Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aqrar sahənin inkişafı prioritet vəzifələrdəndir

Dövlət başçısı İlham Əliyevin birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə birgə Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri zamanı Horadiz–Ağbənd dəmir yolu xəttinin təməlini qoyması, Zəngilanda birinci “ağıllı kənd” layihəsinin icra ediləcəyini bildirməsi, bu rayonun Üçüncü Ağalı kəndində həyata keçiriləcək layihədən danışması işıqlı perspektivlərdən xəbər verir. Fərəhli haldır ki, dövlət başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi və aqrar sahənin inkişaf etdirilməsi üzrə tədbirlər həyata keçirilir.

Cənab İlham Əliyev Laçının Güləbird kəndində qısa müddətdə tikilmiş ilk su elektrik stansiyasının açılış mərasimində bildirib ki, bu günə qədər suvarılmamış qalan 100 min hektar torpaq sahələrinə su veriləcək. Beləliklə, 6-7 rayonun kənd təsərrüfatı sahəsi daha sürətlə inkişaf edəcək, məhsuldarlıq artacaq, fermerlər, kəndlilər daha çox pul qazanacaqlar. Evlər də, təbiət də bərpa olunacaq. Prezidentin sözlərinə görə, vaxt itirmədən payızlıq əkinə başlanılması ilə bağlı da göstəriş verilib. Qısa müddət ərzində bütün imkanlar, texnika, işçi qüvvəsi səfərbər edilib və 7 min hektarda əkin işləri aparılıb. Builki mövsümdə təqribən 20-25 min hektarda əkin aparılacaq.
Dövlətimizin başçısı tərəfindən son illərdə qeyri-neft sektoruna göstərilən yüksək diqqət nəticəsində aqrar bölmə də yeni inkişaf mərhələsinə qədəm qoyub və bu istiqamətdə yeni strateji inkişaf hədəfləri müəyyən edilib. Kənd təsərrüfatına dövlət dəstəyi, aqrar sahədə aparılan islahatlar, elektron kənd təsərrüfatı informasiya sisteminin tətbiqi, aqrar xidmətlərin elektronlaşdırılması ilə bağlı ölkəmizdə mühüm irəliləyişlər baş verib. İndi də azadlığına qovuşmuş Qarabağ ərazilərində aqrar sahə inkişaf etdirilir.
Görülən tədbirlər nəticəsində ötən il Azərbaycanda ümumi kənd təsərrüfatı məhsulları 2 faiz artıb. Bu artım bitkiçilikdə 1 faiz, heyvandarlıqda 2,9 faiz təşkil edib. Quraqlıqla əlaqədar kəskin su çatışmazlığı şəraitində su ehtiyatları daha ədalətli və proporsional bölünüb ki, bunun da nəticəsində pambıq, şəkər çuğunduru, qarğıdalı, tütün, kartof, tərəvəz, üzüm və sair bitkilərin istehsalı əvvəlki ilə nisbətən müəyyən qədər artıb.
Bu il kənd təsərrüfatı üzrə proqramlara vəsait ayrılması davam etdirilir. Həmin məqsədlə büdcədən 460 milyon manatdan çox vəsaitin ayrılması həyata keçiriləcək. Bu vəsait hesabına fermerlərə subsidiyaların verilməsi, o cümlədən ərzaq, əkin sahəsi və sair ödəmələr nəzərdə tutulub. İşğaldan azad olunmuş torpaqlardakı böyük əkin sahələri yüksək işlək hala gətiriləcək. Aqrar Subsidiya Şurası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası”na müvafiq olaraq, bu il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib. Qərara əsasən, baza məbləği 200 manat olmaqla, 2021-ci ildə əkin əmsalları və əkin subsidiyasının məbləği, demək olar ki, 2020-ci ildəki qədər saxlanılıb.
Fermerlərin maarifləndirilməsi mühüm önəm daşıyır. Cari ildə də Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin proqramına uyğun olaraq bu məqsədlə təlimlər davam etdirilir. Artıq proqram çərçivəsində 1289 fermerin iştirakı ilə onları maraqlandıran mövzular üzrə 35 təlim keçirilib. Bununla bərabər, “Aqroskop” jurnalı aqrar sahədə fəaliyyət göstərən sahibkarların iş keyfiyyətini artırmaq, fərdi bizneslərini genişləndirmək məqsədilə onları müasir innovativ texnologiyalardan xəbərdar edir. Burada müvafiq dünya trendləri və gələcəyə hədəflənən yeniliklər də əksini tapır. Jurnalın son buraxılışında digər mövzularla yanaşı, Qarabağ düzənliyi şəraitində buğda sortlarının səpini ilə bağlı maraqlı material verilib.
Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Gulfood 2021” beynəlxalq qida sərgisində respublikamız da təmsil olunmuşdur. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AzPROMO) bildirilib ki, sərgidə qida sahəsində fəaliyyət göstərən şirkətlərimiz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirəcək. Bu, ölkəmizin ənənəvi sərgidə 5-ci iştirakı olacaq. Əvvəlki sərgilərdə Azərbaycana aid pavillionda şirkətlərimiz meyvə şirələri, təbii mineral sular, fındıq, qənnadı məmulatları, çay, quru meyvə və s. məhsullarını sərgi ziyarətçilərinə təqdim ediblər. Çeşidlər də, ixrac müqavilələrinin sayı da ilbəil artır.
Azərbaycan həm də pambıqçılıq ölkəsi kimi tanınır. Aqrar sektorun bütün sahələri kimi, pambıqçılıq da ölkəmizdə yeni inkişaf mərhələsinə qədəm qoyub. “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlər öz bəhrəsini verib. Elə ötən ay Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında pambıqçılığın inkişafı ilə bağlı 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələr” mövzusunda keçirilmiş onlayn müşavirədə qeyd olunub ki, çətin dövr olmasına baxmayaraq, həyata keçirilən tədbirlər nəticəsində 2020-ci ildə əvvəlki illə müqayisədə 41 min ton çox pambıq istehsal edilərək 336 min tona çatdırılıb. Məhsuldarlıq isə 14 faiz artaraq 33,6 s/ha təşkil edib. Cari ildə pambıq istehsalına hazırlıq, qarşıdakı hədəflər müəyyənləşdirilib. Tədbirdə 2021-ci ilin pambıq əkinləri üçün bağlanmış müqavilələr, aparılmış şumun vəziyyəti, texnika, gübrə, toxum, dərman və su təminatı, subsidiyaların verilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib.
Proqnozlara əsasən, işğaldan azad olunmuş rayonlarımızda mövcud aqrar poten-sialdan və müasir texnologiyadan səmərəli istifadə edilməklə ölkəmizdə əkin strukturu xeyli genişlənəcək və ərzaq təhlükəsizliyi üçün daha böyük imkanlar yaranacaq. Kəlbəcər, Laçın və Qubadlıda heyvandarlıq sektorunun, Cəbrayılda arpa, buğda və dənli, dənli-paxlalı bitkilərin, Zəngilanda tütün və üzüm istehsalının xeyli artacağı, digər rayonlarda da ayrı-ayrı məhsullar üzrə bolluq yaradılacağı proqnozlaşdırılır. Tədricən emal, aqro-sənaye potensialı da yüksələcək, on minlərlə yeni iş yeri yaradılacaq.
Qarşıdan gələn Novruz bayramı ərəfəsində yeni müjdə ondan ibarətdir ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Bakı və Abşeron ərazisində fərqli nöqtələrdə “Kənddən şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq. Belə yarmarkaların mütəmadi təşkili gözləniləndir. Yarmarkalarda birbaşa fermerlər tərəfindən təbii kənd və qida məhsullarının münasib qiymətlərlə satışı həyata keçiriləcək.
Prezident İlham Əliyev çıxışlarında ölkənin ərzaq təhlükəsizliyinin əsas vəzifə olduğunu dönə-dönə vurğulamış, kənd təsərrüfatının şaxələndirilmiş şəkildə inkişafına daha böyük diqqət yetirilməsinin vacibliyini qarşıya qoymuşdur. Əhalinin qida tələbatının daha dolğun ödənilməsi, ekoloji təmiz məhsulların istehsalı və ixracının artırılması, kənd əhalisinin məşğulluq səviyyəsinin, habelə maddi rifahının yüksəldilməsinə əlverişli şərait yaradılmasını mühüm vəzifə kimi önə çəkmişdir. “Bizim planlarımız böyükdür. Müharibə başa çatıb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin”.
Dövlət başçısının tapşırıqlarını torpaq adamları özləri üçün əməli fəaliyyət proqramı hesab edirlər. Bu isə Azərbaycanda aqrar sahənin ənənələrinin inkişafına, daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına müsbət təsir göstərir.
 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri

4 Mart 2021 02:08 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə