Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 50                    Bakı şəhəri, 4 mart 2021-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 498 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 498 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2217; 2018, № 4, maddə 814, № 12 (II kitab), maddə 2746; 2019, № 4, maddə 763, № 6, maddə 1141; 2020, № 2, maddələr 196, 216, № 5, maddə 650, № 11, maddə 1407) ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil-alanların yekun attestasiyasının aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

 

1. Aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:

 

“2.2-1. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qüvvədə olduğu müddətdə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı bir mərhələdən ibarət olmaqla, tədris Azərbaycan, rus və gürcü dillərində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - tədris dili, xarici dil və riyaziyyat fənlərindən, tədris ingilis, fransız və digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün – xarici dil və riyaziyyat fənlərindən olmaqla, Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. Buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 25 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim edilir. Buraxılış imtahanında şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. İmtahanın davametmə müddəti 3 saatdır. Buraxılış imtahanını yalnız xarici dil və riyaziyyat fənlərindən verən şagirdlər üçün imtahanın davametmə müddəti 2 saatdır.”.

 

2. 2.6-cı bəndin üçüncü cümləsində “Ümumi” sözü “Bu Qaydaların 2.2-ci və 2.2-1-ci bəndlərinə uyğun olaraq ümumi” sözləri ilə əvəz edilsin və həmin cümləyə “imtahanının” sözündən əvvəl “imtahanında və ya” sözləri əlavə edilsin.

 

3. 2.8-ci bənddə “2.8-ci” sözləri “2.7-ci” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə