Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalqımıza başucalığı gətirən soydaşımız

Rusiyanın Ryazan şəhərindəki Semaşko adına xəstəxananın binasında görkəmli soydaşımız, cərrah-həkim, professor Abas Talışinskinin xatirə lövhəsinin açılış mərasimi keçirilmişdir.
Həyatını elmə, təhsilə, mədəniyyətə həsr edən insanların ad-san qazanması həmişə olub və indi də var. Savadlı, qabiliyyətli, təşəbbüskar və zəhmətsevər hər kəs bu zirvəni fəth edə bilir. Ancaq bu proses Vətəndə müəyyən mənada rahat başa gəlsə də, qürbətdə o qədər də asan olmur.

İndi haqqında söz açacağımız alim soydaşımız da kitablara sığmayacaq qədər ad-sanı, şan-şöhrəti məhz ölkəmizdən kənarda qazanmışdır. Daha doğrusu, o, müstəsna xidmətləri ilə xalqımıza da böyük nüfuz və başucalığı qazandırmışdır.
Rusiyanın Ryazan vilayətindəki Semaşko adına klinik xəstəxananın binasına təntənəli şəraitdə əslən azərbaycanlı olan görkəmli həkim, otorinolarinqoloq alim, cərrah və pedaqoq, professor Abas Mehdi oğlu Talışinskinin xatirə lövhəsinin açılışı olmuşdur.
Abas Talışinski burun-boğaz-qulaq xəstəliklərinin müalicəsində böyük uğurlara imza atmışdır. O, Sovet İttifaqında ilk dəfə olaraq LOR xəstəliklərinin ambulator-cərrahi müalicəsində ümumi keyləşdirmə üsulundan istifadə etmişdir. A.Talışinski burun-boğaz-qulaq xəstəliklərinin müalicəsi üçün bir sıra yeni cərrahi alətlər və həmçinin LOR əməliyyatlarının bütün spektrini əhatə edən xəstəlik tarixi sxemini işləyib hazırlamışdır ki, bunlar da yetişməkdə olan həkimlər üçün qiymətli tədris vəsaitinə çevilmişdir.
Professor A.Talışinski Ryazan vilayətində ilk dəfə olaraq LOR profilli klinika yaratmışdır ki, burada da həmin xəstəliklərin bütün istiqamətləri, o cümlədən onkologiya üzrə müalicə aparılır. Universitet bazası rolunu oynayan Semaşko adına xəstəxananın LOR xəstəlikləri kafedrası həmin istiqamətdə elmi müalicə və tədris üsullarının müəyyənləşdirilməsində mühüm işlər görür.
Abas Talışinski həmkarları, tələbələri və pasiyentləri arasında çox böyük hörmətə və nüfuza malik olmuş, bütün Rusiyada və onun hüdudlarından kənarda fəaliyyət göstərən mütəxəssislər yetişdirmişdir.
Professor A.Talışinskinin elmi-pedaqoji və praktik fəaliyyəti Rusiya Federasiyası dövləti tərəfindən yüksək qiymətləndirilmiş, o bir sıra mükafatlarla, o cümlədən “Vətən qarşısında xidmətlərinə görə” ordeni ilə təltif olunmuşdur.
Xatirə lövhəsinin açılış mərasimində Ryazan vilayəti hökuməti sədrinin müavini Roman Petriyayev, regionun səhiyyə naziri Andrey Prilutski, vilayət bələdiyyəsi səhiyyə qurumunun rəhbəri Yuliya Rokotyanskaya, Ryazan şəhər merinin müavini Nadejda Ştevnina, Ryazan Dövlət Universitetinin rektoru Roman Kalinin, LOR xəstəlikləri kafedrasının və klinikanın əməkdaşları iştirak etmişlər.
Roman Petriyayev mərasimdə çıxış edərək demişdir:
–Parlaq ömür sahibi, müharibə veteranı və sözün həqiqi mənasımda, böyük insan və qayğıkeş həkim olan professor Abas Talışinski Ryazan torpağı və təbabət elminin inkişafı üçün mümkün olan hər şeyi etmişdir. O, 81 il ömür sürmüş və son nəfəsinədək işindən ayrılmamışdır. Sevinirik ki, onun əməlləri və davamçıları təbabətimizi xeyli irəli aparmışlar.
Roman Kalinin, Andrey Prilutski və başqaları çıxışlarında professor Abas Talışinskinin alim, pedaqoq, həkim və bir insan kimi xidmətlərindən danışmış və onun haqqında xatirələrini dilə gətirmişlər.
Mərasim iştirakçıları xatirə lövhəsinin önünə gül-çiçək dəstələri düzmüşlər.


Qüdrət PİRİYEV, “Xalq qəzeti”

4 Mart 2021 03:00 - SİYASƏT
SİYASƏT
17 Aprel 2021 | 08:30
Daldan atılmış daş...

Köhnə versiyamızdan xəbərləri izlə