarla dünya ictimaiyyətinin nəzərinə çatdırmışdır.
Dördüncü, Azərbaycan dünyanın BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik etməyə başlamış və qısa müddətdə mühüm beynəlxalq uğurlara imza atmışdır.
Beşinci, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin “İrəli!” komandasını yerinə yetirərək, xalqımızın son iki əsrdə həsrətlə gözlədiyi Qələbə sözünə imza atmış, düşmənin bütün mif və əsatirlərini darmadağın edərək torpaqlarımızın işğaldan təmizlənməsinə nail olmuşdur.
Yəni, bu gün açılan VII qurultayda dövlət başçımızın da, partiya rəhbərliyinin də deyəcəyi fikirlər kifayət qədərdir. Bundan başqa, cənab Prezident yeni formalaşan parlamentin ilk iclasında xatırlatmışdı ki, islahatlar cəmiyyətin bütün sahələrini əhatə edəcəkdir. Üstəlik, ulu öndər Heydər Əliyev hələ doxsanıncı illərin ortalarında demişdi ki, Yeni Azərbaycan Partiyası dünənin – yəni, müstəqilliyin ilk və məhrumiyyətli günlərinin, bu günün və sabahın partiyası olduğuna görə onun fəaliyyəti daim müasirləşdiriləcəkdir. Yəni, bugünkü qurultaydan həm islahatlarla bağlı, həm də fəaliyyətimizin daha da çevikləşdirilməsi məqsədilə atılacaq mühüm addımlar gözləyirik.
Partiyamızın sədri, Prezident İlham Əliyev demişdir ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə aparıcı siyasi qüvvədir. Partiyamızın ideyaları, siyasəti xalq tərəfindən dəstəklənir. Partiyamızın sıraları genişlənir, 760 mindən çox üzvümüz var və çox sevindirici hal ondan ibarətdir ki, gənclər partiyaya üz tuturlar. Gənclərin axını partiyamızın gələcək inkişafı üçün də əsas şərtlərdən biridir.
Xatırladaq ki, həm partiyanın yaradılması təşəbbüsü irəli sürüləndə, həm də 1992-ci ildə ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda keçirilmiş təsis konfransında iştirak edənlərin böyük əksəriyyəti yaşlı nəslin nümayəndələri idi. Həmin təəssübkeş və təşəbbüskar insanlar ölkə ziyalılarının qaymaq hissəsi olsa da, istənilən siyasi təşkilatın fəaliyyətində gənclərin iştirakına böyük ehtiyac vardır. Bu məqamı lazımınca qiymətləndirən ulu öndər ölkədə siyasi hakimiyyətə qayıdan kimi, ilk növbədə, pərakəndə halda fəaliyyət göstərən gənclərin təşkilatlanması istiqamətində mühüm addımlar atdı və nəticədə, gənclərin YAP-a axını başladı. İlham Əliyevin YAP sədrinin birinci müavini və partiya sədri seçilməsindən sonra isə həmin axın qat-qat sürətləndi və YAP möhtəşəm siyasi gücə çevrildi.
İstənilən fakt, hadisə və ya əlamətdar günlə bağlı söz açarkən, ilk növbədə, “dünən elə idi, bu gün belədir” kimi müqayisələr yada düşür. Çünki bütün həqiqətlər müqayisə nəticəsində ortaya çıxır. Biz də regionun ən güclü siyasi təşkilatı olan partiyamızın növbəti qurultayı ilə bağlı söz açarkən YAP-ın yarandığı illəri yada salmağa çalışırıq.
Prezident İlham Əliyev xatırladır ki, o vaxt partiyamızın yaradılması dönüş nöqtəsi idi. Əgər o vaxt bu partiyamız yaradılmasaydı, bilmək olmazdı ölkə hansı istiqamətdə inkişaf edəcəkdi. Çünki o vaxt ölkəmizin qarşısında çox ciddi problemlər durmuşdu: “Demək olar ki, Azərbaycan, onun gənc müstəqilliyi təhlükə altında idi. O vaxt hakimiyyəti 1992-ci ildə qanunsuz şəkildə zəbt etmiş AXC–Müsavat cütlüyü ölkəmizi uçuruma aparırdı”.
Gündəlikdəki məsələdən kənar çıxmaq istəməsək də xatırlatmalıyıq ki, ulu öndər Heydər Əliyev ölkəmizə birinci dəfə rəhbərlik etdiyi illərdə Bakının, demək olar ki, yenidən qurulmasına nail olmuşdu. Hansı tərəfə baxırdıqsa, Heydər Əliyevin tikdirdiyi möhtəşəm binaları görürdük. Ancaq ulu öndər Moskvadan qayıdanda da, Yeni Azərbaycan Partiyasının təsis qurultayı keçiriləndə də Bakıda ona heç bir imkan verilmədi. Ona görə də fəallar, vətənpərvər insanlar Naxçıvana gedərək, orada Heydər Əliyevin sədrliyi ilə partiyamızın yaradılması haqqında bəyanat vermişdilər.
Cəmi bir neçə ay sonra xalqın tələbi ilə Heydər Əliyev ölkəmizdə hakimiyyətə gəldi və gənc müstəqil dövlətimiz inkişaf yoluna qədəm qoydu. AXC-Müsavat cütlüyü tərəfindən başlanmış vətəndaş müharibəsi dayandırıldı, qanunsuz silahlı birləşmələr tərk-silah edildi, qayda-qanun yaradıldı, milli vətəndaş həmrəyliyi üçün əsas yaradıldı, azərbaycançılıq ideologiyası bəyan edildi və bu gün də bizim əsas ideoloji dayağımızdır. Ölkə Konstitusiyası qəbul edildi, iqtisadiyyatda, siyasi sahədə ciddi islahatlara start verildi, Azərbaycan beynəlxalq təcriddən çıxa bildi və ölkə ilə bağlı həqiqətlər dünya birliyinə çatdırıldı.
İlham Əliyev xatırladır: “1993-cü ildən başlayaraq, Azərbaycan uğurlu inkişaf yolu ilə gedir və inkişaf üçün əsas şərt– sabitlik tam bərqərar olmuşdur. Çünki sabitlik olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Məhz o illərdə – ulu öndər hakimiyyətə gələndən bir il sonra “Əsrin kontraktı” imzalanmışdır. Bu, bu gün də və gələcək illərdə də ölkə iqtisadiyyatı üçün müstəsna rol oynayan kontraktdır...”
Xalqımızın xoşbəxtliyidir ki, 2003-cü ildən sonra da Heydər Əliyev siyasəti Azərbaycanda davam etdirilir. 2003-cü ildəki prezident seçkilərində namizəd olan Baş nazir İlham Əliyev bəyan etmişdi ki, əgər Azərbaycan xalqı etimad göstərərsə, mən Heydər Əliyev siyasətini davam etdirəcəyəm. Xalqımız məmnundur ki, Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşir və ölkəmiz uğurla inkişaf edir. Məhz həmin siyasət nəticəsində dövlətimiz öz ərazi bütövlüyünün bərpasına nail olmuşdur.
Partiyamızın bu gün keçirilən ali məclisi barədə qeydlərimizi Prezident İlham Əliyevin Azərbaycan xalqına 10 noyabr 2020-ci il tarixli müraciətindəki fikirlərlə tamamlayırıq: “30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik. Dedik ki, düşməni torpaqlarımızdan qovacağıq! Heç bir danışıqlar bizi maraqlandırmır. Siz də yaxşı bilirsiniz ki, son bir il ərzində mən danışıqlar haqqında, ümumiyyətlə, söhbət aparmıram. Xalqımı aldatmaq istəmirdim, heç vaxt aldatmamışam və aldatmayacağam. Azərbaycan xalqı bunu bilir. Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi. Dedik yetər artıq, bu əsarət yetər! Bizim şəhərlərimiz əsarət altında nə qədər qalacaq?! Mənfur düşmən bizim təbiətimizi nə qədər murdarlayacaq, bizim torpağımızda gəzəcək, yeyəcək, içəcək, rəqs edəcək, bizi təhqir edəcək. Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da!”
Bəli, dövlət başçımız, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev öz siyasi həmfikirləri ilə nə zaman görüşəcəyini, qurultayın nə zaman keçirilməsini də çox yaxşı bilir. Partiyamızın VII qurultayına uğurlar arzulayırıq!
 

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

5 Mart 2021 01:32 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə