Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanda ağır iqtisadi böhran yaşanır

Koronavirus pandemiyası ilə yanaşı, İkinci Qarabağ müharibəsi Ermənistanda iqtisadi böhrana gətirib çıxarıb. İqtisadiyyatın bütün sahələrində vəziyyət son dərəcə ağırlaşıb, ümumi daxili məhsuldan tutmuş, ixraca qədər hər istiqamətdə azalma qeydə alınıb. Ermənistanın statistika idarəsinin açıqladığı məlumatlara görə, 2020-ci ildə bu ölkənin xarici ticarət dövriyyəsi 7,1 milyard dollar təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz (2019-cu ildə 8,2 milyard dollar) azdır. Eləcə də Ermənistanın Aİİ üzv ölkələri ilə xarici ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz azalaraq 2,2 milyard dollar təşkil edib.

 

Ötən ilin yanvar-dekabr aylarında Ermənistandan ixrac 2,5 milyard dollar təşkil edib, bu göstərici əvvəlki ilin eyni dövrünə nisbətən 3,9 faiz (2019-cu ildə 2,6 milyard dollar) azalıb. Ermənistan Respublikasından Aİİ-yə üzv ölkələrə ixrac 705,3 milyon dollar təşkil edib, göstərici əvvəlki ilin eyni dövrünə nisbətən 8,3 faiz azalıb.
İqtisadiyyatda böhran yaşayan Ermənistanın hazırda, demək olar ki, yeganə və əsas bazarı Rusiyadır. Mövcud iqtidarın bu ölkə ilə münasibətlərini və regionda baş verən prosesləri də nəzərə alsaq, 2021-ci ildə Rusiya ilə ticarət əlaqələri daha da zəifləyəcək və Ermənistan həmişə olduğu kimi regiondan təcrid durumunda qalacaq.
Bütün bunlarla bərabər, Ermənistanda Ümumi Daxili Məhsulunu 70 faizə qədəri xarici borclanmaya məruz qalıb. Buna görə də işğalçı ölkənin xarici borcu sürətlə artmaqdadır. İqtisadiyyatın çökdüyü, maliyyə vəziyyətinin həddindən artıq ağır olduğu indiki şəraitdə isə beynəlxalq maliyyə qurumları ölkəyə borc verməkdən imtina edirlər. Bu tərəddüdü yaradan səbəblərdən biri də beynəlxalq reytinq agentliklərinin Ermənistanın kredit reytinqini günü-gündən azaltmaları ilə bağlıdır. Defolt həddinə gəlib çatmış bir ölkəyə borc vermək o deməkdir ki, verilən borc geri qayıtmayacaq. Təbii ki, bu addımları atarkən beynəlxalq reytinq agentlikləri Ermənistanın bugünkü real iqtisadi və maliyyə durumundan çıxış edirlər.
Ermənistan Maliyyə Nazirliyi bu günlərdə 2020-ci ilin hesabatını açıqlayıb. Hesabatda deyilir ki, ötən il ərzində ölkə iqtisadiyyatı 7,5 faiz azalıb. Eyni zamanda, hesabat dövründə iqtisadi aktivlik göstəricisi 2019-cu illə müqayisədə 10,3 faiz azalıb. Mərkəzi Bankın bütün müdaxilələrinə baxmayaraq, milli valyuta da 10 faizdən çox dəyərdən düşüb.
Bundan əlavə, Ermənistanın ümumi dövlət borcu cari ilin əvvəlində 2019-cu ilin eyni göstəricisinə nisbətən 647,2 milyon dollar artaraq 7 milyard 968,5 milyon dollar təşkil edib. Dram ifadəsində isə milli borc il ərzində 652,3 milyard dram artaraq 2020-ci ilin sonunda 4 trilyon 164,3 milyard dram səviyyəsinə yüksəlib. Bununla paralel 2020-ci ilin sonuna qədər respublika Mərkəzi Bankının borcu 459,9 milyon dollar təşkil edib.
Əhalinin aldığı xarici valyuta qismindəki istiqrazlar da 1 milyard 834,8 milyon dollara çatıb. Bu sahədə gəlir indeksi 80,6 milyon dollar həcmində olub.
“Fitch Ratings” agentliyinin proqnozuna görə, Ermənistanın milli borcu son bir il ərzində ÜDM-in 53,5 faizindən 63,9 faizinə qədər artıb. Bu isə Ermənistan iqtisadiyyatının artıq defolt vəziyyətə düşdüyünü göstərir.
Ermənistanın xarici ticarət dövriyyəsində də ağır vəziyyət yaranıb: ötən il ixrac 5,2 faiz, idxal 15,9 faiz azalıb.
İqtisadi vəziyyətin pisləşməsi dövlət büdcəsinə vergi gəlirlərinin azalmasına gətirib çıxarıb. Bu isə o deməkdir ki, dövlət 2021-ci il vətəndaşların əməkhaqqı və təqaüdlərini ödəmək üçün əlavə kredit yükünün altına girməli olacaq.
Ermənistanda uzun illər ərzində ilk dəfədir ki, büdcə balansı da pozulub. Belə ki, ötən il büdcə kəsiri kapital qoyuluşunu üstələyib. Cari il üçün büdcə kəsirinin 342 milyard dram (dövlət büdcəsinin təxminən 18,5 faizi və yaxud, təxminən 700 milyon dollar), kapital xərclərinin isə 215 milyard dram (400 milyon dollardan çox) olacağı proqnozlaşdırılır.
Burada bir məqamı da xatırlatmaq istərdik. Ermənistanın Dağlıq Qarabağda və işğal altında saxladığı digər torpaqlarımızda zəngin mineral resurslarımızı talamaqla əldə etdiyi qazancdan məhrum olduğunu da nəzərə alsaq, hazırda işğalçı ölkənin mövcud durumu haqqında aydın təsəvvür yaranar.
Ermənistan üçün daha bir ağır maliyyə yükü işğal altında olan torpaqlara onun hökumətinin dəvət etdiyi xarici investorlarla bağlı kompensasiyaların ödənilməsi olacaqdır. Şübhəsiz ki, investisiyalarında daha inamlı olmaq üçün xarici sərmayədarlar Ermənistan hökumətindən etdikləri yatrımlar müqabilində zəmanət alıblar. İndi həmin zəmanətlər müqabilində bu investorlarla hesablaşmaq lazım gələcək. Yəni onlara dəyən zərəri ödəmək vacib bu bir şərt olaraq qarşıya çıxacaq. Əks halda, həmən sərmayədarlar Ermənistanın beynəlxalq məhkəmələrdə mühakimə olunmasına nail olacaqlar.
Yeri gəlmişkən, Azərbaycan həm pandemiyanın, həm də müharibənin yaratdığı çətinliklərə baxmayaraq, vəziyyətdən uğurla çıxıb. Belə ki, turizm sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində artım qeydə alınıb. İxrac gösəriciləri və dünya ölkələri ilə ticarət dövriyyəsi artıb.
Ötən il ərzində Azərbaycan iqtisadiyyatı şoklara qarşı adekvat reaksiyası ilə bütün çağırışlara cavab verib. “Gallup International”ın son sorğularının nəticəsinə əsasən, dünyada iqtisadi nikbinlik indeksinə görə Azərbaycan ilk üçlükdə qərarlaşıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun parlaq qələbəsi bütün sahələrdə olduğu kimi, iqtisadiyyatda da inkişafa müsbət təsir göstərib.
Keçən il “fiskal fəza”dan istifadə etməklə dövlət büdcəsində 2,3 milyard manatlıq maliyyə təminatının yaradılması və Mərkəzi Bank tərəfindən ünvanlı likvidlik dəstəyinin göstərilməsi bütövlükdə pandemiya ilə mübarizədə öz sözünü deyib.
Dünya Bankının proqnozlarına görə, 2021-ci ildə Azərbaycanda Ümumi Daxili Məhsul artımı 1,9 faiz təşkil edəcək, 2022-ci ildə isə iqtisadi artım 4,5 faizə qədər sürətlənəcək.
 

V.BAYRAMOV,
“Xalq qəzeti”

5 Mart 2021 01:20 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə