Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın “İqtisadi azadlıq indeksi”nə görə mövqeyi getdikcə yaxşılaşır

Azərbaycanın sosial–iqtisadi sahələrdə əldə etdiyi uğurlar, eləcə də ölkədə həyata keçirilən iqtisadi islahatlar, rəqabətədavamlı, innovativ iqtisadi sistemin formalaşdırılması istiqamətində atılan ardıcıl addımlar dünyanın aparıcı iqtisadi–maliyyə institutlarının, iqtisadi azadlıq səviyyəsini tədqiq edən mərkəzlərin diqqətindən kənarda qalmır və yüksək qiymətləndirilir.

 

Beynəlxalq reytinq agentliklərinin proqnozları da bir daha təsdiqləyir ki, Azərbaycan artıq iqtisadi cəhətdən azad ölkədir. Respublikada əlverişli biznes, investisiya mühiti mövcuddur. Eyni zamanda, hökumət vergi gəlirlərində və kapital xərclərində, habelə milli valyutanın məzənnəsi ilə bağlı təsirli nizamlayıcı addımlar atmaqla mövcud valyuta ehtiyatlarının azalmasının qarşısını alır. Bu isə liberal iqtisadi islahatların, düşünülən, elmi əsaslara malik inkişaf konsepsiyasının həyata keçirilməsi, siyasi iradə nəticəsində mümkün olur və bütün bunlar dövlətimizin dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatmaq əzmindən, Azərbaycanın uğurlu gələcəyindən xəbər verir.
Azərbaycan 2020-ci il üzrə “İqtisadi azadlıq indeksi”ndə göstəricilərini yaxşılaşdıran beş Avropa ölkəsi arasında birinci yeri tutub. Bu barədə “Heritage Foundation” beynəlxalq siyasət mərkəzi məlumat yayıb. Mərkəzin informasiyasına əsasən, 2020-ci ildə Azərbaycanın mövqeləri biznes və investisiya azadlığı, həmçinin maliyyə rifahı sahəsində 16 pillə yüksəlib.
Azərbaycan iqtisadi azadlıq qiymətləndirməsinə görə, 69,3 indekslə 180 ölkə arasında 44-cü yerdə qərarlaşıb. Biznes azadlığı və investisiya azadlığı, habelə maliyyə rifahı göstəricisində isə respublikamızın indeksi 3,9 xal yüksəlib. Ölkəmiz bu göstəricidə 45 Avropa ölkəsi arasında 24-cü yerdə olub.
Xatırladaq ki, Azərbaycanın bu uğuru biznes, investisiya azadlığı və fiskal sağlamlıq göstəricilərini getdikcə yaxşılaşdırmasının, həmçinin həmin istiqamətlərdə ardıcıl islahatlar gerçəkləşdirməsinin məntiqi nəticəsidir.
Yuxarıdakı fikirlə bağlı əvvəlcə onu qeyd edək, hazırda ölkəmizdə yaradılan biznes mühiti, siyasi və makroiqtisadi sabitlik Azərbaycanın regiondakı xüsusi rolunu fərqləndirir. Bu baxımdan respublikamızın hər bir vətəndaşının, sahibkarlığa meylli olan hər bir şəxsin öz potensialını reallaşdırması üçün əlverişli şərait yaradılır. İndi iş yeri yaratmağa çalışan hər bir vətəndaşa dövlət tərəfindən bir sıra tədbirlər vasitəsilə müvafiq qanunvericiliyin tətbiqi yolu ilə dəstək verilir.
İqtisadiyyatın, o cümlədən özəl sektorun inkişafı istiqamətində həyata keçirilən sistemli islahatların, eyni zamanda, sahibkarların güzəştli kreditlərlə təmin olunmasının nəticəsidir ki, hazırda Azərbaycan kiçik və orta biznesin maliyyələşdirilməsi üzrə dünyada 24-cü yerdədir.
Azərbaycanın “İqtisadi azadlıq indeksi”nə görə, mövqeyinin möhkəmlənməsində bizneslə yanaşı, investisiya azadlığının getdikcə genişləndirilməsi, bu istiqamətdə ardıcıl islahatlar gerçəkləşdirilməsi də mühüm rol oynayıb.
Yeri gəlmişkən, müstəqillik illərindən bugünədək Azərbaycan iqtisadiyyata qoyulan investisiyanın yarısı xarici sərmayələrdir. Bu, əlbəttə ki, əcnəbi investorların Azərbaycana olan inamının, başqa sözlə, respublikamızda investisiya səmərəliliyinin parlaq göstəricisidir.
Xatırladaq ki, son illərdə investisiya mühitinin daha da yaxşılaşdırılması üçün vergi və gömrük islahatları davam etdirilib, onlayn vahid ixrac ərizəsi, “Yaşıl dəhliz”, elektron məhkəmə, elektron satınalma, tikintidə “bir pəncərə”, biznesə başlama, elektrik enerjisinə çıxış, kreditlərə əlçatanlıq, müqavilələrin icrası və əmlakın qeydiyyatı sahələrində mühüm tədbirlər həyata keçirilib. Bütün bu sistemli yeniliklər isə ölkəmizin Dünya Bankının “Doing Business 2020” reytinqində ilk iyirmiliyə daxil olub. Dünya Bankı ekspertlərinin fikrincə, respublikamızın belə bir müsbət nəticə əldə etməsi Azərbaycanda 4 sahədə (daşınmaz əmlakın qeydiyyatı, kreditlərin alınması, minoritar investorların müdafiəsi, müqavilə intizamı) bizneslə məşğul olmağın daha da asanlaşması ilə bağlı olub.
Azərbaycana investisiya qoyuluşuna marağın getdikcə artmasında, həm də ölkəmizin siyasi cəhətdən sabit olması, milli, dini və irqi tolerantlığı baxımından seçilməsi önəmli rol oynayıb. Bununla bərabər, respublika hökuməti tərəfindən reallaşdırılan iqtisadi siyasət, aparılan islahatlar nəticəsində ölkədə güclü iqtisadi potensial yaradılıb. Bir sözlə, əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzi olması, insan kapitalının inkişafı da respublikamızın investisiya qoyuluşu baxımından cəlbediciliyini artırıb. Eyni zamanda, Azərbaycan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirib. Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayıb.
“Standard & Poor's” (“S&P”) reytinq agentliyi isə Azərbaycanın qeyri-dövlət borcu üzrə proqnozunu açıqlayıb. Belə ki, adı çəkilən agentlik ölkəmizin qeyri-dövlət borcunun bu ilin sonuna 9,5 milyard ABŞ dolları təşkil edəcəyəni proqnozlaşdırıb.
“S&P”nin yaydığı məlumata görə, 2020-ci ilin yekunlarına əsasən, bu göstərici 9 milyard dollara bərabər olub. Cari ildə isə ölkəmizin qeyri-dövlət borcunun 5,6 faiz artacağı proqnozlaşdırılıb.
Sözügedən reytinq agentliyinin məlumatına əsasən, 2020-ci ildə Azərbaycanın qeyri-dövlət borcu ölkənin ümumi borcunun 63,2 faizini təşkil edib. Dövlət borcunun 97,7 faiz uzunmüddətli sabit, 2,3 faizi isə qısamüddətli borclar olub.
Ölkəmizin ümumi borcunun 57,9 faizi xarici valyutadadır. Bundan əlavə, ümumi borcun 36,9 faizi beynəlxalq maliyyə qurumlarına olan borcların payına düşür.
Agentliyin araşdırmasına görə, inkişafda olan ölkələr arasında 2020-ci ilin sonuna ən yüksək qeyri-dövlət borcu Misirdə (292,1 milyard dollar və ya ümumi borcun 85,6 faizi) olub. Misirin bu göstəricisinin 2021-ci ildə 314 milyard dollara çatacağı proqnozlaşdırılıb. Sözügedən göstəriciyə görə, ikinci olan Rusiyanın isə 2020-ci ilin sonuna 228,5 milyard dollar (ümumi borcun 99,6 faizi) həcmində qeyri-dövlət borcu yığılıb. “S&P”nin proqnozlarına əsasən, bu göstəricinin 2021-ci ilin sonuna 270,4 milyard dollara qədər artacağı proqnozlaşdırılıb.
Qeyd edək ki, “S&P”nin təxminləri hökumətlər adından dərc olunan borclar üzrə göstəricilərə əsaslanır. Yerli və sosial təminat borcları, digər dövlət qurumları tərəfindən verilən borclar, habelə hökumət tərəfindən zəmanət verilən öhdəliklər isə bura daxil deyil.
Qeyri-dövlət borcu alətləri baxımından agentlik bura müddəti bir ildən çox olan və ya ümumi bazarlarda çıxarılan və ya xüsusi yerləşdirmə şəklində satılan istiqrazları və kommersiya banklarının alınan borclarını daxil edir. Pul siyasəti çərçivəsində mərkəzi banklar tərəfindən verilə biləcək dövlət borcları bura daxil olunmur.


V.BAYRAMOV,

“Xalq qəzeti”

4 Mart 2021 03:33 - SİYASƏT
SİYASƏT
17 Aprel 2021 | 08:30
Daldan atılmış daş...

Köhnə versiyamızdan xəbərləri izlə