Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Kitabxana pandemiya dönəmində necə oldu ki, oxucularını itirmədi?

Bütün dünyanı COVID-19 virusunun sürətlə və istisnasız cənginə alması, Ümumdünya Səhiyyə Təşkilatının bəşəriyyəti qeyri-adi fəlakətlərə sürükləyən, coğrafi, bioloji, mənəvi sərhəd tanımayan koronavirus epidemiyasını pandemiya adlandırılması ilə bir ildən artıqdır ki, insanlığa qarşı gizli dünya müharibəsi davam edir. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılan operativ qərargahın ötən müddətdə gerçəkləşdirdiyi qabaqlayıcı tədbirlər, preventiv addımlar xalqımızı bu bəşəri bəladan maksimum qoruyur.

Ölkəmizdə ilk günlərdən hazırlanan operativ sosial paketlərin ləngidilmədən icra edilməsi ictimai-sosial həyatın axarını dəyişdi, ənənəvi yaşayış tərzinə, təhsil sisteminə, mədəniyyət ocaqlarına, xidmət sahələrinə ciddi təsir göstərdi, fərqli fəaliyyət istiqamətləri müəyyən etdi və formalaşdırdı. Distant təhsil, distant və ya onlayn xidmət anlayışları sürətlə məişətimizə, aktiv lüğət fondumuza daxil oldu.
Kəşməkəşli, müşkül sosial durumda özünün çevik fəaliyyəti, yeni yanaşma tərzi, müvafiq metodikası ilə öğlkəmizdə fərqlənən rəğbət doğuran öncül mədəniyyət ocaqlarından biri də böyük mütəfəkkir, Azərbaycan ədəbi tənqidinin banisi, maarifçi Mirzə Fətəli Axundzadənin adını daşıyan Milli Kitabxanadır.
Bu kitabxana ilə mənim ilk tanışlığımın 50 ili -- yarım əsri tamam olur. 1971-ci ildə orta məktəbi bitirib ali təhsil almaq üçün Bakıya gəlmişdim. Sənədlərimi o dövrün yeganə universitetinə təqdim etdikdən sonra payi-piyada gəlib respublikanın baş kitabxanasını tapmışdım. “Müvəqqəti oxucu bileti”m zəngin elm xəzinəsinə daxil olmaq, yetərincə elmi mənbə və məxəzlərdən barınmaq üçün həyatda aldığım ilk vəsiqə idi. Həssas, qayğıkeş, mehriban kitabxana kollektivi ilə görüşməyə, təmaslar qurmağa, xidmətlərindən faydalanmağa həmişə mənəvi ehtiyac duymuşam. Ali təhsil almağımda, elmi-tədqiqat işlərimin uğurla nəticələnməsində, elmi dərəcələrə və elmi adlara layiq görülməyimdə Milli Kitabxanamızın rolu çox yüksəkdir və hər zaman bu möhtəşəm elm və mədəniyyət məbədinə borclu olduğumu hiss edirəm.
Mirzə Fətəli Axundzadə adına Milli Kitabxanaya uzun illərdir ki, Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov rəhbərlik edir. Onun təşkilatçılıq bacarığı, kitabxana işinin təşkili və yenidən qurulması sahəsində xidmətləri diqqətəlayiqdir. Professor K.Tahirovun rəhbərlik etdiyi dövrdə Milli Kitabxananın siması büs-bütün dəyişmişdir. Kitabxananın mükəmməl və etibarlı mühafizə olunan saytı yaradılmış, hazırlanmış materiallar bu saytda yerləşdirilmiş, internet zalı açılmış, zəngin elektron kitabxana yaradılaraq oxucuların istifadəsinə verilmiş, elektron kataloq tərtib olunmuş, kitab fondu komplektləşdirilmiş, milli biblioqrafiya və s. istiqamətlərdə uğurlu addımlar atılmışdır.
Uzaqgörənliklə həyata keçirilən önləyici tədbirlər, informasiya texnologiyalarından səmərəli istifadə pandemiya dövründə sosial məsafəni virtual məsafə ilə əvəzlədi. Milli Kitabxananın oxu zalları oxucu üzünə həsrət qalsa da, kitabxana – oxucu əlaqələri kəsilmədi, distant kitabxana xidməti, əməkdaşların öz işlərinə kreativ yaradıcı münasibətləri, çətinliklərə fərasət və zirəkliliklə sinə gərmələri pandemiya dövründə xüsusi əhəmiyyətli kəsb edir.
Nəzərə alınmalıdır ki, xüsusi risk qrupuna daxil edilən, yaşı 65-dən yuxarı olan oxucular mövcud reallıqlarla, məhdudiyyətlərlə barışaraq aylarla yaşayış məkanlarını tərk etməsələr də, onlayn sistemi vasitəsilə sıx əlaqə saxladıqları, tez-tez üz tutduqları zəruri ünvanlardan biri də Milli Kitabxana olmuşdur. Şəxsi təcrübəmə əsaslanaraq vurğulamaq istəyirəm ki, respublikamızda pandemiya dönəmində M.F.Axundzadə adına Milli Kitabxana bütün resurslarını, mütəxəssis ehtiyatlarının imkanlarını, gücünü, fəaliyyət istiqamətini oxucuların sifariş verdiyi ədəbiyyatın, mətbu materialın operativ, keyfiyyətli elektron versiyalarının hazırlanmasına və ünvanlara çatdırılmasına sərf etmişdir.
Güman etmək olar ki, pandemiya dövründə Milli Kitabxanada mühafizə edilən nadir kitabların, arxiv materiallarının, nadirəyə çevrilmiş qəzet və jurnal nüsxələrinin elektronlaşdırılması prosesi sürətlə getmişdir. Bu sahədə zəngin elektron versiyalardan ibarət xəzinə yaradılmışdır. Xalqımızın milli-mənəvi maraqlarına xidmət edən belə yanaşma tərzi misilsiz əhəmiyyətə malikdir. Müstəsna dəyər kəsb edən arxiv sənədlərinin, mətbu əsərlərin elektronlaşdırılması nə qədər ağır, əzablı bir proses olsa da, ilk növbədə orijinal, unikal materialların mühafizəsinin uzunömürlülüyünü təmin etməklə yanaşı oxucular üçün komfort kitabxana xidməti paketidir. Oxucu ən başlıcası – qiymətli vaxtına qənaət etməklə yanaşı, çalışdığı elm sahəsinə uyğun olaraq elektron poçt vasitəsilə aldığı materiallardan özünün mini arxivini yaradır. Eyni sənədlər, ədəbiyyat nümunələri üçün nə vaxtsa təkrar kitabxanaya müraciət etməyə ehtiyac qalmır.
Pandemiya dönəmində mən də həmkarlarım kimi dəfələrlə müxtəlif mətbu nəşrlərin sifarişlərlə əlaqədar olaraq Milli Kitabxanaya müraciət etmişəm. Kitabxananın informasiya xidməti və beynəlxalq əlaqələr üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Ədibə İsmayılova, eləcə də bu sahə ilə birbaşa məşğul olan əməkdaşları oxucunun elektron poçtuna məlumat göndərərək sifarişin nə vaxt hazır olacağını öncədən bildirməklə diqqət və həssaslıq nümayiş etdirirlər.
Əminliklə vurğulamaq olar ki, Mirzə Fətəli Axundzadə adına Milli Kitabxana çətin, kəşməkəşli pandemiya dönəmində heç bir aldadıcı parıltı, simulyasiya yaratmadan özünün permanent inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu mürəkkəb və şərəfli yolda ömrünü xalqımızın maariflənməsi işinə həsr edən milli kitabxanaçılarımıza davamlı uğurlar, xoşbəxtlik və möhkəm cansağlığı arzulayıram.
 

Asif RÜSTƏMLİ,
filologiya elmləri doktoru, professor

4 Mart 2021 02:37 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə